“Əmanətçilərin vəsaitlərinin geri qaytarılması təmin edilsin”
Demokratik Qüvvələrin Milli Şurası Beynəlxalq Bankla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və bu fonda ölkədə pul qıtlığının yaranması Azərbaycanın dövlət bank sistemində çox ciddi problemlərin olduğunu ortaya çıxarıb. Dövlət bankı sayılan “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) aparılan yoxlamalar nəticəsində bəlli olub ki, bankın problemli kreditlərinin həcmi kritik vəziyyəti keçib. Bankın səhmlərinin 54,96 faizi Maliyyə Nazirliyində olmaqla dövlət bankı sayılır. Vəziyyəti şərh edən Maliyyə Naziri açıqlamasında yol verilən nöqsanlarda bankın sabiq rəhbərliyi tərəfindən kobud səhvlərə yol verdiyini, Müşahidə Şurasının qərarlarına əməl edilmədiyini, hesabatlarda təhrif olunmuş məlumatlar verildiyini, əlaqəli şəxlərə dolayı yollarla kreditlər verildiyini və həmin vəsaitlərdən başqa məqsədlər üçün istifadə edildiyini qeyd etdib.
Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, uzun müddət kütləvi informasiya vasitələrində Beynəlxalq Bankın kreditləşmə siyasətinin şəffaf olmadığı, problemli kreditlərdə payın kifayət qədər yüksək olduğu vurğulansa da, hökumət bu kimi məlumatlara biganə yanaşaraq bankda olan dövlət vəsaitlərinə nəzarət etməyib və həmin vəsaitlərin yağmalanmasına, talanmasına şərait yaradıb.
Bəyanatda daha sonra deyilir: “Yoxlama zamanı bəlli olub ki, Beynəlxalq Bankın əsas müştəriləri yüksək vəzifəli məmurlara yaxın, qohumluq əlaqəsi olan iş adamları, sahibkarlar olub. Likvid girov sahibi olmayan, əlaqəli adamlar vasitəsi ilə asanlıqla kredit resursları əldə edən işbazlar bankdan kreditləri alarkən onu geri qaytarmamaq məqsədi güdüblər. Buna şərait yaradan və rəsmiləşdirən bank rəhbərliyi kredit alanlardan əlavə “şapka”da alıb. Bu kimi səbəblərə görə də problemli kreditlərin həcmi artıb.
Bankın cari ilin birinci yarısına aid konsolidasiya edilmiş audit hesabatında bildirilir ki, 2016-cı ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Audit “Deloitte” şirkəti tərəfindən aparılıb. Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 milyard 930 milyon manat həcmindədir. Hesabatda qeyd edilir ki, birinci mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı- 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır.
Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Beynəlxalq Bank və əsas səhmdar olan Maliyyə Nazirliyi 9 milyard 930 milyon manat problemli kreditlərini ”Aqrarkredit“ə ötürməklə özünü bu məsuliyyətdən kənarlaşdırır. Bankın problemli aktivlərinin bir hissəsi kimi “Aqrarkredit” QSC-yə təhvil verilməsi nəzərdə tutulan müxtəlif zavod və fabriklər hələ ki, işlək, likvid vəziyyətdə deyil. Həmin zavod və fabriklərin satşı üçün işlək, hazır vəziyyətə salınması əlavə resurs və zaman tələb edir.
Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, əmanətçilərin etibarını tam itirməmək üçün təxirə salınmaz addımlar atılmalıdır. Hökumət ilk növbədə Beynəlxalq Bank rəhbərliyinin, kredit resurslarının verilməsində qohumluq əlaqələrindən sui istifadə etmiş, üzərilərinə öhdəlik götürmüş yüksək vəzifəli məmurların xarici və yerli bank hesablarında olan aktivlər və digər mənbələr hesabına əmanətçilərin vəsaitlərinin geri qaytarılmasını təmin etsin”.