Dollara olan tələbat onu deməyə əsas verir ki, yaxın günlərdə rəsmi məzənnə 1.70-i keçəcək
Nemət Əliyev: «Mərkəzi Bank və hökumət manatı dəyərdə saxlamaqda acizdirlər»
ABŞ Mərkəzi Bankı FED-in Dekabr ayında faiz artıracağı ehtimalı güclənir. Federal maliyyələşmə faizi perspektivliləri, Çərşənbə günkü Fed qərarının ardından, Dekabr ayında faiz artırımı ehtimalını 78 ilə 80 faiz arasında əks etdirir.
Çərşənbə günü reallaşan FOMC toplantısında rəsmilər faiz dərəcələrini sabit saxlayıb, lakin ilin sonunda faizin artırıla biləcəyinə işarə ediblər. Fed-ə görə faiz artırmaq üçün şərtlər yaxşılaşıb. Sadəcə şərtlərin yaxşılaşdığından tam əmin olmaq üçün bir az da gözləmək qərarı verilib. (marja)
Noyabrın 3-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan daxil olmuş məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6490 məzənnəsi ilə başlamış və 1,6580 məzənnəsi ilə yekunlaşıb.
İqtisadçı Nemət Əliyevin fikrincə, keçirilən son hərracın nəticələri ən azı yaxın gələcək üçün dolların məzənnəsiylə bağlı proqnoz verməyə əsas verir. Bir daha təsdiq olunur ki, mili valyutanı hazırkı dəyərində belə saxlamaq mümkün deyil. N.Əliyevin sözlərinə görə, MB manatın başına elə bir oyun açıb ki, kursu tənzimləmək mümkün olmur: «Keçirilən hərrac onu deməyə əsas verir ki, bir neçə gün sonra Mərkəzi Bankın rəsmi məzənnəsi 1.70-i haqlayacaqdır. Bu cür gedişat yaxşı perspektiv vəd etmir. Əgər FED dolların uçot dərəcəsini qaldıracaqsa, bu manatın dəyərdən düşməsinə növbəti təkan olacaqdır. Prosesin bu yöndə davamı bütün ölkə aktivlərinin sürətlə dəyər itirməsiylə nəticələnəcək. Ölkənin qeyri-neft sektorunda istehsal olunan məhsulların çox aşağı qiymətlə ölkəni tərk etməsinin şahidi olcağıq. Əhalinin alıcılıq qabiliyyəti daha da aşağı düşəcək. Çökmüş bank sistemi daha ağır günlərini yaşamalı olacaq. Görünən budur ki, Mərkəzi Bank və hökumət manatı dəyərdə saxlamaqda acizdirlər. Bunun üçün gərəkən addımları atmırlar. Manatı dəyərdə saxlamağın çox asan yolu var. Hökumət gərək bütün fəaliyyətini bu istiqamətdə yönəltsin. Birinci növbədə çalışmalıdır ki, qeyri-neft sektoru hesabına ixrac yönümlü fəaliyyət genişlənsin. İdxalı əvəz edə bilən yerli məhsulların istehsalına təkan verilsin. Yerli və xarici investisiyanın ölkə iqtisadiyyatına axınına şərait yaradılsın».
N.Əliyevin sözlərinə görə, iqtisadiyyatda real nəticələrə nail olmaqdan ötrü qanunların işləməsi təmin edilməlidir. Ölkədəki inhisarçılıq, korrupsiya, haqsız rəqabət yığışdırılmalıdır. «Məhkəmələr haqqı, hüququ pozulanların hüquqlarını bərpa etməlidir. İndiki hakim korpusu saxlanılarsa, heç bir investoru inandırmaq mümkün olmayacaq ki, onların pozulmuş haqq və hüquqları bərpa ediləcək», deyə N.Əliyev vurğuladı.
Xəyal