Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda ölkədə onsuz da ağır olan sosial-iqtisadi böhranın hər gün daha da dərinləşməsi, ölkə üzrə manatla müəyyənləşən əməkhaqlarının, pensiyaların və müavinətlərin hər gün dəyər itirməsi və əhalinin ağırlaşan maddi durumu qarşılığında ərzaq və digər gündəlik tələbat mallarının qiymətlərinin hər gün qalxması dərin narahatlıqla qeyd edilmişdir. Toplantı iştirakçıları bildirmişlər ki, manatın davamlı şəkildə dəyərsizləşməsi şəraitində Azərbaycan hökumətinin fəaliyyətsizliyi, ölkəni üzləşdiyi çətin iqtisadi durumdan çıxartmaq istiqamətində heç bir gerçək əməli nəticənin ortada olmaması hökumətin səriştəsizliyinin, özünün yaratdığı sosial-iqtisadi kataklizmlər qarşısında bacarıqsızlığının əyani sübutudur. Koordinasiya Mərkəzinin üzvləri vicdan məhbusları Seymur Həzi, Faiq Əmirli və Elvin Abdullayevin sağlıq durumunun ağırlaşmasına baxmayaraq saxlandıqları cəzaçəkmə müəsssisərində onlara zəruri tibbi yardımın göstərilməməsini hakimiyyətin AXCP üzvlərinə qarşı repressiv diskriminasiya siyasətinin davamı olduğunu qeyd etmiş və Ədliyyə Nazirliyi strukturlarından bu ayrıseçkiliyə son qoymağı tələb etmişlər. Demək olar ki, ölkənin bütün informasiya məkanını inhisara alandan, azad medianı məhv edəndən sonra hakimiyyətin sosial şəbəkələri tam nəzarətə götürmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklər söz azadlığının boğulması cəhdi kimi toplantı iştirakçıları tərəfindən qətiyyətlə pislənilmiş, bu repressiv addımların ölkənin beynəlxaql nüfuzuna böyük zərbə vurduğu göstərilmişdir. Toplantıda Azərbaycan Beynəlxalq Bankında hakimiyyətin ayrı-ayrı oliqarxiya qrupları tərəfindən mənimsənilən on milyard dollar həcmində vəsaitin ABB-nin sağlamlaşdırılması adı ilə Azərbaycan dövlət büdcəsinə və Azərbaycan vətəndaşlarına yüklənməsi dünyada misli olmayan talançılıq hadisəsi kimi dəyərləndirilmiş və KM bu badərə ayrıca bəyanatla çıxış etməyi qərarlaşdırmışdır. Milli Şuranın Koordinasiya Mərkəzi 17 noyabr Mərkəzi Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş, xalqımıza gerçək milli-mənəvi, siyasi və iqtisadi dirçəlişə nail olmağı arzulamışdır.