«Xahiş edirəm, heç bir sanksiyasız, ordersiz gəlib ofisimi darmadağın edən adamlar burada dindirilsin. Gəlib cavab versinlər görək, yanğının səbəbi bəlli olmadan məni həbs etmək göstərişini onlara kim vermişdi».
Binəqədidə ötən ilin mayında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunan Miryusif Mahmudov məhkəmədə MTN əməkdaşlarının dindirilməsini tələb edir.
M.Mahmudov yanğın baş verən binanı üzləmiş «Global Construction» və həmin üzlükləri istehsal edən «Global Stone» şirkətlərinin təsisçisidir. O bildirir ki, binada yanğın başlayandan yarım saat sonra 20-yə qədər MTN əməkdaşı onun ofisinə basqın edib, bütün sənədləri yığıb aparıblar, özünü də həbs ediblər. Hadisə günü axşam saat 17:30-a qədər MTN-də saxlanıldıqdan sonra prokurorluğa aparılıb.
ZƏRƏRÇƏKMİŞ MTN ƏMƏKDAŞI
Binəqədi yanğını üzrə noyabrın 1-də keçirilən məhkəmə iclasında bəlli olub ki, zərərçəkmişlər arasında da MTN əməkdaşı var. Zərərçəkmişlərdən Xəyyam Babayev teleqram göndərib ki, istintaqdakı ifadəsini təsdiqləyir və məhkəməyə gəlmək istəmir.
M.Mahmudov və vəkili İlhamə Həsənova məhz bu zərərçəkmişin məhkəmədə dindirilməsini istəyib. «O, MTN əməkdaşıdır, mütləq dindirilməlidir», – İlhamə Həsənova bildirib.
Məhkəmədə həmçinin, zərərçəkmiş Lalə Hüseynova da dindirilib. O, dəymiş ziyanın ödənildiyini və kimsəyə qarşı şikayətinin, tələbinin olmadığını bildirib.
Bir sıra zərərçəkmişlərin isə ölkədə olmadığı müəyyənləşdirilib.
Məhkəmə noyabrın 3-də davam edəcək. (azadliq.org)