Samir Şərifovu uğursuz müdafiə cəhdi

samir-sherifovProkurorluğun açıqlaması Maliyyə Nazirliyini məsuliyyətdən azad edirmi?

Çoxdandır ki, bu ölkədə qanunlar yetim uşağa çevrilib. Nə dinləyən, nə başını sığallayan, nə dərdinə çarə axtaran var. Son dövrlər müşahidə etdiyimiz bir neçə məhkəmə prosesləri ölkədəki vəziyyəti bir daha çılpaqlığı ilə ortaya qoydu. “Nardaran işi” məhkəməsində, Binəqədidəki yanğınla bağlı məhkəmədə və Beynəlxalq Bankla bağlı məhkəmədə ortaya elə dəhşətli faktlar, ittihamlar çıxdı ki, bütün bunlar normal ölkədə fırtına yarada bilərdi.
Məsələn, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev məhkəmədə verdiyi ifadələrdə açıq şəkildə Maliyyə Nazirliyini ittiham edir, mənimsəmədə suçlayır. Açıq şəkildə deyir ki, məsələ obyektiv şəkildə araşdırılsa ortaya ciddi faktlar çıxar və bu işin arxasında daha böyük adların olduğu aydın görünər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edildi və son sözlə çıxış etdi. Onun son sözünün tam mətni mətbuatda yayılıb. Bu adam ailəsiylə şantaj olunduğunu, ona qarşı ittihamların əsassız olduğunu, bütün maxinasiyaların arxasında Maliyyə Nazirliyinin durduğunu söyləyir və baş verənləri detallarla açıqlayır.
Amma onun səsləndirdiyi fikirlərə önəm verən, ittiham olunan tərəfi məsuliyyətə cəlb edən yoxdur. Əvəzində, prokuroluğun mətbuat xidməti məlumat yayıb ki, Cahangir Hacıyevin Maliyyə Nazirliyinə qarşı ittihamları əsassızdır və Maliyyə Nazirliyinin baş verənlərdən xəbəri olmayıb.
Bir məsəldə deyildiyi kimi, üzrləri günahlarından böyük görünür. Əvvəla, Beynəlxalq Bankın səhmlərinin 51 faizi Maliyyə Nazirliyinin nəzarətində olub və bu bank vasitəsiylə milyardlar ölkədən çıxarılıbsa bu qurumun da məsuliyyəti var.
İkincisi, istənilən halda Cahangir Hacıyevin ittihamları üzrə araşdırma aparılmalı, Maliyyə Nazirliyinin aidiyyatı şəxsləri məsuliyyətə cəlb olunmalıdır.
Digər tərəfdən prokurorluğun yaydığı məlumat birbaşa Maliyyə Nazirliyini, hökumətin maliyyə siyasətini ifşa edir. Əgər ölkədən 4-5 milyard dollar oğurlanırsa və Maliyyə Nazirliyi bundan xəbərsizdirsə, deməli bu qurum işləmir. Deməli, bu qurumun dövlətin maliyyə siyasətinə cavabdehliyi absurddur. Maliyyə Nazirliyinin 51 faiz səhmə nəzarət etdiyi bankda soyğunçuluq pik həddə çatıbsa, deməli bu nazirlik iflic vəziyyətdədir.
Necə ola bilər ki, uzun illər ərzində bu qədər çirkin ssenarilər yazılır və nazirliyin bundan xəbəri olmur? Yəni, məsələnin bu tərəfindən yanaşanda da Maliyyə Nazirliyinin məsuliyyəti böyükdür və izahat verilməlidir.
Bu ölkədə istintaqın necə aparılması, məhkəmələrin necə hökm çıxarması hamıya bəllidir. Ölkədə 100-dən artıq siyasi məhbusun olması da bunun bariz nümunəsidir. Ona görə də prokurorluğun bu məqamda Maliyyə Nazirlyinin müdafiə etməsi biabırçı görünür. Belə məqamlarda susmaq, açıqlama verməkdən daha abırlı görünür.
“Azadlıq” qəzetində 3 il əvvəl başsağlığı vermiş adamları dindirməyə çağıranlar, milyardları mənimsəməkdə ittiham olunanları müdafiə etməklə məşğuldular. Əgər Beynəlxalq Bank işi üzrə hansısa müxalifətçinin 10 manatlıq mənimsəməsi üzə çıxsaydı, indi o adamın bütün nəcabəti həbsdə olardı.
Bir sözlə, prokurorluğun Samir Şərifovu müdafiə edən açıqlaması uğursuzdu. Cahangir Hacıyevin həbsi bu iş üzrə qaranlıqlara aydınlıq gətirmədi. Daha doğrusu, hamı haqq etdiyi cəzanı almadı
Samir