Əliyev Azadlıq Radiosu ilə bağlı sualı cavabsız qoydu

Görüş

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

«The Associated Press» agentliyinin vitse-prezidenti John Daniszewski isə prezidentə jurnalist həbsləri və Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunun bağlanması ilə bağlı sual verib: «Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə olmaları məhz jurnalistlik fəaliyyətləri ilə bağlı deyil. Onlar xuliqanlıq, vergi pozuntuları və digər bu cür məsələlərlə bağlı həbs olunublar. Bildiyimizə görə, Xədicə İsmayılova həbs olunduqdan sonra «Azad Avropa» radiostansiyasının bürosunun fəaliyyətinin bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?».

Prezident İ.Əliyev isə suala birbaşa cavab verməyib: «Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir».