Hüquq müdafiəçisi Oktay Gülalıyev facebook səhifəsində Mədən Sənayesində Şəffaflıq Koalisiyasında baş verənlərdən yazıb. Həmin yazını təqdim edirik:
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin Astana iclası ərəfəsində hakimiyyət tərəfindən mənimlə bağlı illər uzunu yığılıb qalmış problemlərin həlli istiqamətində bəzi addımlar atıldı. 17 ildən sonra rəhbərlik etdiyim təşkilat başqa adla da olsa qeydiyyata alındı, 4 il 6 aydan sonra haqqımda olan cinayət işinə xitam verildi. Ölkədən çıxışıma qadağanın götürüləcəyi, nəhayət ki, mənə sənəd- pasport veriləcəyi, övladlarıma qarşı olan təqiblərə son qoyulacağı bildirildi. Eyni zamanda qeyd olundu ki, bu addımlar siyasi rəhbərliyin razılığı və göstərişi ilə atılır. Təbii ki, indiyə qədər mənə və mənim kimi minlərlə insana qarşı edilən bu hərəkətlər haqsızlıq və qanunsuzluq idi. Bunların bir qisminin mənim timsalımda həll olunmasına görə kimlərsə məndən təşəkkür gözləməməlidir. Əksinə həm atılan addımlar, həm də verilən vədlər məni bir az narahat və tədirgin etdi. Dostlarımın bir hissəsinin həbsdə və məcburi mühacirətdə olduğu, digər bir qisminin təqiblərə məruz qaldığı, ölkədən çıxışına qadağalar qoyulduğu, üzərlərində cinayət işi olduğu ərəfədə mənimlə bağlı atılmış, kənardan ayrı- seçkilik kimi görünən bu addımlar səbəbi nə olursa olsun məni qayğılandırır və sıxırdı. Sağ olsun hökümətimiz bu gündən başlayaraq narahatlığımı “anlamağa” və “aradan qaldırmağa” başlayıb.
Haqqımda olan cinayət işinə 20 oktyabr 2016- cı ildə xitam verilməsinə baxmayaraq ötən 12 gün ərzində dəfələrlə müraciət etsəm də ölkədən çıxışıma olan qadağanın götürülməsi və mənə pasport verilməsi ilə bağlı heç bir addım atılmır. Bu gün, artıq 2- ci dəfə ərazi üzrə fəaliyyət göstərən “Asan xidmət”-ə pasport almaq üçün müraciət etdim. Eyni cavab verildi; “ölkədən çıxışınız qadağandır və sizə pasport verilə bilməz. Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət edin”. Haqqımda olan cinayət işinin xitam verilməsinə dair istintaq orqanının qərarını göstərdim. Yuxarıdakı cavabı təkrarlayıb bildirdilər ki, “bu sənəd bizim üçün yetərli deyil və bizə bu barədə hər hansı bildiriş və göstəriş verilməyib”. Adamlar aydın və net cavab verirlər. Mənə pasport verməkdən imtina edirlər…
Hökümətimizin mənə qayğılardan “azad etməsi” bununla da bitmədi. Artıq son günlər neçənci dəfədir ki, 14 oktyabr 2016- cı ildə “bondatel”- də mənə edilən məlum xəbərdarlıq dostlarım və yaxın adamlar tərəfindən başqa formada mənə çatdırılır; siyasi məhbusları, xüsusən “Nardaran işi” ilə bağlı həbs olunmuş dini ekstermistləri (ifadə onlarındır- red.) mudafiə etməmək, onların məhkəmələrinə getməmək tövsiyyə olunur. Açıq bildirirlər ki, üzərindən cinayət işinin götürlməsi ilə sənin haqq yoluna (!?) gəlmənə mesaj veririk, addım atırıq))). Amma bu o demək deyil ki, həmin cinayət işi daha ağır formada təkrarlana bilməz və s., və ilaxır…
Sağ olsunlar bizi “düşünürlər”. Amma unudurlar ki, haqqımızda olan qondarma cinayət işinə xitam vermək, adımıza təşkilat qeydiyyata almaq, qanuni haqqımız olan sənədlə, pasportla təmin etmək, eləcə də şirin vədlər və təhdidlə, hədə- qorxu ilə bizləri sınağa çəkib tutduğumuz yoldan döndərə bilməzlər. Onların təklif etdyi “haqq yolu” milləti talamaq, soymaq, viran qoymaq, bizim getdiyimiz “haqq yolu” isə millətin xilası, nicatıdır…
P. S. Son günlər nə baş verdiyinin fərqində olmayan, ömrü boyu bir yaralı barmağa tibbi yardım göstərməyən, hakimiyyət qabağında sonadək duruş gətirə bilməyən, yalnız öz şəxsi marağını düşünən, gündəmdə qalmaq, “yaxşı oğlan” olmaq istəyən bəzi kəmfürsətlərin təmsil etdiyimiz MSŞT Koalisiyası Şurasının müstəqil üzvləri haqqında məsuliyyətsiz açıqlamlarına da cavablarımız olacaq”.