Vətən himni

saday-sekerli1

 

Torpağam, köksümdə dən oyatmışam,
Min yatmış pələngi mən oyatmışam,
Zənciri qolumdan qırıb atmışam,
Ağ oldum üzünə zülmün, zillətin,
Var olsun dövlətim, yurdum, millətim.

Şimşəyəm, göylərdə parlayıb izim,
Nuruma qərq olub səhram, dənizim,
Bizimdir işıqlı sabahlar, bizim,
Od yaxtım bağrına çökmüş zülmətin,
Var olsun dövlətim, yurdum, millətim.

İnsanam, göy qapım aralı qalıb,
Yad əldə Qarabağ maralım qalıb,
Maralım nə vaxtdır yaralı qalıb,
De nədir ilacım, nədir illətim,
Var olsun dövlətim, yurdum, millətim.

Küləklər şimaldan soyuyub gəlir,
Dərdlər ağ kürkünü soyunub gəlir,
Həqq deyən Nəsimi soyulub gəlir,
Müşgülü nə çoxmuş azad xilqətin,
Var olsun dövlətim, yurdum, millətim.

Sən qəsrin, məbədim, qalamsan, vətən,
Dilimdə ən şirin kəlamsan, vətən,
Atamsan, anamsan, balamsan, vətən,
Vicdanım, namusum, arım, qeyrətim –
Var olsun dövlətim, yurdum, millətim.
Məzlum millətin nəsibi köləlik, aqibəti məğlubiyyət, axirəti cəhənnəmdir.

 

Məhbəsdən, Saday Şəkərli