Özünə quyu qazmaq siyasəti

aliyev_musavire2Ədalətli məhkəmə, qanunun şahlığı ən çox bu hökumətə lazım olacaq

Bəlkə də dayaz yanaşanda o qədər də vahiməli görünmür, amma dərindən düşünəndə çox faciəli dövr yaşayırıq.  Bir anlıq həbsdə olan siyasi məhbuslara nəzər salaq, bir anlıq şərlənərək həbs olunmuş adamlarla bağlı keçirilən məhkəmə proseslərinə diqqət edək. O zaman nəyin şahidi olacağıq? Bu adamların həbs olunmasının real səbəbləri dəhşətlidir. Bu adamlar azadlıq, şəffaflıq, ədalət istədikləri üçün həbsdədilər. Bu adamların bütün istəkləri ölkənin işıqlı gələcəyinin təmiantıdır. Əslində, dünyanın qabaqcıl ölkələri məhz bu istəklərin reallaşdırılması sayəsində önə çıxıblar.  Müstəqil məhkəmənin, şəffaf seçkinin, sağlam səhiyyənin, keyfiyyətli təhsilin, azad sahibkarlığın,  müstəqil mətbuatın olmadığı ölkədə necə inkişaf ola bilər?

Bu gün hökumətin “ermənipərəst”, “agent”, “vətən xaini”, “xuliqan” damğasıyla həbs etdiyi adamlar dövlətin və xalqın maraqlarından çıxış etdikləri üçün həbs olunublar.  Deməli, hökumət ölkənin inkişafını istəyənlərə qənim kəsilib, xoşbəxt gələcək arzulayanlara quyu qazmaqla məşğuldu.

Amma daha dərindən düşünəndə hökumət özünə də quyu qazır. Bir gün ədalətli məhkəməyə, azad mətbuata, vicdanlı hakimə bu hökumətin də ehtiyacı olacaq. Siyasi məhbusların məhkəməsində müşahidə edirik ki, ölkədə bütün dəyərlərin eybəcərləşdirilməsi prosesi gedir. Vicdanlı insanları sıradan çıxarmaq üçün ən iyrənc vasitələrə əl atılır. Yalançı şahidlik etmələri üçün adamlara qeyri-insani cəzalar tətbiq edilib.

Bəli, bütün insani sərhədlər aşılıb, heç bir iyrənclikdən imtina edilməyib. Sabah dəyərlərin sıradan çıxdığı ölkədə ən ağır zərbəni bu hökumət alacaq.  Əgər bütün insani sərhədlər aşılıbsa,  cəmiyyət vəhşiliyə sürüklənirsə,  bu gün bu mənzərin yaradanlar, sabah kimdən imdad umacaqlar? Bu gün ən ağır işgəncələrə məruz qalan adamlar, sabah eyni işgəncələri bugünkü “qəhrəman”lara qarşı tətbiq etməyəcək? Akif Çovdarov, Vəli Ələsgərov, Hacı Məmmədov və digərləri yaratdıqları eybəcərliyin qurbanı olmadılar?  Hələ bu adamlar  əjdahanın başı deyil və sifariş yerinə yetiriblər. Deməli,  başda duranları daha ağır aqibət gözləyir.

Ona görə də hökumət öz gələcəyi naminə bütün dəyərlərin məhv edilməsindən, körpülərin yandırılmasından əl çəkməlidir. Cəmiyyəti bu qədər nifrətə kökləmək və hüququ, qanunu, məhkəməni ayaq altına salamq hökumətin özünü təhdid edir. Onsuz da bu gün müxtəlif ittihamlarla həbs olunmuş adamlar sabahın xilaskarları kimi meydana çıxacaqlar, onsuz da ölkə və dünya ictimaiyyəti bu adamları cinayətkar kimi tanımır.  Yəni, nəticə etibarilə bu adamlar bəraət alacaqlar və adlarını tarixin səhifələrin əqızıl hərflərlə yazdıracaqlar.

Amma bu “cəhənnəm qazanı”nı qalayanlar özləri yanacaqlar, öz quyularına özləri düşəcəklər.

Cənablar, biraz dərin düşünün, bu şər ssenarisi bumeranq effekti verəcək. Bu gün həbs etdiyniz adamların istək və arzuları həm də sizin xilasınız üçündür. Sabah acgözlüklə hüquq, vəkil, ədalətli məhkəmə axtaracaqsız. İmdad diləyəcəyiniz ünvanları məhv etməyin.

İlham