Axı o boyda hərəkat öz-özündən yarana, bir nüvə mərkəzi olamasa, yüzminlər meydana yığıla bilməzdi
17 noyabr 1988-ci il. Azərbaycanda Milli Dirçəliş Günü kimi tarixləşmiş gün. 20-ci əsrin ən böyük hadisələrindən birinin başlanğıc günü. O gün SSRİ-nin hələ ölmədiyi və Şərqi Avropaya qədər nüfuzunu zəifləmiş də olsa, saxladığı bir vaxtda bütün indiki post-sovet məkanında ilk oturaq mitinqlərə başlandı. 18 gün davam edən mitinqlərə. Yüzminlərin gündüzlər lərzəyə gətirdiyi meydanı gecələr də minlərlə fədəkar insan tərk etməyib, hökumət qüvvələrinin oranı tutaraq mitinqləri dayandırmasının qarşısını aldı. “Biz ölərik, meydanı tərk etmərik!” o fədəkar insanların devizi oldu. Yalnız 19-cu gecə Sovet əsgərlərinin tanklı-toplu hücumu ilə meydan dağıldıldı…
O günü 8-ci sinifindә oxuduğum 13 saylı mәktәbdә axırıncı dәrsdәn qaçıb meydana – indiki Azadlıq Meydanına getmәyimlә xatırlayıram. Mitinq xәbәrinin mәktәbә necә gәldiyi dәqiq yadımda deyil. Deyәsәn, mәktәb rәhbәrliyinin “şәhәrin mәrkәzindә mitinq var, şagirdlәr ora buraxılmasın” tipli qadağası olmuşdu. Bircә onu dәqiq xatırlayıram ki, “Domsovetin” qabağına xeyli insan yığılıb, mitinqdir” sözlәrini eşidib, axırıncı dәrsi gözlәmәyә belә sәbr etmәdәn dәniz kәnarına doğru getdim. Çünki “Domsovet”in dәniz kәnarında olduğunu bilirdim. Vә elә bilirdim ki, bir an geciksәm, gedib mitinq deyilәn nәdirsә, onu yerindә tapa bilmәyәcәm. Yol boyu sözün hәqiqi mәnasında qaçırdım. Sonrakı günlәrdә də məktəbdən çıxıb birbaşa meydana gedirdim. Bir neçə saat mitinqdə iştirak edəndən sonra evə yollanırdım. Heç bir gecə meydanda qalmadım. Qala bilməzdim. Ama meydan, yəqin ki, o tarixi günlərin yaşından asılı olmayaraq əksər iştirakçılarında da olduğu kimi, mənim yaddaşımda ömürlük qaldı…
Hətta üstündən illər keçəndən sonra da heç düşünmədim ki, o milyonluq mitinqləri başladan kimlər olub, o hərəkat mənbəyini haradan götürüb. Hətta Bakıdakı məşhur Xaqani-33 ünvanına Xalq Cəbhəsinin bir gənc tərəfdarı kimi ayaq açdığım, sonradan isə üzvü olaraq daim gedib-gəldiyim vaxtlarda da bu barədə maraqlanmadım, təfərrüatlı söhbətlərə təsadüf eləmədim.
Ama axı o boyda hərəkat öz-özündən yarana, bir nüvə mərkəzi olamasa, yüzminlər meydana yığıla bilməzdi. Axı ola bilməzdi ki, o nüvəni təşkil edənlər, böyüyüb yüzminlərə, milyona çevrilən “qar topasını” hərəkətə gətirənlər ortalıqdan izsiz-soraqsız yoxa çıxsın, ölkənin ictimai-siyasi həyatında yer tutmasın. Yox, əlbəttə ki, belə deyilmiş. Sadəcə onların təvazökarlığı, onlarla bir yerdə olmamışların isə başqa keyfiyyətləri dövrünün, sözün həqiqi mənasında, tarix yaratmış o gənc insanlarını mənim kimi məlumatsızlara yalnızca cari fəaliyyətləri ilə tanıdırmış.
Özüm üçün çox gec görünən müəyyən zaman kəsiyindən sonra bildim ki, tale məni götürüb, həmin tarixi günlərin təkan verənləri və təşkilatçılarının əhatəsinə atıb. Onları illərlə “Yurdçu” siyasi kimliyi ilə fərqləndirib başqaları – həm Xalq Cəbhəsinin daxilində, həm də Xalq Cəbhəsindən kənarda. O illərdə Xalq Cəbhəsinə mənim kimi yeni gəlmişlər yalnız onu bilirdi ki, “Yurd” bir ictimai təşkilat olub və onun yaradıcıları indi də Xalq Cəbhəsində bir subkomanda kimi fəaliyyət göstərir. Onların barəsində bundan ayrı heç nə danışmırdı həmin başqaları. Onların da öz keçmişləri barədə nəsə danışdıqlarını eştimədim…
Həmin keçmiş barədə o tarixi günlərin mərkəzi fiqurlarından biri olmuş Qənimət Zahid saytımızda dәrc olunmuş yazısında xəsisliklə bəzi qeydlər edib. Burada gördüyünüz, o çağlarda indiki BDU-nun qarşısındakı mitinqdə çəkilmiş şəkildə rəhmətlik Xəlil Rzanın yanında duran, mitinqin aparıcısı olmuş Rahim Hacıyev (indi Azadlıq Qəzetinin baş redaktorunun birinci müavini) də həmin “adsız qəhrəmanlardan” biridir…
Demə, dövrünün o təşəbbüskar, böyük hadisələrə təkan vermiş gəncləri cəmi 1 il sonra, 1989-un yayında Xalq Cəbhəsi təsis olunanda hər hansı xüsusi imtiyaz istəmədən, təkəbbür göstərmədən onun sıralarında fəaliyyətə keçib, güvəndikləri imkanlarına uyğun iddialara doğru sabitqədəm bir yol alıblar. Demə, onların Xalq Cəbhəsində və Xalq Cəbhəsindən kənarda kimlərəsə “beşiyində boğulmalı” qüvvə kimi görünməsi də səbəbsiz deyilmiş. Axı o “kimlərsə” də Xalq Hərəkatının iştirakçısı, səhnənin arxasından xəbəri olanlar idi.
Sonradan o “kimsələr”in çoxu başlarını götürüb ayrı səmtə üz tutdu. Bir az da gedəndən sonra ya gözdən itdi, ya da tamamilə əks siyasi-ideoloji müsətvidə, Xalq Cəbhəsini özünə düşmən bilənlərin yanında qərar tutdu. Dövrünün o “adsız qəhrəman” gənclərindən də öz parlaq keçmişini çirkli pulların cazibəsinə qurban verib, sözün həqiqi mənasında satılaraq gedənlər oldu. Ama komandanın özəyi, xüsusən də lideri və o əski çağlarda içdən-çöldən hücumların bir nömrəli hədəfi olan Əli Kərimli tutduğu mövqedə sal qaya kimi qalaraq, Xalq Cəbhəsini “Heydərizmin” iti dişləri arasından qurtarıb yaşatdı, gücləndirib bugünlərə gətirdi və bu bəxtsiz millətin ürcah olduğu eybəcər diktatorluğun qarşısında keçilməz səddə çevirdi…
Xalq Cəbhəsi indi də Əli Kərimlinin liderliyi altında Azərbaycanda demokratiyaya keçid naminə İkinci Xalq Hərəkatını başlatmağa çalışır. Bu çətin işdə güvəndiyi demokratiya və azadlıq ideyasına sadiq qalan mübarizə insanları, özəlliklə də gənclərdir. 28 il əvvəlin böyük tarixi hadisələr yaradan hərəkat gəncləri indi yenidən tarix yazmaq üçün gəncləri səfərbər etməkdədir. Bu əzmkar səfərbərlik bizə inamla bəyan edir ki, İkinci Xalq Hərəkatımızın doğulacağı gün uzaqda deyil.
Xalqımızın yenidən dirçələcəyinə dərin inam hissi ilə Milli Dirçəliş Günümüzü təbrik edirəm.
Alı Rza