Payız ayini…

yalcin3Yalçın İmanov

Payız adam(lar)ı bir özgə olur. Tısbağa kimi qınına çəkilir, “çanağın” altından ətrafda baş verənləri gizli bir maraqla müşahidə eləyirlər elə bil. O gün, yağışlı havada, zığlı-zımırtdaqlı yolu əlində iki ağır zənbil, yanında körpə uşaqla keçmək istəyən orta yaşlı bir qadına yaxınlaşıb, kömək eləmək istədim. Tərs-tərs üzümə baxdı, sərt şəkildə “yox” dedi. Bu “yox” mənə varoluşun indiyə qədərki bütün sivil dəyərlərinə hirslə çırpılan qapı təsiri bağışladı…

Azərbaycan insan(lar)ı yaxşılığı sədəqə kimi anlayır…

Məhkəmə-psixiatrik ekspertiza rəylərində adətən yazılır – müayinə olunanın psixi durumu, onun aldığı təhsilə, yaşadığı mühitə uyğundu…

Bizim reaksiyalarımız da həmçinin.

***

Bütün günü, bütün ili işləməkdə, çalışmaqda antiinsani bir şey var. Hələ ildə bir dəfə məzuniyyət dəhşəti!

Adam arada günlərlə, bəlkə də aylarla (bir az da cəsarətli olsam, illərlə yazardım) işləməməlidi. Saatlarla veyillənməlidi, dolanmaq dərdi bilmədən, pul qazanmaq ehtiyacı hiss eləmədən, heç kimin qarşısında heç bir öhdəlik daşımadan üzü günəşə qaçmalıdı, üzüqoylu torpağa düşüb torpağın nəm ətrini ciyərlərinə çəkməlidi, həyatın ən xırda şeylərinə uşaq təəccübüylə heyrətlənməli, körpə təbəssümüylə gülümsəməli, kədərlənməlidi…

…İş, öhdəlik, vəzifə olmayanda da, hətta zövq verəndə belə, ondan xilas olmaq, qaçıb qurtarmaq, bir müddət həyatı, ömrü dincə qoymaq, nəsə etmədən, tamamilə bomboş şüurla avara-avara gəzib dolaşmaq lazımdı.

***

…Bu ölkədə ya yaydı, ya da qış, ya çox istidi, ya da çox soyuq. Başqa fəsil yoxdu. Özümüz kimi, əhvalımız kimi. Ya həddən artıq səmimi, ya da həddən artıq qapalı, ya həddən artıq əsəbi, ya da həddən artıq üzüyola, ya həddən artıq təkəbbürlü, ya da həddən artıq dostcanlı, fədəkar. Həyat, yaşam karkasımız “ya, ya”- dır…

Amma arada, yayla qışın dəyişən qarmaşasında payızın nəfəsi, qoxusu ötəri toxunur və itir. Bu, Alahın somatik statusudur!

…Və bir də yerinə düşməsə də, bu payızdan niyəsə Sənin qoxun gəlir!…