AXCP fəalının işində növbəti qanunsuzluq

fuad-ahmadli1

“Gülən ittihamı” ilə həbs olunan AXCP fəalı Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev müvəkkilinin həbs müddətinin artırılması ilə bağlı qərarı ala bilmir. Bu barədə vəkil özünün “Facebook” səhifəsində yazıb.

“Gənc fəal Fuad Əhmədlinin həbsdə saxlanma müddətinin uzadılması barədə Nəsimi rayon məhkəməsinin 11 noyabr tarixli qərarını almaq üçün məhkəmə getmişdim. Qərarı qəbul etmiş hakim Babək Pənahov öz köməkçiləri vasitəsilə bildirdi ki, qərar bu gün də verilməyəcək. Halbuki bu gün qərarın tərəflərə təqdim olunmasının və ondan şikayət verilməsinin son günüdür. Yəqin proses zamanı çıxışım hakimin xətrinə dəyib.Belə gecikmələrə adətkar olduğumdan apellyasiya şikayətini artıq hazırlamışdım və onu məhkəməyə təqdim etdim. Eyni zamanda Məhkəmə Hüquq Şurasına teleqramma vurdum, Ombudsmanın elektron poçtuna yazdım. Görək nə tədbir görəcəklər”, – deyə vəkil bildirib.