Saatınızın hər hansı mexanizmi köhnələndə və ya yeyiləndə özünüz görmüsünüz, əqrəblər vaxtı baş-ayaq göstərməyə başlayır. Saat həftə səkkiz, mən doqquz geri qalır və təkrar-təkrar qurmaq, açıb-bağlamaq da kara gəlmir. Ara yerdə insanın əsəbləri korlanır. Və son çarə də çox halda mexanizmi və ya saatın özünü dəyişməyə qalır. Yaşadığımız sistemlər də eynilə belədir. Onun da mexanizmləri sıradan çıxanda ən yaxşı halda axsamağa başlayır. Axsamağın ardınca sürünmək gəlir və ən son mərhələ hərəkətsiz halda düşüb qalmasıdır. Biz yaşadığımız sistemin sonuncu mərhələsini yaşayırıq. Axsama və sürünmə mərhələlərində illərdir başımıza-gözümüzə döyüb dururduq ki, ay millət, ayılın, qaranlığa doğru gedirik, bir də gördünüz, uçurumun başından təpəsi aşağı yuvarlanmağa başlamısınız. Bizə qulaq verən kimdi? Bu cahillik və vecsizlik üzündən gəlib düşdüyümüz girdab məlum. Ölkə cəngəlliyə çevrilib, hüquq və qanun ömrünü çoxdan mövcud hakimiyyətə bağışlayıb. Arada ölüsünü təpik topuna çevirib, hara gəldi çiləyirlər. Bundan betəri də primitiv düşüncələrin, köhnəlmiş beyinlərin, kor zehinlərin hakimiyyət strukturlarında eləcə oturub, fironluğunu davam etdirməsidir. Ölkədə qaranlıqdır və bu qaranlığın içində adamların fikirləri, təfəkkürləri, baxışları da korlaşıb, kütləşib tamamilə…
Qədim yunan filosofu Platonun məşhur “Mağara bənzətməsi”ni bilirsiniz: “Bəzi insanlar doğulduqları gündən bəri qaranlıq bir mağarada, mağaranın qapısına arxaları dönük şəkildə oturmağa məhkumdurlar. Başlarını da arxaya çevirə bilməyən bu insanlar, mağaranın qapısından içəri girən işığın aydınlatdığı qarşı divarda qapının önündən keçən başqa insanların və daşıdıqları şeylərin kölgələrini izləməkdədirlər. Nəhayət, onlardan biri qurtulur, çölə çıxıb kölgələrin əsl qaynağını görür və təkrar içəri girib gördüklərini anlatmağa başlayır. Amma onun içəridəkiləri divarda gördüklərinin zahiri olduğuna və gerçəyin mağaranın çölündə cərəyan etməkdə olduğuna inandırması imkansızdır.” Həqiqətən, çevrənizə yaxşı baxın. Ətrafınızda bənzər şeyləri görmürsünüzmü? İllərdir yaşananlar, çəkilənlər, udulanlar həmin mağara təfəkkürünün məhsulu deyilmi? İllərdir qaranlıqdan bayırdakı işığı anladanlara, göstərənlərə, işarət edənlərə nə qədər adam əhəmiyyət verdi ki, indi də ortada yaxşı nəticə olsun?..
Ölkəni zorla mağara qaranlığında saxlayanlar bu təcridin, qapalılığın, ölgünlüyün dadını çıxarırlar on illərdir. Hər şey onların istədiyi kimi getməsə də, istədiklərinə əsas etibarı ilə nail olublar, demək olar ki. İnsanlar on illərdir bu işıqsız, məhdud, sıxıcı mühitdə özünə qapılıb, gözlərini məçhula zilləyib durub. Divara düşən kölgələrin hardan gəldiyini belə düşünmək iqtidarında deyillər. Gerçək dünya qapalı pərdənin arxasında qalmış kimidir. Gözlərini bir nöqtəyə zilləyib niyə durub bu adamlar? Nəyi, kimi gözləyirlər? Oturaqlığın, bürüncəkliyin, dilsizliyin sıxıntısına necə dözürlər? Axşamla səhərin, işıqla qaranlığın fərqini hiss etmədən necə yaşayırlar? Bu sualları on illərdir verməkdən verməkdən yorulduq. Amma deyəsən o böyük çoxluq orda, qaranlıq mağarada qaxılıb oturmaqdan yorulmadı. İndi isə tamam başqa bir mərhələ, qıtlıq və yoxluq mərhələsi başlayır. Baxaq, aclıq və ehtiyac o adamları bitib qaldıqları qaranlıqdan bayıra çıxaracaqmı? Baxaq…