Vaxtilə hansısa gözəgörünməz qüvvə prezident kortejini də burada dayanmağa məcbur etmişdi
O zaman İlham Əliyev maşından düşmüş, işsizlərlə əl verib görüşmüşdü…
Sovetlər dönəmindən fəhlə şəhəri kimi tanınan Mingəçevirdə bu gün işsizlik bir nömrəli problemdir. Bu şəhərdə “qul bazarı” adlanan bir bazar (paytaxt Bakı istisna olmaqla) ölkənin digər şəhər və rayonlarıyla müqayisədə hələ xeyli qabaqlar – 22-24 il öncə formalaşıb. Yeri gəlmişkən, “qul bazarı” yerli icra orqanlarının söküb-dağıda bilmədiyi, olsa-olsa burdan-ora, ordan-bura qovaladığı tək-tük obyektlərdəndir. Əvvəllər şəhər bazarının qarşısında yığılan “işsizlər ordusu” sahə müvəkkillərinin müxtəlif “qovhaqov” və “qaçaqaç” əməliyyatlarından sonra öz qismətlərini bir qədər aralıda – mərhum prezident Heydər Əliyevin adını daşıyan prospektdə axtarmaq məcburiyyətində qaldılar. Lakin bura da onların toplaşdığı son ünvan olmadı…
İşsizliyin zəngin potensialı
Öncə qeyd edək ki, “qul bazarı”ndakı işsizlərin kontingenti kifayət qədər “zəngindir”. Aralarında ixtisaslı kadrlar da var, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlər də. Ağır iqtisadi durum, yoxsulluq, səfalət onları məhz bu yolla çörək qazanmağa vadar edib. Burada gün keçirməklə xeyli “iş stajı” toplayanlar da az deyil. Vaxtilə şəhərin müxtəlif müəssisələrində, zavod və fabriklərində çalışmış bu adamlar hazırda bir qarın çörəkpulu qazanmaq xatirinə küçələrdə “müştəri” soraqlayırlar. Yol boyunca şütüyən və qəfil sürətini yavaşıdan avtomobillərin üzərinə birdən-birə bir neçə adamın yüyürməsini müşahidə etmək çox acınacaqlıdır. Ucuz işçi qüvvəsinə ehtiyacı olanlar böyük məmnuniyyətlə qəpik-quruş ödəməklə onların xidmətlərindən yararlanırlar. Gördükləri işlər də müxtəlifdir: kimi 50 kiloqramlıq un kisəsini (taksi əvəzinə) çiynində şəhərin az qala bu başından o başına daşıyır, kimi təmir gedən ev ya obyektdə “qara iş”ləri (divar dağıtmaq, beton plitələri uçurmaq və s.) görür, kimi də bu obyektlərdə yığılıb-qalmış daş-kəsək, zir-zibil dolu torbaları daşımaqla məşğul olur… Özü də bu cür işlər hər deyəndə ələ düşmür. Burada da sifarişçiylə “tanışlığın” əhəmiyyəti böyükdür. Bir sözlə, hər kəs bura bir qarın çörək qazanmaq üçün yığışır.
Fiziki imkanlarından qat-qat artıq səviyyədə işlər görmək məcburiyyətində qalmış bu insanların ciddi tibbi müayinəyə ehtiyacları var. Ancaq onların çoxu bunun fərqində belə deyil. Çünki bir gün “bekar” dayanmaq həmin gün çörəksiz qalmaq deməkdir.
“Hey eşidirik ki, yeni iş yerləri açılır. Hardadır o iş yerləri?”
İşsizlərlə daha yaxından tanış olmaq qərarına gəldim. Əimdən heç nə gəlməsə də, fikirləşdim ki, heç olmasa dərd-sərləri, qayğılarıyla maraqlanım. İş ümidiylə üstümə yüyürən işsizlərin çoxu qəzetdən olduğumu bilib hərəsi bir tərəfə dağılışdı. Bir çoxlarının hələ də kimdənsə (?!) və nədənsə (?!) çəkindiyi açıq-aşkar hiss olunurdu. Hökumətin yarıtmaz iqtisadi siyasəti nəticəsində öz şəhərlərində qaçqına, köçkünə çevrilmiş bu insanların üzgün, iztirab dolu üzlərinə baxmaq dəhşətdir. Çöhrələr solğun, qayğılı, geyimlər nimdaş, gözlərində dərin kədər.
Yeri gəlmişkən, “qul bazarı”na toplaşanların özlərini təqdim etməmələri, adlarını söyləmək istəməmələri məni həmişə təəccübləndirib. Bu dəfə də elə oldu. Söz deyən də təkidlə adının çəkilməməsini xahiş etdi: “Hey eşidirik ki, yeni iş yerləri açılır. Hanı, hardadır o iş yerləri? Biz niyə görmürük? Bəlkə bizim dünyadan xəbərimiz yoxdur? İş üçün üz tutmadığımız, müraciət etmədiyimiz yer yoxdur. Hər yerdə də eyni cavabı verirlər: “İş yoxdur!” Nə qədər dözmək olar? Deyirlər, “iqtisadiyyatımız belə çiçəklənir”, “Azərbaycan MDB ölkələrini belə qabaqlayır..” Yalandır! Yoxsa elə bilirsiniz hər gün sübh tezdən axşamacan iş soraqlamaq xoşumuza gəlir? Tək istəyimiz iş yerlərinin yaradılmasıdır”.
“Bəs nə əcəb Məşğulluq Mərkəzinə müraciət etmirsiniz?” “Hamısı gözdən pərdə asmaq üçün olan idarələrdir. Bir neçə dəfə olmuşam məşğulluqda. Kondisionerli kabinetdə yayxanıb oturublar. Yuxarıdan kimsə gələndən gələnə iş təklif edirlər guya adamlara. Deyir, get küçə süpür, zibil daşı, filan yerdə fəhləlik elə. Alacağın əmək haqqı da ki, 120-130 manat ola, ya olmaya. Təklif olunan işə razılaşsan belə sonunadək gedib heç həmin işlərin olmadığını görərsən..”
“Bəs şəhərdə son illər bu qədər abadlıq işləri görülüb, nə əcəb heç birinə cəlb olunmamısınız?” “Bu bizim üçün də sirdir. Düzdür, şəhərdə son bir neçə ildə xeyli abadlıq işləri görülüb. Yerə tamet döşənib, asfalt salınıb, binalar üzlənib, rənglənib. Amma bu işləri görənləri biz də tanımırıq”.
İşsizlərlə bu məsələdə razılaşmamaq olmur. Ümumiyyətlə, son bir neçə ildə hər yeni icra başçısının özünün iş gördüyü bir komanda olub. Göyçaydan, Qazaxdan, Qaxdan, Sumqayıtdan, Bakıdan, hətta Naxçıvandan belə Mingəçevirə işçi gətiriblər və bu gün də gətirirlər. Hər səhər avtobus onları işə gətirir, axşam da gəlib götürür. Gördükləri işlər də əksər hallarda keyfiyyətsiz olub. Çünki aldıqları cüzi pulun müqabilində ondan artıq iş görə bilməzlər. Əksəriyyəti nə bir ixtisaslı kadr, nə də konkret bir işin ustası deyillər. Görünür, sadəcə müəyyən pulları silmək üçün onları kənardan gətirib işlətmək kimlərəsə sərf eləyir. Halbuki bunların qalmaq, yemək və digər xərcləri var. Bu işlər öz evinin içində daha çox can yandıraraq qat-qat keyfiyyətli görə bilən insanlara həvalə edilsəydi xeyli vəsaitə qənaət olunardı. 8 il öncə sabiq icra başçısı Mübariz Ağayevin dövründə binaların üzlənməsi üçün şəhərə çoxlu sayda çinli gətirilmişdi. O vaxt onları şəhər xəstəxanasının hələ təmir olunmamış binasında, palatalardan birində yerləşdirmişdilər. Bir palatada 30-40 çinli az qala bir-birinin üstündə yatırdı. 3-4 binanı üzlədikdən sonra onlar da yoxa çıxdılar.
Bu illki əmək yarmarkasında cəmi 30 (!) nəfərə göndəriş verilib
Oktyabrın 28-də Mingəçevirdə iş axtaranlar üçün ənənəvi, bir növ “quş qoymaq” xatirinə təşkil olunmuş əmək yarmarkası keçirildi. Öncədən yarmarkada Mingəçevirdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif ediləcəyi, təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerlərinin də olacağı elan edilmişdir. O da bildirilmişdi ki, tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.
Lakin hər şey vəd edilənlərin əksinə olub. Düzdür, açılış mərasimində həmişəki kimi ölkədə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən “kompleks tədbirlərdən” danışılıb. Ancaq cəmi 20 müəssisə (15-i dövlət, 4-ü qeyri-dövlət, 1-i isə xarici müəssisə) öncədən də elan olunduğu kimi, 150 deyil, 101 boş iş yeri (60-ı fəhlə,41-i qulluqçu vəzifəsi) haqqında məlumat verib. Təyin olunan yerlərdə isə maaşlar təxminən 150 manatdan 450 manata qədər təşkil edib. Məşğulluq Mərkəzindən verilən məlumata görə, ötən illərə nisbətən bu il yerlər çox az olub. Nə qədər paradoksal olsa da, mindən çox işsiz şəhər sakinin iş tapmaq ümidiylə qatıldığı yarmarkada yekunda cəmi 30 (!) nəfərə göndəriş verilib. Beləcə xeyli vaxtdan bəri səbrsizliklə yarmarkanı gözləyən yüzlərlə şəhər sakini bu dəfə də evlərinə əliboş dönüblər.
Yarmarkadan çıxan insanların qəzəblərini üz-gözlərindən sezmək olurdu. Vüsal Məmmədov adlı şəhər sakininin sözlərinə görə, yaxınlaşdığı bütün müəssisələrin masasında cəmi bir vakant yer olduğunu və onun da tutulduğunu bildiriblər. Sahib Həsənov adlı digər bir şəhər sakini isə bir neçə müəssisənin nümayəndəsinə müraciətdən sonra, bir qədər yumşaq desək “yola verildiyini” anlayıb: “Gah dedilər, filan sənədlər tələb olunur, gah dedilər, əmək haqqı minimumdur, sonra onu da azaltdılar, gah da dedilər ki, sığorta-filan yoxdur. Bir sözlə, “mədəni” surətdə başlarından elədilər. Başa düşmürəm, bu yarmarkanın keçirilməsində məqsəd nə idi?”
Bütün bunlar isə bir daha sübut edir ki, ölkənin sənaye nəhəngi olmuş Mingəçevir kimi bir şəhərin əmək bazarında vəziyyət olduqca gərgindir. Halbuki vaxtilə Mingəçevirdə onlarla zavod-fabrik fəaliyyət göstərib. Bu gün isə şəhərdə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC (stansiyada çalışanların sayı 966 nəfərdir), “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC (107 işçi), açılışında ölkə başçısının da iştirak etdiyi və faktiki olaraq gözləntiləri doğrultmayan “Kür” Elektron Avadanlıqları İstehsalı” MMC (110 işçi), “İnterenerji” Elektrik beton dayaqları istehsalı MMC (200 işçi), “Azneftmaş” ASC (600 işçi), “Akkord” Mingəçevir Maşınqayırma zavodu (223 işçi), “Mingəçevir İzolit” ASC-də (300 işçi) fəaliyyədədir. Yeri gəlmişkən, “Azərelektroizolit” zavodunun bazasında yaradılmış “Mingəçevir İzolit” ASC-nin açılışı 2009-cu il il martın 3-də baş tutmuşdur. Açılışda prezident İlham Əliyev də iştirak etmişdir. Hazırda həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətin sabiq sədri Cahangir Hacıyevin nəzarətində olduğu bildirilən “Mingəçevir İzolit” ASC İdarə Heyətinin sədri məlum hadisələrlə bağlı bir müddət həbsxana həyatı yaşamış Mehman Mehdiyev olub.
Qeyd edək ki, adları çəkilən müssisələrdəki işçi sayıyla bağlı rəqəmlər Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi veb-saytından (http://mingechevir-ih.gov.az/page/14.html) götürülüb və 2012-ci ili (!) əhatə edir. Son bir neçə ildə məlum ixtisarlardan sonra bu müəssisələrin bəzilərində işçilərin sayı xeyli azalıb.
“Neft ölkəsindən gəlmisiniz, Siz niyə bu gündəsiniz?”
“Qul bazarı”na toplaşanlar deyir ki, vaxt vardı Rusiyaya gedirdik: “İndi orda da vəziyyət çətinləşib. Hər addımda “neft ölkəsindən gəlmisiniz, hər gün televizorda ölkənizdəki inkişafı göstərirlər, siz niyə bu gündəsiniz?” suallarının qarşısında adam bilmir nə cavab versin. Kirayələrdə, şəraitsiz yataqxanalarda ömrümüz çürüyüb. Ailənin, oğul-uşağın yanıda üzümüz qaradır, dost-tanışdan utanırıq. Elə günlər olub ki, iş tuta bilmirik. Bir sözlə, çarəsizik…”
Ürəkağrıdan faktlardan biri də yerli məmurların problemin həlli yollarının aranması istiqamətində heç bir iş görməmələridir: “İndiyədək yerli icra orqanlarından kimsə bizimlə maraqlanmayıb. Sanki biz bu ölkənin vətəndaşları deyilik. Belə çıxır ki, zavod-fabriklərin bağlanmasının, olub-qalan dəzgahların sökülüb-satılmasının ən böyük günahkarı bizik. Hər axşam evə gedəndə uşaqlar əlimizə baxır, biz də yazıq-yazıq onların üzünə. Nə xeyirdə iştirak edə bilirik, nə də şərdə. Düzü, bu halımızı görüb heç dəvət edən də olmur. Bir yandan da kommunal xərclər – işıq pulu, qaz pulu, su pulu… Hamısını da günbəgün bahalaşır, hamı da deyir ver. Soruşan yoxdur, hardan alım, nəylə verim? Onun-bunun sözünü götürüb, gündə yüz dəfə o dünyanı görüb gələ-gələ qazandığım 5-10 manatı çörəyə verim, yoxsa qaza, suya?”
İşsizliyin tüğyan etdiyi bir məqamda söylənilən bu fikirlərdə həqiqət var. Görünür, sənaye şəhərinin iqtisadiyyatını iflic vəziyyətə salanlar hələ çox cəzasız qalacaqlar.
İllərdir ürəkdən deyib-gülməyi, sevinməyi yadırğamış bu adamları yalnız bi şey maraqlandırır: İŞ!
Heydər Əliyev prospektindən “deportasiya”
“Qul bazarı” uzun illər şəhərin mərkəzində, Heydər Əliyev prospektində fəaliyyət göstərib (Hətta prezident İlham Əliyev şəxsən bu məkanda olub, oraya toplaşanlarla görüşüb. Bu haqda bir qədər sonra). Sonralar şəhərin ən böyük olan həmin prospektinin abadlaşdırılması çərçivəsində sabiq icra başçısı Lütvəli Babayevin göstərişiylə “qul bazarı” başqa yerə, “Dostluq” parkının qarşısına köçürülüb. Lakin biçarə işsizlər burda da uzun müddət duruş gətirə bilməyiblər. 3 il öncə ərazidə Gənclər Mərkəzinin inşası və parkın bir hissəsinin abadlaşdırılmasıyla əlaqədar onlar növbəti köç həyatına məruz qalıblar. Doğrudur, hazırda toplaşdıqları yer parkdan elə də uzaqda deyil. Ancaq buranın da “son dayanacaq” olacağına elə bir ümid yoxdur. Rəsmilər onlara şəhərin çıxacağında “fəaliyyət göstərməyi” məsləhət görürlər. Ancaq onlar bununla razılaşmırlar. Çünki bu, onlar üçün hər şeyin sonu demək olardı.
Texnopark problemi həll etməyə qadirdirmi?
Hələ 2015-ci il fevralın 24-də Mingəçevirə səfər edən prezident İlham Əliyev tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı” barədə məlumat verilmişdi. Bildirilmişdi ki, Mingəçevir toxuculuq fabrikinin 15 hektaradək ərazisi Sənaye Parkına veriləcək. Burada yüngül sənaye üzrə müxtəlif istehsal müəssisələrinin yaradılması planlaşdırılır. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Həmin səfərdən cəmi 2 gün sonra ölkə başçısının 26 fevral 2015-ci il tarixli 481 saylı Fərmanı ilə RYTN-in tabeliyində “Yüksək Texnologiyalar Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alındı.
Nəhayət, bu il sentyabrın 21-də prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirildi. Mərasimdə layihənin rəhbəri Mehriban Axundova bildirdi ki, Mingəçevir Sənaye Parkının ərazisində ümumilikdə 9 fabrik – pambıq iplik (bu fabrikdə 460 yeni iş yeri açılacaq), akril və yun iplikləri (800-dən çox iş yeri), corab məhsulları (650 iş yeri), ayaqqabı istehsalı (300 iş yeri), toxuma (450 iş yeri), parça boyama (260 iş yeri), tikiş (2000-dən çox iş yeri) və tibbi kosmetika (270 iş yeri) fabrikləri inşa edilib istifadəyə veriləcək.
M.Axundovanın sözlərinə görə, Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. Park üzrə orta əmək haqqı 450 manat – fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları nəzərdə tutulur.
Keçid dövrünün məchul çıxışı: bu çıxış tam olaraq qapanıbmı?
Bəs çıxış yolu nədədir? İldə bir dəfə təşkil olunan və kampaniya xarakteri daşıyan “əmək yarmarkaları”ndamı? Yaxud işsizləri şəhərin bir hissəsindən digər hissəsinə köçürməklə Mingəçevirdə bu problemin yoxluğu görüntüsü yaratmaqdamı? Görəsən, əlləri hər yerdən üzülmüş bu insanlar kimə, nəyə ümid edirlər? Haqqında danışılan texnoparka?
Yeri gəlmişkən, Mingəçevirdə yeni yaradılacaq texnoparkın perspektivinə inananlarla yanaşı, inanmayanlar da az deyil. İkincilər bunu regionların sosial-iqtisadi inkişafı ilə bağlı xərclənmiş milyonlarla vəsaitin faydalılıq əmsalının son dərəcə aşağı olduğuna əsaslanıb iddia edirlər. Hesab edilir ki, təməli qoyulan Mingəçevir Sənaye Parkının iqtisadi səmərəliliyi olmalıdır. Öncə beynəlxalq bazar haqqında düşünmək lazımdır. Yəni, istehsal olunan bir şeyin bazarı olmalıdır. Əgər sabah da bazarda Çindən, İrandan, Rusiyadan, Hindistandan qat-qat ucuz qiymətə gətirlilən corab, ayaqqabı, tibbi kosmetika və s. meydan sulayacaqsa, o zaman milyonlarla vəsait hesabına başa gələcək Mingəçevir Sənaye Parkının gələcəyi barədə pessimist əhval-ruhiyyədə olanları anlamaq mümkündür.
Və sonda, 2004-cü il iyunun 8-də İlham Əliyevin ölkə başçısı kimi Mingəçevirə ilk səfəri zamanı prezident kortejinin gözlənilmədən “qul bazarı”nda dayanması haqda. Bəli, nə qədər qəribə görünsə də, bu, baş verib. Yeri gəlmişkən, bu sətirlərin müəllifi də həmin anın şahididir. O zaman İlham Əliyevin bu addımı nəinki çörək pulu qazanmaq üçün ora toplaşmış işsizləri, hətta dövlət başçısını müşayiət edən təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarını, səfəri işıqlandıran çoxlu sayda reportyorları da əməllicə çaşbaş salmışdı. İlham Əliyev Heydər Əliyevin adını daşıyan prospekt boyunca düzülmüş, yayın cırhacırında, qışın ayazında bir tikə çörək qazanmaq ümidiylə səhərdən axşamacan iş soraqlayan insanların toplaşdığı yerdə maşından düşmüş, onlarla əl verib görüşmüşdü.
O vaxtdan illər ötsə də vəziyyət dəyişməyib. Əksinə, “qul bazarı” əvvəlki yerində olmasa da, əvvəlkitək “fəaliyyətini” davam etdirir. İşsizlər yenə də əllərində heybələri “müştəri” gözləyirlər. Prezidentin onlara əl verib hal-əhval tutması isə yavaş-yavaş yaddaşlardan silinməkdədir…
Azər