Başımıza gələn “iş qəzaları”

saadet-cahangir-koseSəadət Cahangir

Əmək fəaliyyətim boyunca ciddi “iş qəzası”na uğramasam da, o ağrıları yaşayan xeyli dost-tanışım var. İşsizlik ən çox stress yaradan şeydir, məlum. Mən də çox vaxt onlara təsəlli vermək naminə dünya məşhurlarının başına gələnlərdən danışıb fikir yayındırmağa çalışıram. “İş qəzaları” dünyanın ən məşhur adamlarının da başına gəlir axı. Məsələn, ünlü ulduz Madonna məşhurlaşmamışdan əvvəl Amerikanın ən məşhur restoranlarından sayılan “Dunkin Donuts”da işə düzəlir, amma təsadüfi qəza üzündən elə həmin gün də işdən qovulur. Səbəb də onun bir müştərinin üzərinə jele sıçratması olur. Aktyor Riçard Gir 1974-cü “The Lords of Flatbush” filminin çəkilişlərində nahar zamanı səhvən tərəf-müqabili Stallonenin şalvarının üzərinə xardal damladır. Bərk əsəbiləşən Stallone Riçarda bir-iki yumruq çəkir, sonra da rejissorun qarşısında ikisi arasında seçim etmək şərti qoyur. Rejissor da onu seçərək, Riçardı qovmalı olur. Başqa maraqlı bir fakt da aktyor Ryan Qoslinqlə bağlı baş verib. Bir filmdə ata roluna dəvət alan aktyor daha yetkin görünmək üçün kökəlmək lazım olduğunu düşünür. Rejissorla məsləhətləşmədən deyilən vaxtda kilolu vəziyyətdə ortaya çıxan aktyoru rejissor əsəbiləşərək qovur, yerinə başqasını gətirir. Əyləncə dünyasının ən populyar adlarından biri olan Walt Disneyin də başına şöhrətlənməzdən əvvəl bənzər hadisə gəlib. Onu da bir qəzet üçün çalışdığı zaman “kifayət qədər yaradıcı olmadığı” səbəbiylə işdən çıxarırlar. “Mickey Mouse” kimi məşhur bir animasiyanın yaradıcısı olan Walt Disneyi qovanlar, əlbət ki, sonralar çox peşman olurlar…

Bizim ölkədə “iş qəzaları”nın motivi də başqadır, bilirsiniz. Son günlər bu motiv daha çılpaq şəkildə üzə çıxmaqdadır. Ölkədə siyasi baxışları hakimiyyət təmsilçilərindən fərqlənən insanların kütləvi işdən qovulmasına başlanıb. Onsuz da belə insanların sayı barmaqla sayılar. Amma deyəsən indi əməlli-başlı dənləmə prosesinə göstəriş verilib. Orda-burda gözdən yayınıb qalan tək-tək adamları da “aradan götürürlər”. Cəzalandırma təkcə fəalların özünə qarşı deyil, qohum-əqrəbasına da tətbiq olunur. Sentyabr mitinqlərindən sonra bir xeyli fəal bu repressiyaya məruz qalıb artıq. Baxın, bu adamlar hansı mənəviyyatın, hansı vicdanın sahibidirlər ki, illərdir Qəbələnin kəndində müəllimliklə dolanan bir cəbhəçini-İlham Quliyevi mitinqdə iştirakına görə işdən çıxarıblar! Kimdən gəlir bu əmrlər, icra edənin vicdanı ağrımırmı heç? Bəs sabah? Həyat bu günlə bitmir axı. 37-ci illərin repressiyalarını oxuyub dizlərimizə vururuq. Guya indi baş verənlər o illərdəkindən çox fərqlənir? 37-ci illərdən qalaq-qalaq kitab yazanların bu qədər ədalətsizliyə və zülmə necə susub durduğunu görmürsünüz? Nəylə fərqlənir ki, bu qansızlığa göstəriş verən və onu icra edənlər həmin illərin lənətlə xatırlanan “qəhrəmanlar”ından. İndi harınlıqdan gözünüz ayağınızın altını görmür, məlum. Ancaq bir gün sizlər də o lənətliklərin siyahısına düşəcəksiniz. İnanın, hamınız düşəcəksiniz, kimsə unudulmayacaq…

İlin-günün bu vaxtında insanları işsizliklə imtahana çəkmək, onu çörəklə imtahanına çəkmək deməkdir. Çünki bu qədər bahalaşmış ölkədə hökumətin verdiyi maaş yalnız aclıqdan xilas olmağa çata bilər. Bu ölkənin ən layiqli insanlarına onu da çox görürsünüzsə, bütün insani hisslərinizi itirmisiniz, demək ki. Amma bilin ki, tarix boyunca heç bir zorakılıq əbədi hakimiyyəti təmin etmək gücündə olmayıb. Sizinki də olmayacaq…