Əsrin korrupsiyası

beyn bank

2016-cı ildə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi  çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 mlrd. 930 mln. manat həcmindədir. APA xəbər verir ki, bu barədə bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında deyilir. Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır.

“Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı – 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır”, – deyə sənəddə qeyd edilib.

rovshan_agayev

İqtisadçı ekspert Rövşən Ağayev öz “facebook” səhifəsində sənədə münasibət bildirib:

“Çox fəlakətli durumdu – Beynəlxalq Bankın problemi aktivlərinin maksimum 6 milyard manat olduğu deyilirdi. İndi məlumat verilir ki, 2016-cı il ərzində 10 milyard manata yaxın toksik aktiv “Aqrarkredit”ə ötürülüb. Bunun da əksəriyyəti xarici valyutada olan aktivlərdir. İl ərzində valyuta bazarını silkələyən, manatı xarici valyutalar qarşısında çökməyə məcbur edən əsas səbəblərdənə birini bax burda axtarmaq lazımdır. Mərkəzi Bankın çap maşını Beynəlxalq Bankda illər ərzində korrupsiyanın əritdiyi vəsaitlərin yerini manatla doldurur, həmin manat isə dollara çevrilib banka dollarla depozit qoyan, borc verən subyektlərə qayıdır.
Hələ ən pisi də bununla bitmir: sən demə 10 milyard manatlıq əməliyyat hələ sağlamlaşdırmanın 1-ci mərhələsiymiş, 2 mərhələ gələn il başlayır. Bu mərhələdə nə qədər problemli aktiv Mərkəzi Bankın çap maşınını hərəkətə gətirəcək, onu dilə gətrimirlər.
Bu gedişlə axırda məluma olacaq ki, Beynəlxalq Bankda ən azı 10 milyard dollar “sehrli mədə”nin qurbanı olub.
Görünür hökumətin cəmiyyətə qayğısının mümunəsidir ki, ürək xəstəliyinə tutulacağımızdan qorxub 10 milyardı birdən-birə demədilər. Əvvəlcə 5-6 milyard manatdan danışırdılar…
Azərbaycan miqyasda ölkə üçün bu “əsrin korrupsiyası”dır.”