Fariz Namazlı
Nədənsə insanlarda belə fikir formalaşıb: Əgər irəli getmək istəyirsənsə, yaltaqlanmalısan. Cavanı, qocası, kişisi, qadını. Fərq etməz. Yaltaqlıq elə bir şeydir ki, o cinsə, yaşa baxmaz. Amma cavanların yaltaqlanmasını hardasa başa düşmək olar, onlar vəzifəyə getmək, irəli çəkilmək üçün yaltaqlanmağa məcburdurlar. Pul qazanmaq hərisliyi onların gözünü elə örtür ki, yaltaqlıqla özlərini alçaltmağa belə məcburdurlar. Necə də olsa onlar yaxşı yaşamaq, kreditlərdən, borc-xərclərdən, borc aldığı şəxslərin tənəsindən, söyüşlərindən yaxa qurtarmaq istəyirlər. Buna görə özləri də istəməsə belə vəzifəcə böyük olanlara yaltaqlanmağa məcburdurlar. Bəlkə yaxşı vəzifəyə çəkilib yaxşı həyat yaşadılar. Bundan sonrasına zaval yoxdur. Vəzifə, pul, imkan yaltaqlığı unutdurar.
Amma iş yaşlı şəxsə gəldikdə, onu başa düşməyə çətinlik çəkirəm. Yaşlı insan nə arzusundadır ki, ona görə yaltaqlıq da etsin, kiməsə yarınsın. Bir ayağı Arazın o tayında, bir ayağı da bu tayda olan, ortalıqda isə meyidini Əzrayıla vermək istəməyən qocaların yaltaqlığını başa düşmək çətindir. Yaşlı vaxtında vəzifəyə də qoymayacaqlar, pensiyasını artırsalar belə 5-10 manat artıracaqlar. Başqa nəyə görə onlar yaltaqlana bilər, bunu heç cür başa düşə bilmirəm.
Amma yaltaqlığın bir faydası var ki, bundan ancaq özləri fayda götürər, başqalarına zərər vurmazlar. Birisi yaltaqlıq edərsə, ancaq özünün pilləli inkişaf etməsi uğrunda edər, başqalarının bu yaltaqlığa aidiyyatı olmaz və onlara zərər vurmaz. Kimsə rəhbərin qapısını açmağa, ona çay vermək üçün canfəşanlıq edirsə, irişə-irişə üzünə gülürsə, “ayağını qoyduğun yerə başımı qoyaram” tipdə yaltaqlıq edərsə, bundan başqasına nə zərər dəyə bilər ki?
***
Biri də var üzə durmaq. Bu yaltaqlıqdan fərqli olaraq başqasına zərər vurur. Üzə duran şəxs özünə fayda gətirmir, əksinə başqalarının həyatını məhv etməyə, onu ləkələməyə çalışır. Zaman-zaman tarixdə oxuduğumuz kitablarda, baxdığımız filmlərdə, yaşadığımız həyatda nə qədər üzə duranlar görmüşük. Xüsusən məhkəmə zallarında üzə duran şahidlərin qırmızı-qırmızı söylədiklərini görürük. Hüquq mühafizə orqanları verilmiş ittihamı təsdiq edəcək sübut tapmadıqda üzə durma institutundan istifadə edir. Bu institutu oxumaq üçün xüsusi hazırlaşmağa, müəllim yanına getməyə ehtiyac yoxdur. Bunu üçün çox müddət lazım deyil. Uzağı 1 günə hazırlaşmaqla istənilən şəxsin üzünə durmaq mümkündür. Sadəcə tutulanın üzünə əvvəlcədən əzbərlədiyin sözləri deməlisən. Bununla missiya yerinə yetirilmiş sayılır. Bu halda dedikərini inandırıcı etmək üçün üzünə durduğunun gözünə də baxa bilərsən, vicdanın ağrıyacaqca gözlərini yana dikəcəksən.
***
Üzə durmanın ən dəhşətlisi və kədərlisi uzun illər tanıdığının birinin üzünə durmağıdır. Bundan o tərəfi yoxdur. Bu halda vicdan olmasa belə, özünü ortaya çıxarıb səni sızladacaq. Amma əlindən heç nə gəlməyəcək. Ya vəzifəni, pulunu, rəhbərini cəhənnəmə göndərib üzə durmaqdan imtina edəssən, ya da daxilində sızlayan vicdanın səsinə qulaq asa-asa üzə duracaqsan.
Nardaran işi üzrə məhkəmə iclasında ilahiyyatçı Elçin Qasımovun üzünə duran onu uşaqlıqdan tanıyan sahə müvəkkilidir. O sahə müvəkkili ki, bəlkə də maaşı yüksək deyil, vəzifəcə irəli çəkilmək imkanları və ehtimalı aşağıdır. Hətta E. Qasımov deyirdi ki, nə zamansa sahə müvəkkilinin maşını yolda qalarkən palçığa bulaşmış halda dostları ilə birlikdə onun maşınını itələyiblər. Əvəzini isə sahə müvəkkili üzə durmaqla ödədi. Necə də olsa əvəz-əvəz dünyasında gərək əvəzini verəsən ki, o dünyaya gedib eləsə hinkir və minkirin sual-cavablarından yaxa qurtarsın. Amma sahə müvəkkilinin peşman olmağı üzündən bəlliydi. Bəlkə də lazımsız bir insan olduğunu özünə qəbul etdirirdi. Belələri həyatlarını lazımsız insan kimi yaşayaraq başa vuracaqlar, sonu hardasa qırılaraq. Eynən Maksim Qorkinin “Lazımsız insanın həyatı” əsərinin qəhrəmanı kimi.