Bu yarımçıq cümləni qoy Mikayıl Cabbarov tamamlasın

zumrud-yagmur-yeniZümrüd Yağmur

Yaxında təhsil naziri Mikayıl Cabbarovun  dərc olunmuş(?) məqaləsi ətrafında yaranan qalmaqalla bağlı oxuyanda düşündüm ki, Mikayıl Cabbarov  yazdığı məqalədən ona görə imtina edir ki, təhsildə inkiaşafdan bu şəkildə danışmağın nəsə düz olmadığını zənn edib. Elə şükr etmək istəyirdim ki, birdən yadıma düşdü ki, yox mən çox pozitiv düşünürəm. Axı təhsil naziri təhsillə bağlı hansısa beynəlxalq  tədbirdə demişdi ki, Azərbaycanda çox yüksək təhsil sistemi var və  hətta başqa ölkələr bundan yararlana bilər.

Yararlanmaq deyəndən də  nazir nəyi nəzərdə tutmuşdu, onu bilmirəm. Bəlkə  haqqını tələb edən vətəndaşdan bezmiş başqa ölkə prezidentlərinə bu bir mesajdı ki, ay adamlar, özünüzü niyə bu qədər oda-közə vurub seçki kompaniyası filan keçirirsiniz. Vətəndaşı insan yerinə qoymaq nədir?  Xalqa hesabat vermək nə olan şeydir? Bu kimi yararsız işlərlə  məşğul olmağa can çürütməkdənsə, lə bizim təhsil sistemini öyrənin, vətəndaşı edin cahil, müəllimləri də çevirin bülleten oğrusuna, məsələ bitsin…

Ondan sonra dövlət büdcəsini niyə dağıtdınız, niyə ölkədən ofşor zonalara bu qədər milyardlar göndərilib daha nələr, nələr kimi mənasız suallarla da üz-üzə qalmayacaqlar.

Kimə verəcəksən hesabı… Müəllimi seçki saxtakarlığında  bülleten oğrusuna çevrilmiş bir toplumda narazılıq edib söz deyən tapılarmı?

“Mənim işim deyil” deyib aldığı qəpik-quruşla  ayı zorla başa vuran, amma bir məmur görəndə qabağına yürüyüb ikiqat əyilən vətəndaş oğru hakimiyyətdən nə hesab soracaq axı?!…

Mikayıl Cabbarov deyirlər savadlı adamdır, hətta ingilis dilini də bilir. Təkçə ingilis dilinimi?  Yox! Viran qoyduğu təhsil sisteminin xarabalıqlarını necə deyərlər Ezop dili ilə anlatdığına görə görünür bu dilin də incəliklərinə bəlləddir.

Amma di gəl ki, tabeliyində olan təhsil içşiləri nazirləri qədər gizli mesajlarla danışa bilmir. Hər seçkidə bülleteni açıq oğurladıqları kimi, açıq-açıq da deyirlər ki, burda da bizik, elə Bağdaddakı  kor xəlifə də…

Bu ölkədə az sayda olan və vicdanına hesabat verib bu hesabatdan üzü ağ çıxan müəlimlər yəqin ki, var. Amma böyük qismi illərdir kor xəlifəni belə taxtdan salıb hakimiyyətin sadiq bülleten daşıyanlarına çevrilmişlərdən ibarətdir və belələrinin səsi də çox bərkdən çıxır. Hətta onlar özlərinə qarşı  hörmət tələb etməklə qalmır, hələ üstəlik əxlaq polisinə də çevrilirlər.

Binəqədi rayon 115 saylı orta məktəbdə də şagirdə kölə kimi yanaşıb özünü əxlaq polisi kimi aparan müəllimlərin sayı yəqin ki, ölkənin digər məktəblərindən  çox deyil. Hətta keçən gün biri ilə tanış olmaq nəsibim oldu. Bu məktəbdə çalışan fizika fənnini tədris edən Güllər Sultanova adlı müəllim təkçə fizika dəsri demir. Sən demə, onda nəsə xüsusi  cihaz var, elmə məlum olmayan… Hamının, hətta ailələrin, valideyinlərin də tərbiyəsini müəyyən edə biləcək çihaz…  Belə bir cihazı da nədirsə, başqa yerdə sınaqdan çıxarmağa cəsarəti yetmir, “elmi nəaliyyətini” şagirdlərin üzərində sınaqdan keçirmək qərarına gəlib.

Amma Güllər Sultanova unudub ki, onun tərbiyə və əxlaq haqqındakı yanaşmaları çoxdan öz etibarlılığını itirib. Hər seçkidə məktəblərdə qurulan o seçki məntəqələrinin yanından sakitçə ötüb keçəndə… Hətta o seçkilərdə birbaşa  bülleten oğurluğu etməsə də,  parçası olduğu sistemdə baş verən eybəcərliyə səs çıxarmayanda itirib o haqqı…

Bu ölkədə çox dəyər məhv olduğu kimi, bir zamanlar müəllim müqəddəsliyi deyilib məna yüklənən peşə də indi öz qiymətini saxlaya bilməyib. Və nə yazıq ki, bu mənəvi genosiddə müəllimlərin özü çox həvəslə  iştirak edir. Təkçə özünün deyil, evində kasıbçılıqla böyütdüyü övladının belə gələcəyini öz əli ilə oğurlayıb bu hakimiyyətin təmsilçilərinə təslim edən ana-müəllimlər siz heç qüsura baxmayın, bu ölkədə az da olsa, azadlığını və vətəndaş mövqeyini saxlaya bilənlərə analıq etməyə sizin mənəvi haqqınız yoxdur.

Çünki siz öz uşaqlarınıza belə analıq etməyə cəsarət edə bilmirsiniz. Öz övladlarınızı belə qorxunuzdan, cəsarətçizliyinizdən, içinizdəki mövqesizlikdən qoruya  bilmirsiniz. Hər seçkidə öz övladlarınızın gələcəyini, arzularını, xəstələnərsə, sağlamlığını öz əlinizlə bu acgözlərin  insafsızlığına və harınlığına təslim ediriniz.

Maraqlıdır, hər seçkdən sonra gələcəyini oğurladığınız övladınızın üzünə evdə neçə baxırsınız, əlinizlə deputat edib mandat verdiyiniz o millət vəkilləri sonra adam yerinə qoymayıb “maaşım azdır” deyəndə sizi dərsdən sonra bənnalıq etməyə, soğan əkməyə göndərəndə heç olmasa etdiklərinizə görə qınayırsınızmı özünüzü?!

Yayın istisində sizi maşınının tozuna, qışın soyuğunda yolun suyana bulayan o  məmur, deputatların bülleten daşıyanlarına çevrilmək görən sizə çoxmu ucalıq vəd edir?!

Övladlarınız, doğmalarınız əsgərlikdə güllələnib öldürüləndə, şərlənib həbs olunanda  siz heçmi öz vicdanınıza hesabat vermirsiniz?

Amma bu ölkədə azad ruhlu böyüməyə çalışan şagirdə tərbiyə verməyə qalxırsınız və verdiyiniz tərbiyə də saçın yığılması, yubkanın uzunluğu ilə başlayıb qızın gələcəkdə üzüyola gəlin, oğlanın da qolu zorlu kişi olması təbliğatı ilə bitir.

Bəs  harda qaldı vətəndaş böyütmək, ictimai-siyasi düşüncəyə sahib olan, özünü azad şəkildə ifadə edə bilən azad insan yetişdirmək?

Siz bu ölkədə 2×2=4-ü bir gün 2×2=5 formatına dəyişdirilməsi tələb olunarsa, bu yalanda iştirak edəcək ordunun öncüllərisiniz.  Və lütfən, bu ölkənin azad ruhda böyümək istəyən az sayda olan insanlarından uzaq durun.

Vicdanına hesabat verməyənin  tərbiyə verməyə qalxması bütün dəyərlərin məhv olması deməkdir zatən və bu ölkədə bu proses çoxdan başlayıb.

***

 

“Sənə elm öyrədənin qulu ol” kimi deyimlər  bir zamanlar çox populyardı.

Amma  əsl elm öyrədən  elm öyrətdiyinin  kimsəyə, özünə belə qul olmasını istəməz.

Bu yalnız əzilən, bu əzilmə nəticəsində hansısa kompleksləri yaşayıb qarşısında özündən zəif hesab etdiyi şagirdi əzməyə çalışan müəllimlərə aid bir deyim ola bilər.

Çünki müəllim təkcə təhsil, savad vermir. Müəllim bir insanın ruhunu inşa edə biləndir.

Ruhun bənnası olan ona köləlik yükləməz.

Hər günün 5-6 saatını yanaşı keçirdiyi uşağın ruhuna köləlik, qorxu, başıaşağılıq aşılayandan müəllim olmur. Hər kəsi öz qılıncının ölcüsünə uyğun biçməyə çalışanlar və bununla da özünü hakimə çevirənlərin müəllimliyi, olsa-olsa  bir diktatorun demokrata çevrilə  bilməsi qədər ola bilər.

 

 

P.S

Bu ölkədə yalan danışmaq çoxdan qəbahət deyil daha… Ölkənin ən yüksən və ali kürsüsündən ac saxladığı xalqa “biz inkişaf edirik” yalanını danışırlarsa, bir məktəbdə də fizika  müəllimi  şagirdlərin qarşısında dediyi sözün belə arxasında dura bilməyib özünü  düz danışmayan biri kimi təqdim edir və…

…Daha nə deyim, bu yarımçıq qalmış çümləni qoy Mikayıl Cabbarov tamamlasın.