Ənnağı Hacıbəyli
17 noyabr düşüncələri
İyirmi birinci əsr öz axarı ilə gedir. Bəzən o, çirkab cularını axıtmaq qabiliyyəti olmayanların kobud əlləri ilə təbii yönümünü dəyişdirməyə məcbur olsa da, zamanın təbii axarını dəyişmək mümkünsüz. Fironluq iddiasına düşənlərə isə çoxdandı ki, birtəhər baxırlar.
Dünya düzəninə müdaxilələr əksər hallarda faciələrlə sonuclanır.
Dünyanı və ölkələri yönətənlər fərdi problemləri ucbatından sərsəm xəyallarla yaşayanların, əski təfəkkürlü adamcığazların əsirinə çevriliblər.
Əlacsız suallar başları gicəlləndirir: dünya hara gedir?
Əslində dünya hara getdiyini çox gözəl bilir. Qanmayan adamlardı – insanlığın açarını itirmiş, sərvət, hakimiyyət hərisi olan adamlar.
Total yaltaqlıq, ən yaxşı halda total biganəlik yaradanlar ona nail olublar ki, yetişdirdiyi insanlar cılız hisslərin əlində əsir-yesir qalıblar.
Cəmiyyət cılızlaşır və miskinləşir. Dəyərlər dəyərsizliklərlə əvəzlənir.
Əqidə yolunda can qoyanların, ləyaqətli adamların şərlənməsinə, təklənməsinə, əzilməsinə biganəlik göstəririk, bunu sadəcə seyr edirik. Öz müsibətimizə biganəlik kiminsə müsibətinə ağladır, qan tökdürür.
Nahaqdan tutulanların “azadlığa” buraxılmasına sevinirik. Təbii, sevinməliyik, amma hardan hara gəldiyimizi düşünməklə.
Azadlığı dırnaqda yazmaya bilmirəm. Cəmiyyətin içindəki azadlıq çölündəki azadlıqdan fərqlənmir. Adamların içindəki və çölündıki azadlıq kimi. Ancaq fərdləri istisna eləmək olar. Bütövlükdə isə durum dəhşətlidi.
Bizi azadlığa kimlər buraxır? Onların öz içində azadlıq varmı? İçində, başında azadlıq havası olan adamlar kimisə nahaqdan azadlıqdan məhrum edə bilərmi?
Maksikulturalizm ilinin multikulturalistləri…
Bizim buraxıldığımız mühit, cəmiyyət nə dərəcədə azaddı?
Bizim içimizdəki azadlıqla çölümüzdəki azadlıq arasındakı disbalans nəylə ölçülür? Onun fəsadları nə vaxtadək infarktlara, insultlara, meraclara və ya fərariliklərə səbəb olacaq? Hara qaçırıq? Axı qaçanların əksəriyyəti özündən qaça bilmir və həmin disbalansın qürbət qurbanlarına çevrilir! Hamının bir can borcu var. Fərqi varmı ki, o borcu harda verirsən?
“Ölməyə Vətən yaxşı”.
Yox, Vətən təkcə ölmək üçün deyil, həm də və daha çox yaşamaq üçündü. Qürbət – Vətəndə yaşamaq haqqından məhrum edilənlərin seçimidi. Vətəndə allahsız seçim qarşısında qoyulanların.
Maksikulturalizm ilinin multikulturalistlərinin qurbanlarının…
Yüz il qabaq “İnsanlara hürriyyət, millətlərə istiqlal!” deyən Məmməd Əmin kişinin adını və işiqlı ideyalarını millətin xatirəsindən silməyə çalışmaq kimi sərsəm fikirciklərlə yaşayanlar vətəndaşlarını Vətəndən didərgin salırlar. Onları azadlıq çatışmazlığı sindromuna düçar etməklə.
İki yüz il qabaq Hüqo deyirdi ki, “Sürgün – kralların mərhəmətidir”. Qürbəti dolduranlar, vətəndaşını mıxa bağlayanlar – insanların hərəkət azadlığını əlindən alanlar, onları fəaliyyətsizliyə məhkum edənlər də görünür özlərini mərhəmət sahibi sayırlar. Axı onlar bizi qazamata sala bilər, öldürə bilərlər…
“Buna da şükür” deyəkmi? Bu bədnam şükürçülük bizi hara apara bilər? Azadlığamı, köləliyəmi? Şükürçülükdə karyera yüksəlişi, sərvət də axtarmaq olar. Amma o da bir özəl köləlikdi. Baxır adamın içindəkilərə. Sən içində azadlıq havası yarada bilməmisənsə, seçiminə şükür.
Bütün bunlar təkcə 17 noyabr düşüncələridimi? Yox, bu hər günümüzün, hər saatımızın düşüncələridi. Bu, bizim həyatımızdı, yaşayışımızdı, ömrümüzü yeyən, uzadan dərd-sərimizdi.
Düşünürük, deməli yaşayırıq…