Dostlar, hakimiyyət trollarının və YAP funksionerlərinin səhifələrimizə kütləvi hücumuna görə narahat olmaq yox, sevinmək lazımdır.
Birincisi, YAP-ın respublika müşavirəsi keçirib bütün təşkilatlara, rayonlara, nazirliklərə bununla bağlı konkret tapşırıqlar verməsi haqqında operativ xəbəri elə anındaca sizinlə bölüşmüşdüm. Prosesin məcburi olması, insanların buna görə təhdid edilməsi, imtina edənlərin müxalifətçi elan edilərək işdən qovulacağı ilə hədələnməsi ilə bağlı məlumatları hər gün alıram. Bəziləri anonim yazır, bəziləri isə mənə güvənərək adlarını,təşkilatlarını da qeyd edirlər.
Əlbəttə, o insanları qorumaq mənim üçün bir şərəf məsələsidir, ona görə də adları və ünvanları heç vaxt paylaşmıram. Bu, artıq özü çox gözəl bir nəticədir. İnsanların nisbi azadlığının olduğu yeganə məkan- sosial şəbəkələrdə hakimiyyət müxalif fikrə böyük fərqlə uduzur və YAP-ın məcburiyyət tədbirlərinə əl atmaqdan başqa çarəsi qalmır.
2. Bununla hakimiyyət ictimai fikrin önəmini gec də olsa etiraf etmiş olur. Nəhayət ki, hamıdan gec də olsa anladılar ki, Bandotdeldən ölkə idarə etmək mümkün deyil. Bu hadisəni, yəni, hakimiyyəti zorakılıq və güc müstəvisindən sivil mübarizə, polemika müstəvisinə çəkə bildiyimizi də konseptual baxımdan uğur hesab etmək olar. Hərçənd, hakimiyyətin muzdlu trollarını heç bir halda sivil mübarizənin subyekti kimi qəbul edə bilmərik.
3. Yap trollarının kütləvi hücum etdiyi səhifələrə nəzər salmaqla da bir çox maraqlı nəticələrə gələ bilərik.
Bunlar yalnız prinsipial müxalifət mövqeyində olan KİV-lərin və ictimai-siyasi xadimlərin səhifələridir. Məsələn, mənim müşahidələrimə görə hakimiyyət trollarının və YAP funksionerlərinin gecə-gündüz keşik çəkdiyi əsas səhifələr “Meydan” TV-nin, “Azadlıq” qəzetinin, Əli Kərimlinin və mənim səhifələrimdir. Cəmil müəllimin səhifəsinin belə “diqqətdən” kənarda qalması, heç şübhəsiz ki, onun son dövrlər elmi işlərilə əlaqədar fb səhifəsində az paylaşım etməsilə bağlıdır. Göründüyü kimi, hakimiyyətin əsas hədəfi həqiqəti paylaşan media orqanlarının səhifələri və Milli Şuranın rəhbərlərinə aid iri səhifələrdir. Hakimiyyət öz gerçək rəqiblərinin kim olduğu mesajını açıq çəkildə cəmiyyətə ötürməklə əslində çox faydalı bir iş görür.
Burada haşiyəyə çıxaraq bir məqamı da vurğulamaq istəyirəm: vaxtaşırı olaraq Əli Kərimlinin, mənim, Milli Şuranın digər üzvlərinin özlərini müxalifət adlandıran bəzi qüvvələrin hədəfinə gəlməsi də eyni böyük oyunun tərkib hissəsidir. Sifarişlər bütün hallarda Prezident Administrasiyasından verilir, icraçılar isə bir halda psevdomüxalifət, başqa halda isə YAP funksionerlərinin simasında hakimiyyət özü olur.
4. Bəs nədən hakimiyyət açıq mübarizəyə keçdi? Çünki, bütün resursları tükəndi və effektivliyini itirdi. Hakimiyyətin bizə qarşı mübarizədə güvəndiyi, nə vaxtsa ictimai fikrə müəyyən təsir imkanlarına malik dörd başlıca resursu var idi: “Yeni Müsavat” qəzeti. “Haqqın.az” saytı. ANS telekanalı. Psevdomüxalifət.
İlk iki media orqanı dəfələrlə ifşa olunduqdan sonra ictimai rəyə öz əvvəlki təsirini tamamilə itirib. Siyasi proseslərin episentrində olan və gündəmin nəbzini əldən buraxmamağa çalışan bəndəniz şəxsən bu iki media orqanını sonuncu dəfə hətta maraq üçün də nə vaxt oxuduğunu xatırlamır.
ANS-ə gəlincə, bütün nöqsanlarına baxmayaraq ictimai fikrə kifayət qədər təsir imkanlarına malik olan bu kanalın sıradan çıxarılmasını digər iki media quruluşundan fərqli olaraq öz xidmətlərimizə yaza bilmərik. Bu, sırf hakimiyyətin uzaq perspektiv qarşısında qorxusundan doğan addımı idi, ancaq nəticədə, hakimiyyət bu media silahını da itirdi. Psevdomüxalifətə gəlincə, onun fb məkanında Milli Şuraya qarşı istənilən hücumu nəticə etibarilə onun özünün ifşası ilə sonuclandığından ictimai fikirdə onsuz da yıpranmış durumda olan bu vasitə də hökumətə heç nə ilə kömək edə bilmədi. 5. Dostlar, heç özünüzə sual verdinizmi niyə YAPçılar hakimiyyətə öz sevgilərini və heyranlıqlarını öz səhifələrində, öz profillərində izhar etmək əvəzinə bizim resurslarmıza müraciət edirlər? Niyə Yapçılar, məsələn, “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin səhifələrində yox, “Meydan TV” və “Azadlıq” qəzetinin səhifələrində yüzlərlə şərh yazmalı olur? YAPçıların YAP-a olan sevgilərindən YAP səhifələrində deyil, siyasi rəqibin- AXCP liderinin, Milli Şura rəhbərlərinin səhifələrində danışmaları sizə məşhur film epizodundakı ” Monqol turistləri monqol dublyonkalarını niyə buradan alıb aparır ki?” sualını xatırlatmadımı?
Məsələnin mahiyyəti də bax bundadır! Onların bizə ehtiyacı var! Onların bizim səhifələrə və bizim auditoriyaya acil ehtiyacı var, çünki onların səhifələrini heç kim oxumur, onların paylaşımları altında heç bir siyasi polemika getmir! Ona görə də YAP bütün rayon təşkilatları, rayon icra hakimiyyətləri, nazirliklər və s. resurslarla bizim səhifələrə köçüb! Bu, əslində, bizim Mİlli Şura olaraq gücümüzün və hakimiyyətin ictimai fikrə təsir imkanları baxımından bizə çox böyük fərqlə uduzduğunun ən açıq və əyani etirafıdır! Və beləliklə də, bütün yedək arsenalı sıradan çıxmış və ictima fikrin yeganə gerçək və əlçatan indikatoru olan sosial şəbəkələrdə gerçək, prinsipial müxalif mövqenin əzici üstünlüyü qarşısında piyada qaldığını anlayan hakimiyyət meydana öz adı ilə çıxmaq, müxalifət səhifələrində löbvər salmaq zorunda qaldı. İndi isə daha bir mühüm suala cavab verməyə çalışaq: səhifələrimizə kütləvi hücum edərək hər bir statusumuzun altında yüzlərlə şərh yazan Yapçılar bununla nəyəsə nail ola bilərlərmi? Axı bəzən onlarla, yüzlərlə adama eyni zamanda cavab vermək, fikirlərinə münasibət bildirmək mümkün olmur.
Əslində, buna heç çalışmaq da lazım deyil. Hakimiyyət trolları əgər əxlaq və etika çərçivəsində yaza bilrlərsə (təəssüf ki, bunun əksinə daha tez-tez rast gəlirik) qoy nə istəyirlər yazsınlar. Onlar nədən danışa, nədən yaza bilərlər? Analoqu olmayan inkişafdan, ölkəmizin günü-gündən çiçəklənməsindən, şəhid ailələrinə, Qarabağ qazilərinə dövlət qayğısından, ölkəmizin beynəlxalq nüfuzunun artmasından, hakimiyyəti tənqid edən bizlərin ermənipərəst olub erməni dəyirmanına su tökməsindən, ölkəmizin uğurlarını görməməyimizdən, Almaniyanın dağılmasından, Fransada liftlərin işləməməsindən, ABŞ-da qaradərililərin hüquqlarının pozulmasından))))))). Qoy nə qədər istəyir danışıb ürəklərini boşaltsınlar.
Bununla nə dəyişəcək ki?! Məgər hakimiyyət illərdir tam nəzarətə aldığı televiziya məkanından, yüzlərlə qəzetdən, saytdan gecə-gündüz eyni “həqiqətləri” yaymır? Həmin televiziya kanallarına, qəzetlərə, saytlara fb-dan fərqli olaraq bizim çıxışımız ümumiyyətlə yoxdur, bu KİV-lərdə bircə dəfə də olsa fərqi fikir səslənmir, ancaq insanlar orada deyilənlərə inanırlarmı?! İnanırlarsa, hakimiyyət niyə fb ətrafında belə səfərbərlik elan edib? Axı məntiqlə buna ehtiyac olmamalıydı, çünki, hər evə çıxışı olan televiziyalardan fərqli olaraq sosial şəbəkələr daha az əlçatandır! Demək, məsələ, informasiya məkanının formasında deyil. Məsələ heç Milli Şurada və ya həqiqəti səsləndirən hər hansı bir siyasi liderdə də deyil. Məsələnin mahiyyəti həqiqətin özündədir! Həqiqət özünə çığır açmağı da, özünü müdafiə etməyi də, özünə lobbiçilik etməyi də yaxşı bacarır. Əgər insanlar hər gün evlərinə daxil olan bütün televiziya kanallarından eyni yalanı eşidirlərsə belə, ona inanmırlar, kanalı dəyişirlər. Demək, hakimiyyət bütün müxalifət səhifələrini, hətta fb-un özünü qapadıb bütün müxalifət liderlərini məhv etsə belə ictimai fikrə diktə edə bilməyəcək: çünki Həqiqəti məhv edə bilməyəcək! Çünki Həqiqət məğlubedilməzdir!
Yazı müəllifin facebook səhifəsindən götürülüb. Başlıq “Azadlıq”a mәxsusdur