“Ölüdən can istəmək” siyasəti

prezident-iclasBöhran qurbanları hesabına böhrandan çıxmaq olarmı?

Hökumətimiz gecə-gündüz ölkə vətəndaşına təsəlli verir ki, islahat aparırıq, böhrandan çıxmaq üçün səylər göstəririk. Amma müşahidə etdiyimiz budur ki, qiymətlər qalxır, cərimələr sərtləşdirilir, yeni qadağalar meydana çıxır, vətəndaşlar yeni xərclərə məhkum edilir.

Yəni, hökumət büdcəni doldurmaq, böhran dalğasından qurtulmaq üçün vətəndaşı sipər edib. Artıq heç kimə sirr deyil ki, hökumət komandası bu illər ərzində yığdıqları varidatı böhrandan çıxmağa sərf etməyəcək. Vəziyyət indikindən 5 qata pis olsa da, çıxış yolu başqa yerlərdə axtarılacaq. Artıq bu da aksiomadır ki, çıxış yolunu yalnız vətəndaşın cibində axtarırlar.

Yazımızın canı da bu “çıxış yolu”na diqqət çəkməkdir. Məsələ burasındadır ki, ölkədə 2.5 milyon vətəndaş kredit bataqlığında çabalayır, 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb, hər gün sosial vəziyyətin ağırlığı səbəbindən insanların intihara cəhd etdiyi xəbərlərini eşidirik, ard-arda iş yerləri bağlanır və.s

Amma bütün bunlara baxmayaraq hökumətin plan və layihələri vətəndaşdan faydalanmağa xdimət edir.  Yəni, sərtləşdirilən cərimələrin də, qalxan qiymətlərin də, artan kommunal xərclərin də hədəfi vətəndaşdır.  Kredit borcunu , kirayə haqqını, təhsil pulunu ödəyə bilməyən vətəndaş  artan cərimələri  necə ödəyəcək, yeni rüsumlara necə tab gətirəcək?

Faktiki olaraq hökumət “ölüdən can istəmək” siyasəti yürüdür. Amma bu üsulla ölkəni böhrandan çıxarmaq, fəlakətləri önləmək olmaz. Əgər qiymət artımları, qadağalar, yüksək miqdarda cərimələr ölkə vətəndaşına şamil edilməsəydi, bunu başa düşmək olardı. Fikirləşərdik ki, hökumət büdcəyə əlavə pul daxil etmək istəyir. İndiki halda isə saqqaldan qırxıb, bığa yapışdırmaqla məşğul olurlar.

Üstəlik, ölkədən sürətlə valyuta çıxdığı bir vaxtda, vergi ödəyicilərinin azaldığı reallıqda bu kimi addımlar nəticə verə bilməz. Eyni zamanda bütün bu “islahat”lar korrupsiyanın və monopoliyanın müşayiəti altında davam etdirilir.

Deməli, hökumətin məqsədi köklü dəyişkilik aparmaq yox, müvəqqəti görüntü yaratmaqdır.  İndiki vəziyyətdə bütün addımlar vətəndaşın dirildilməsinə xidmət etməlidir. Hökumət isə öldürdüklərini təftiş etməklə məşğuldu.

Yeni nəfəs yaradıb vəziyyəti düzəltmək əvəzinə, nəfəsi kəsilməkdə olanların ağzına yastıq qoyurlar. Bu da hökumətimizin “uzaqgörən” siyasətinin növbəti mərhələsidir. Ona görə də hamı əmin olmalıdır ki, qarşıdakı mərhələdə müsbət heç nə olmayacaq. Çünki, mənfi halların baş verməsi üçün hər gün yeni təməllər atılır.

İlham