Bundan sonra Respublikaçı Smit və Kramer Azərbaycanı daha sərt tənqid edəcək

 

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: ” Düşünmürəm ki, Trampın seçilməsi ABŞ-ın Azərbayacana münasibətdə demokratik tələblərindən geri çəkilməsi demək olacaq”

 

Bu həftənin əsas müzakirə mövzularından biri, bəlkə də birincisi ABŞ-da prezident seçkiləri və onun nəticələri oldu. Seçkidə Respublikaçı nazmizəd Donald Trampın qalib gəlməsi ABŞ-ın xarici və daxili siyasətinin bundan sonra necə formalaşacağı ilə bağlı xeyli suallar yaradıb?

Amma biz ABŞ-dakı seçkilərin Azərbaycana tam başqa rakursdan təsirini müzakirə etmək fikrindəyik. Baş verənlərin fonunda onu qeyd etmək yerinə düşər ki, prezident Obamanın dövründə Azərbaycan hakimiyyətinin insan haqlarını kobud şəkildə pozduğu və üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə sərt tənqid edən məhz Respublikaçı konqresmenlər, senatorlar olub. Onlar sırasında ilk olaraq Kristorf Smiti qeyd etmək yerinə düşər. ABŞ-ın tanınmış konqresmeni Kristofer Smit dəfələrlə bəyan edib ki, Azərbaycanda repressiyalar dayanmasa Əliyev hakimiyyətinə qarşı sanksiyalar mütləq tətbiq ediləcək, həm də daha sərt formada.

Makkeyn institunun baş direktoru Devid Kramer də Azərbaycan hakimiyyətinə münasibətdə sərt mövqeyi ilə fərqlənir. Kramer və ABŞ-ın  Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin bir müddət əvvəl yazdığı birgə məqalədə Azərbaycan hakimiyyətinə qarşı sərt mesajlar yer alır. Tənqid hədəfinə səbəb isə hakimiyyətin insan haqqları və demokratiya sahəsində atdığı mürtəce addımlardır.

Belə olan halda Demokrat prezident Obamanın dövründə bu cür prinsipiallıq və sərt mövqe sərgiləyən respublikaçılar, Trampın dövründə hansı addımları atacaqlar. Azərbaycandan insan haqqları və demokratiya ilə bağlı tələblər daha sərt formada tələb oluna bilər.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ümumiyyətlə ABŞ-da prezident dəyişikliyi dövlətin xarici siyasətinə ciddi təsir etmir. G.Hacıbəylinin sözlərinə görə, düzdür prezidentlər bu və ya digər qərarların qəbul edilməsində həlledici səsə malikdirlər. Eyni zamanda onların fəaliyyətindən bir çox şeylər asılıdır: “ABŞ-da hakimiyyətə Respublikaçılar gəliblər. Respublikaçılar isə müharibə partiyası kimi tanınırlar. Bir çox məslələrə, xüsusilə Rusiyaya münasibətdə sərtlikləri ilə seçilirlər. Bütün seçki kampaniyası boyu Trampın Rusiya ilə əlaqələrinin xüsusilə vurğulanmasına baxmayaraq, Tramp seçildikdən sonra verdiyi ilk müsahibəsində Rusiyaya qarşı sanksiyaların daha sərtləşəcəyini, Donbas və Krımdan çıxmayana qədər Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmayacağını bildirib. Tramp Obamanı Rusiya ilə bağlı zəif və qətiyyətsiz mövqe sərgiləməkdə ittiham edib. Eyni sözləri demokratiya ilə bağlı məsələlərdə deyə bilərik. Helsinki Komissiyasının sədri və Azərbayacana qarşı sanksiyalar layihəsinin müəllifi Kristofer Smit, özünün ədalətli və prinsipial mövqeyi ilə fərqlənən Devid Kramer Respublikaçılar Partiyasının təmsilçisidir. Düşünmürəm ki, Trampın prezident seçilməsi ABŞ-ın Azərbayacana münasibətdə öz demokratik tələblərindən geri çəkilməsi demək olacaq”.

G.Hacıbəyli onu da vurğuladı ki, Trampın Obamanı Rusiyaya qarşı qətiyyətsizlikdə ittiham etməsi, ABŞ-ın digər avtoritar rejimlərə o cümlədən Azərbaycana münasibətdə daha da sərtləşməsində özünü göstərəcək. “Azərbaycana insan haqları və demokratiya ilə bağlı münasibətdə yumuşalmanın olmayacağını indidən söyləmək olar”, deyə G.Hacıbəyli vurğuladı.

Xəyal