Binəqədidəki yanğınla bağlı yeni təfərrüatlar

bina-yangin-19may2015Hadisənin “MTN işi” ilə əlaqəli olduğuna şübhələr artır

Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsilə bağlı son məhkəmə prosesində MTN əməkdaşı Xəyyam Babayevin ifadəsi müxtəlif mülahizələrə səbəb olub.

MTN-in əməliyyat müvəkkili olan Xəyyam Babayev yanan binada yaşayırmış. O bildirib ki, hadisə vaxtı evdə olub. Qəfildən mətbəxə tüstü dolduğunu görüb. Aşağı düşüb baxanda tüstünün binaya bitişik tikilidən gəldiyinin şahidi olub. Yuxarı qalxıb evdəki körpə uşağını və onun baxıcısını götürüb maşına qoyub aparıb. Təxminən üç saatdan sonra geri qayıdanda görüb ki, bina tamamilə yanıb. Xəyyam Babayevin ifadədən sonra suallara cavabı müəyyən şübhələrə yol açıb. Məsələn, Xəyyam Babayevə həmin gün niyə işdə olmaması barədə sual verilib. O daimi işdə olduğunu desə də, həmin ərəfədə tədbirlərlə əlaqədar növbədə olub.

Buna görə də biana yanan gün evdə olub. Xəyyam Babayevin uşağı və baxıcını binadan çıxarandan sonra niyə dərhal hadisə yerinə qayıtmaması barədə suala cavabında isə övladını evdən paltarsız, yeməksiz götürdüyünü, ona qida, geyim almağın bir xeyli vaxt apardığını deyib. Bu hadisə baş verəndə müxtəlif iddialar səsləndirildi. Binanın yandırıldığı bu iddialar içində qırmızı xətlə keçirdi. Lakin bir sual hər kəsi düşündürürdü: 15 nəfərin ölümü ilə nəticələnən bu dəhşətli hadisə kimə lazım ola bilərdi? MTN-dəki məlum dəstə ifşa olunana qədər hadisənin xarici kəşfiyyat tərəfindən törədilməsi barədə ehtimallar var idi. Lakin Eldar Mahmudov və şəbəkəsinin çoxsaylı cinayətləri üzə çıxandan sonra diqqət MTN-ə yönəldi. Xüsusilə, yanğının Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nın gündəmi zəbt etdiyi ərəfədə baş verməsi hadisənin bu qurumla əlaqəli olmasına şübhələri artırdı. Məlumat üçün deyək ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovun qudasıdır. Hətta o zaman məlumat yayıldı ki, yanan bina ilə bağlı cinayət işi “MTN işi”nə birləşdirilə bilər. Bu baş verməsə də, hadisəyə görə həds olunan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudovun məhkəmədəki açıqlamaları olayın arxasında MTN-dəki məlum şəbəkənin dayandığı barədə ehtimalları möhkəmlətdi. Miryusif Mahmudov bildirirdi ki, hadisədən əvvəl MTN-dən onun yanın gələrək külli miqdarda pul tələb ediblər.

O pul verməkdən imtina etdiyinə görə isə əvvəlcə Xətai rayonunda, daha sonra isə Binəqədidə “Global Construction” şirkətinin üzlədiyi binalarda yanğın baş verib. Beləliklə, Miryusif Mahmudov bu hadisəyə görə MTN-i ittiham edirdi. Miryusif Mahmudovun açıqlamaları bu məsələdə MTN-in hansı səbəbdən canfəşanlıq etməsinə də aydınlıq gətirdi. Məsələn, aydın olur ki, yanğından 30 dəqiqə keçməmiş MTN əməkdaşları “Global Construction”un ofisinə gələrək heç bir sənəd tələb etmədən axtarışa başlayıblar və Miryusif Mahmudovu quruma aparıblar. Bundan başqa MTN-ə yaxın olduğu bildirilən bəzi siyasətçilər hadisəni Rusiyaya bağlayırdı. Arqument isə bundan ibarət idi ki, Kreml həmin ərəfədə Avropa Birliyinin “Şərq tərəfdaşlığı proqramı” ilə bağlı Riqada keçirilən sammitə ölkə başçısı İlham Əliyevin getməsini istəmir. Bu hadisə isə ölkə başçısına mesaj olub. MTN-in bu iddialarla hadisəni yanlış istiqamətə yönəltməyə çalışdığını söyləmək olar. Gələk Xəyyam Babayevin ifadəsinə. Bu şəxs hadisə yerinə 3 saatdan sonra qayıtdığını müəyyən qədər əsaslandırsa da, niyə olay barədə dərhal müvafiq qurumlara məlumat vermədiyinə aydınlıq gətirməyib.

Digər tərəfdən o istintaqa ifadəsində yanğının poliklinika yerləşən qeyri-yaşayış sahəsindən başladığını desə də, məhkəmə də bunun dəqiq görmədiyini bildirib. O bu ziddiyyətlə bağlı “Mən bunu ümumi istiqamət üzrə müəyyən etmişəm” deyib. Halbuki iş materiallarında Xəyyam Babayevin fotosu var. O, istintaqçılara yanğının haradan başladığını göstərir. Bu hadisə ilə bağlı qaranlıq məqamlar kifayət qədər çoxdur. Güman ki, növbəti proseslərdə həmin məqamlara aydınlıq gətiriləcək. Xatırladaq ki, Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayonu İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilməyib.