Ət idxalı 160, çay idxalı isə 84 faiz artıb
«İdxalının artması onunla bağlıdır ki, həmin məhsulların istehsalı kəskin azalıb»
Vahid Məhərrəmov: «Azərbaycanda yeyinti məhsullarının idxaldan aslılığı heç zaman bu həddə çatmayıb»
2016-nın yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 14 milyard 153.6 milyon dollar olub.
Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu keçən ilin analoji dövrünə nisbətdən 23.22 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 6 milyard 950 milyon dolları olub (6.64 faiz azalma). İxrac isə 7 milyard 195 milyon dollara (34.48 faiz azalma) bərabər olub.
Əsas malların ixracında azalma faizləri…
Xam neft – 32.15 faiz
Neft məhsulları – 51.54 faiz
Təbii qaz – 47 faiz
Çay – 66.68 faiz
Bitki və heyvan mənşəli piylər, yağlar – 90.11 faiz
Şəkər – 70,41 faiz
Spirtli və spirtsiz içkilər – 29.52 faiz
Plastmas və onlardan hazırlanan məmulatlar – 16.03 faiz
Əsas ixrac mallarından qara metal, ondan hazırlanan məmulatlar – 172.08, pambıq iplik – 34, meyvə-tərəvəz – 21.83, alüminium və ondan hazırlanan məmulatlar – 8.50 faiz artıb.
İdxalda əsas mallarda artım belə olub: Ət – 112.99, süd – 131.52, kərə yağı və süddən hazırlanmış digər yağlar – 121.34, meyvə- tərəvəz 126.98, çay – 189.80, şəkər 47.46 faiz.
Buğda, tütün və tütün məmulatlarının idxalının azalması diqqət çəkir. Ötən ilin 10 ayı ilə müqayisədə ölkəyə 9.35 faiz az buğda və 48.51 faiz az tütün və tütün məmulatları gətirilib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, bu ilin 10 ayı ərzində ölkəyə idxal olunan yeyinti məhsullarının həcmi keçən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. V.Məhərrəmovun sözlərinə görə, keçən ilin 10 ayı ərzində ölkəyə 806 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunduğu halda, bu il 32,88 faiz artaraq 1 milyard 71 milyon dollar təşkil edib: «Azərbaycanda yeyinti məhsullarının idxaldan aslılığı heç zaman bu həddə çatmayıb. Bizi ciddi təhlükə gözləyir».
Aşağıda əsas ərzaq məhsulların idxal artımı keçən illə müqayisədə faizlə verilib.
Ət – 160%
Süd məhsulları – 60%
Buğda – 9% (106 min ton çox)
Çay – 84%
Bitki və heyvan mənşəli yağlar -15%
Şəkər – 56%
Tərəvəz -185%
Yeməli meyvələr – 92%
Balıq-102%
V.Məhərrəmovun sözlərinə görə, ölkədə alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan sahibkarların da bunu vurğuladığını deyən ekspert bildirdi ki, alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir dövürdə ərzaq məhsullarının idxalının artması onunla bağlıdır ki, həmin məhsulların istehsalı kəskin azalıb. Heyvandarlıq məhsullarının istehsalının azalacağı indidən proqnozlaşdırılandır. Çünki mövcud olan örüş sahələrini təxminən 100 min hektar əkin üçün dövriyyəyə buraxılıb. Həmin sahələrdə digər bitkiçilik növüylə məşğuldurlar. Kifayət qədər yem bazası yaradılmadan həmin örüş sahələrinin əkilməsi o deməkdir ki, heyvandarlıqda ciddi yem problemi yaranacaq. Bu da özünü məhsul istehsalında göstərir. Həm ət, həm də süd idxalı artıb. Digər tərəfdən yumurta idxalı da artıb».
Xəyal