Elxan Şahinoğlu: «HDP-nin rəhbərliyinin həbsi gözlənilən idi»
Türkiyədə kürdlərin təşkil etdiyi Xalqların Demokratik Partiyasının (HDP) 13 deputatı, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.
Dəmirtaş həbs olunmadan öncə Twitter hesabında evinin ətrafında polislər olduğunu və həbsinə hazırlıq getdiyini yazıb. Bu məlumatın yayılmasından az sonra onu həbs ediblər.
Türkiyə mediası xəbər verir ki, prokuror Dəmirtaş barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib və o bu məqsədlə məhkəməyə aparılıb.
Bundan başqa sosial şəbəkələrin fəaliyyətinin dayandırılması da Türkiyədə ciddi çaxnaşma yaradıb.
PKK-nın Dəmirtaşın həbsinə cavab olaraq daha bir neçə terror aktı törədəcəyi bildirilir.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, HDP-nin rəhbərliyinin həbsi gözlənilən idi. Çünki partiya rəhbərliyi terror törədən təşkilatın addımlarına bəraət qazandırırdı: «Bu təşkilat terror qurumları ilə arasında məsafə qoymurdu. Əksinə onların öz hüquqları uyğunda mübarizə aparanlar kimi təqdim etməyə çalışırdı. Həm də partiya rəhbərliyi istintaqa ifadə verməyə də gəlmirdi. Ona görə bu həbs gözlənilən idi. HDP kürdləri təmsil etsəydi sülh istəyərdi. Amma onlar addımları ilə PKK-nı dəstəkləyirdi. Türkyidə vəziyyət olduqca gərgindir. Çünki PKK-dan başqa daha iki terror təşkilatı var. Eyni zamanda Türkiyə Suriyada əməliyyatlar həyata keçirir. Belə bir zamanda ölkə daxilində «5-ci kalonun» olması çox təhlükəlidir. Ona görə müəyyən addımlar atılmalıydı. Düzdür radikal kürdlərin addımları atacaq. Amma Türkiyə bu cür hallarla dəfələrlə üzləşib. Bu mərhələdən də keçəcək. Türkiyə çevrilişə cəhddən çıxa bildi. Bu mərhələdən də çıxacaq».
E.Şahinoğlu bildirdi ki, PKK-çılar bir müddət əvvəl bir sıra kənd və qəsəbələri ələ keçirmişdilər. Amma sonradan Türkiyə həmin əraziləri terrorçulardan təmizlədi: «Öcalan həbs olunub Türkiyəyə gətiriləndə radikal kürdlər bütün dünyada aksiyalar təşkil etdilər. Amma sonradan Türkiyə bu prosesdən uduşla çıxdı. Düşünürəm ki, bu dəfə də belə olacaq. Kürdlər özləri qərar verməlidir ki, kürdlərin parlamentdə təmsilçisi PKK-nın siyasi qanadı olmalıdır, yoxsa kürdlərin problemləri ilə məşğul olmalıdırlar».
Türkiyədə sosial şəbəkələrin məhdudlaşdırılmasına gəlincə isə E.Şahinoğlu vurğuladı ki, söz və mətbuat azadlığının məhdudlaşdırılması yol verilməzdi.
Xəyal