Yaxud, ağ qızılın qaraltdığı adamlar
Hökumətimiz böhrandan çıxmaq üçün xeyli kəşflər edib. Bu kəşflərdən biri də pambıqçılığı inkişaf etdirməkdir. Bəli, başbilənlərimiz bu qərara gəliblər ki, bu dəfə milyardları neftin deyil, pambığın hesabına qazanacağıq. Buna görə də bütün ölkə boyu “pambıq əkin” əmri verilib, hamını zorla pambıqçı eləyiblər.
Əlbəttə balaca düşünmək qabiliyyəti olan adamlar başa düşür ki, pambıqla heç nəyə nail olmaq mümkün deyil. Üstəlik, dünya bazarında pambığın qiyməti aşağı düşür və pambığa olan tələbat artıqlaması ilə ödənilib. Deməli, pambıq islahatı növbəti imitasiyadır.
Amma bizim toxunmaq istədiyimiz əsas məqam bu deyil. Bildiyiniz kimi hökumət xalqa müjdə verib ki, pambıqçılığı inkişaf etdirməklə yeni iş yerləri açılacaq, ölkədə canlanma baş verəcək və.s Yəni, böhrandan çıxmaq üçün gülməli addımlar atmaq azmış kimi, üstəlik camaata minnət də qoyurlar.
İndi isə məlum olur ki. Büdcə təşkilatında çalışanları məcburi pambığa aparırlar və hər kilosuna görə 13 qəpik pul verirlər. Əgər kimsə bu “iş yerindən” imtina etsə, işlədiyi yerdən də azad ediləcək. Yəni, adamların seçim imkanı yoxdur. Ya kilosu 13 qəpikdən pambıq yığmalısan, ya da məktəbdən, xəstəxanadan, məktəbdən uzaqlaşdırılacaqsan. Bu dəfə sözün həqiqi mənasında pambıqla baş kəsirlər. Əgər bir nəfər gün ərzində 20 kilo pambıq yığa bilsə, bu 30 günə 78 manat eləyir. Bəli, adamların əli-ayağı sıradan çıxır, gününü sahədə keçirir və əvəzində 70-80 manat pul qazanır. Bu da olur yeni iş yeri, bu da olur pambıqçılığın inkişaf etdirilməsi.
Hansısa sahəni zor gücünə inkişaf etdirmək yalnız bizim hökumətin ağlına gələ bilər. 23 ildən sonra fikirləşib tapdıqları çarə bundan ibarətdir. Adamları məcburi şəkildə əməyə cəlb etmək və əməyini istismar etmək yolverilməzdir. Nəticə də göstərir ki, insanları bu qədər əziyyətə salmağın ölkənin böhrandan çıxmasına heş bir təsiri opla bilməz. Kimlərsə şəxsi büdcəsini kökəldə bilər, amma büdcə arıqlamaqda davam edəcək.
Bəli, qara qızılın sayəsində ağ günə çıxa bilmədik, indi ağ qızıl bizə qara günlər gətirməyə başlayıb. Hökumət imitasiya edəcək deyə, vətəndaşların həyatı qaralıb. 21-ci əsrdə yaşasaq da, orta əsr qaydalarıyla idarə olunuruq. Yadlara milyardlar hədiyyə edirlər, ölkə vətəndaşını 13 qəpiyə qul kimi işlədirlər.
Bir sözlə, pambıq da qanamış barmağa məlhəm olmadı.
İlham