Qadın olmaq

zumrud-yagmur-yeniZümrüd Yağmur

Hər şeyi, bütün arzuları, istəyi, ehtirası, yaşamaq eşqi göydəki ulduzlar səhərin ağuşunda öldüyü kimi, sevdiklərinin yanındaca ölmüşdü. O nə xoşbəxt ola bilmişdi, nə də bədbəxt… Sadəcə ömür  onu bu dünyaya həbs etmişdi və hər şey qurtarmamış bitib tükənmişdi.

Darıxa bilmək üçün darıxırdı, amma bu hiss ondan küsmüş kimi qəlbinə yaxın düşmürdü daha… Heç nə yoxdur, böyük bir boşluq və kimsəsizlik hissinin səssiz nisgili… O bir heç olduğunu hiss edib bunu anlayanda hər şey uğrunda vuruşub çarpışdı uzun zaman, həyatla cırmaqlaşdı, nifrət etdi, sevdi, kin bəslədi, hətta o zaman arzulamaq qabiliyyəti də vardı. Amma indi bir heç belə deyidli, o üzdən də hər şey dediyi nə vardısa, onlardan belə vaz keçmişdi.

Xatırlanacaq keçmişi də yoxdu, hər şey indiyə, yaşadığı ana sığışıb qalmışdı və o qəlbinin dərinliklərində hiss edirdi ki, indisi belə onunla birlikdə hardasa itir, əriyib məhv olur. Qadın hər şeyinin onu daima təqib edən qorxularına tabe olub sakitçə məhv olmasını seyr edirmiş kimi  könüllü şəkildə bütün duyğu və qadınlıq ruhunu, sevmək, sevilmək, fədakarlıq etmək, sədəqətli olmaq, onu qadın, insan edən nə varsa hamısını qətl edən bumbuz kimsəsizliyə elə sarılıb qalmışdı ki… O qadınlıq ruhuna qurulmuş dar ağacından sallann ipin boğazına keçirilməsini hər an gözləyirmiş kimi ona oxunmuş hökmə etiraz belə etmək istəmirdi. Qorxurdu, etiraz etsəydi, bu hiss  bir an belə onu tərk etsəydi qadın canlanacaqdı, yenidən yaşamağı öyrənəcəkdi və… Və o zaman yenə əzab çəkəcəkdi…

Cünki bütün başlanğıcların sonu eyni bitər.

Qadın hər dəfə o qorxu ilə üz-üzə qalanda bu sözləri təkrar edib güzgünün qarşısına keçir, bildiyi bütün inkarları özünə pıçıldayıb o qorxunu içində bir körpə kimi bəsləyb daha da böyütmək istəyirdi.

Qorxu onun ən etibarlı və sadiq övladı idi…

Bu dünyaya gətirə biləcəklərdən ən sadiqi…

Onun yenidən sevməyə və əzab çəkməyə, nəfəs aldığını hiss etməyə taqəti qalmamışdı. O daha kimsənin nəfəsinə qarışıb itmək, yox olub yenidən doğulmaq da istəmirdi.

“Lənət olsun, mən nə düşünürəm? Niyə, niyə axı bütün bunlar məni məşğul etməlidir, niyə hər şeyə bu qədər dramatik yanaşıram? Lənət olsun, bu qədər şişirdiləcək nə var axı!?  Kimsəsizmişəm,  yürüdüyüm küçədə, yaşadığım evdə, getdiyim yerdə kimsəsizmişəm. Bu qədərmi yəni, bu indi nə olur? Faciəmi? Yoxx, bu deyil, mənim itib batacağım küçə belə yoxdur, qaranlıqdan da qorxuram, acizəm, bunlardan gizlənmək üçün də özümə bəhanələr uydururam…”

Özünə gülmək istədi,  acınmaq hissini hər dəfə  duyanda etdiyi kimi… Əlləri ilə astaca üzünü qapadıb göz bəbəklərini yumşaq şəkildə bir-birinə qovuşdurdu. “Bu sakitlik… Bax əllərini üzünə tut və qapa… Dinlə, bax, məzarda da belə olacaq. Eynən belə… Sonra? Sonra əzabmı, aman, ordadamı?… Əgər mən günahsız ola bilməyəcəmsə və ora deyilən bir yer varsa, orda da əzab çəkəcəyəmsə, niyə yarımçıq olanların əzabını çəkməliyəm mən? Bəlkə də yarımçıq günahkar olmaqdansa, tam, ruhunu dibə qədər günaha bulayıb ölmək daha yaxşıdır? Mələklərin o axmaq, boş təbəssümlərini görməkdənsə, iblisin möhtəşəm qəhqəhəsini eşitmək… Əgər cəhənnəm məni qovurub arındıracaqsa, qoy tam yansın ruhum… yarımçıqlığa nifrət etmirdimmi mən?”

Qadın kinayə ilə gülüb bunu belə bacara bilməyəcəyindən əminmiş kimi yatağında çevrildi.

Yanındakı adam ondan cəsarətli idi, o ruhunu  günaha təslim etməkdən çəkinməmişdi, yalanlar, xəyanətlər, qadınlar, əyləncə… Osa bütün bunları lənətləyə- lənətləyə, dürüstlük deyə-deyə bu hala gəlmişdi. O nə istədiyini bilirdi əslində, ona bələdçilik edəcək duyğuların onu  hara apara biləcəyini, gedəcəyi  yerin, o duyğuların səyahəti nəticəsində hara gedib çıxacağını da…  Bu gecənin məzar sükutundakı mesaj belə ona nələrsə deyirdi.

O yaşamaqdan qorxurdu.

Bu üzdən kimsəsizliyə sığınmışdı.

***

O nə zaman yaşamağı bacarmışdı. Ömür hər zaman onun yanından ötüb keçmişdi və cəsarət edib onu tuta, saxlaya, özününküləşdirə bilməmişdi.
“Sadəcə zorla yaşamaqdan başqa bir şey olmayıb. Bu dünya ilə mənim işim olmadığı kimi, dünyanın da mənimlə işi olmayıb. Biz sadəcə bir-birimizə sırınmışıq, nə mənim arzum soruşulub, nə də dünyanın…

İşə bir bax, bu ki, faciə deyil. Kimdən nə soruşulub, kimin arzusu nəzərə alınıb ki? Bu boşluğun içində mıxlanıb qalmaq mənim nəyimə lazımdır, kim məndən nə gözləyir, ətrafdakılara mənim aidiyyatım varmı, asanlıqla təhqir olunub təhqir etməkdən, boşluq, heçliyin içimdə puça çıxardığı heç olmağı bacarmaq qabiliyyəti də tədricən məhv olub. İlahi, məni məhv etmək belə kimsəni maraqlandırmır daha… Hım, qəribəsi odur ki, adam iddiasız, sakit yaşayanda bəlkə də bunların heç biri baş vermir. Elə ki, iddia edib nəsə istəməyə başlayırsan, bax onda səni ən çox sevənlərin də sevgisi nifrətə, yaxud maraqsızlığa çevrilir. Eynən övlad kimi. Övlad da iddiasız, sakit olanda onu sevmək asan olur.

Mənim də övladlarım var axı, bəs onlar, onlar da məni sevmir? Yox, əlbəttə sevir, amma bu, seçilmiş bir sevgi deyil. Onların anası olmaq mənim taleyim olduğu kimi, məni sevmək də onların  taleyinə yazılıb, zorən sevməlidirlər, başqa yolları yoxdur. Bir başqası anaları olsaydı, onu sevəcəkdilər…”

Düşüncələrindən lap cana doydu. Yata bilmirdi, hər yeri ağrıyırdı, amma inildəmədi. Ərinin heç bir şey eşitməyib onun ağrısını hiss etmədən beləcə yatması dəhşətinin içində yaradacaqlarından qorxurdu. Dişlərini sıxıb döndü, yataq  narahat idi, durub səssizcə qapıdan çıxmaq, gecənin qaranlığında əriyib gözdən itmək istədi, amma hara gedəcəkdi? Gecə əbədi deyildi, sabah yenə açılacaqdı, yenə hər şey yenidən başlayacaqdı?

Ağlamaq istədi, amma boğazına yığılan qəhər  tıxac kimi nəfəs yoluna tıxandı, iki gündən bəri ağrıyan boğazı daha da incitməyə başladı.

Bir-iki dəfə ağrıdan şikayətlənmişdi, amma əri məhəl qoymamışdı. Bəzən bərk ağrıyanda onun nəzakət xatirinə kömək etməsini yadına salıb köks ötürdü, amma bu onu əvvəlki kimi ağrıtmadı, tək ona heyfsiləndi ki, lap bərkdən, hönkür-hönkür ağlaya bilmir…

“Bu gün mənə nə olub, lap kövrək olmuşam, adamlıqdan çıxmışam. Niyə, nə baş verib ki? Hər şey əvvəlkidirsə, niyə əzabım artıb?.. Bu gün ayın neçəsidir, daha doğrusu açılan səhərdə tarix nə olacaq? Dünənə qədər yadımdaydı, unutmamışam. Hım, xatırlanası nə var ki? Mənim nəyim var? Ah, ərim var, amam mən ərdə deyiləm, evim var, amma o mənim deyil… Ömrüm… Hıh, onu qorxu əsir alıb. Daha nə qaldı, ah, mənim hər zaman öyündüyüm qabiliyyətim… Sevmək qabiliyyətim. Lənət olsun. Kimə lazımdır sənin bu qabiliyyətin axı… Sevgilərin irişməkdən aşağı olduğu bir dünyada bununla öyünmək kimin ağlına gələ bilir. Ancaq mənim kimi axmaqların… Bir zamanlar buna çox arxayındım, bu qabiliyyətimin məni xoşbəxt edəcəyindən… Amma bax, indi sən bir heç belə deyilsən. Çünki sənin sevgi dediyin o lənətə gəlmiş nə hissdirsə, kimsəyə gərək deyil. Onamı, yox, ona bir uçuz qadının irişməsi lazım.  ”

Qadın qalxıb oturdu. Dərindən, amma ehtiyatla nəfəs aldı. Əri yatırdı və indi onun oyanmasını istəmirdi. O bu yataq otağına da nifrət edirdi. Burdan getmək, başqa bir otağa yerləşmək istəmişdi. Yanındakı adam buna belə imkan verməmişdi. Onu burda qalmağa məcbur etməklə  sanki daha çox təhqir edəcəyini bildiyindən  zorla burda saxlamışdı.

Onun duyğuları  üzünə tüpürüləndə içində elə bir xarabalıq  vardı ki, hiss etdikləri bəzən onu İblisin atəşli nəfəsində yanıb qovrulmağa sövq edirdi.

Amma sonra dururdu…

Çünki bütün başlanğıclar sonu eyni bitir…

Bu düşüncə ruhuna vurulan möhürdü və illərdi ki bu möhürün ağırlığı altında əzilib  təkliyin dar ağacına məhkum edilmiş qadınlığı bir şəkildə ölüb onu tərk etmirdi.

Bu ruh özündən qüdrətli idi və hər dəfə bunu hiss edəndə utanırdı.

Ondan… Qadınlığından…

O azadlığını iradəsinin hakimiyyətinə tabe etmişdi. Və illərdi iradəsi ona bir  şeyi diktə edirdi.

O hətta ehtirasdan titrəyən vücudunu yaşamaq istədiklərindən məhrum edib  əllərini döşlərinə sıxıb gözündən süzülən yaşın yastığa düşüb onda itməsinə iz verəndə belə bunu pıçıldayırdı.

“Bütün başlanğıclar eyni sonla bitir.”

***

Ərinin sözləri. “yaşlısan” deyib təhqir etməsi əvvəllər onu o qədər incidirdi ki,  bəzən ölümün onu tapa bilmədiyi düşünüb ölüm mələyini özü dəvət etmək istəyirdi. Eləçə qapını açsın, qaranlığa yürüsün. Və o mələyin soyuq nəfəsində olmuş olsa belə son dəfə yaşadığını hiss edib burdan getsin.

Ölümün son anındakı nəfəs belə onda yaşam ümidi yaradırdı. O ölməmişdi, vardı, ölə bilirdisə, ölməmiş demək…

Hər dəfə ərinin bu tip sözlərinin cavabında “məndən ayrıl, kim səni məcbur edir” deyəndə onun içində, qəlbində nə uçurumlar açılmışdı… Ehtiyatla başına vurulmaq üçün deyilmiş sözlərdən doğan yarı xəcalət, yarı əlacsızlıq hissi ona nələr etməmişdi? Etdikcə də məhv olmuşdu, cismi, qadınlıq ruhu bu əzabların ağırlığı altında  kimsəyə,  özünə belə bəlli olmayan bir şəraitdə kimsəsiliyə elə sarılmışdı ki, indi onunla sanki eyni idi.

Günlərlə güzgüdə özünə baxmırdı. Əvvəllər həyacanlanırdı, saçına ağ düşəndə, əlləri qırışanda, gözlərinin altı kölgələnəndə… indisə heç adi narahatlıq da keçirmirdi. Heç səliqəsinə də fikir vermirdi, günlərlə daraq dəyməmiş saçları, yarı çirkli paltarı ilə evə gələnin qarşısına çıxmaqdan utana bilmirdi. Hər dəfə nəyəsə həvəslənib bir şey etmək istəyəndə gözlədiyinin, istədiyinin əksi olurdu, eynən sabahkı gün kimi… Hələ haradasa hüceyrələrinin bölünüb parçalanmasından doğan yaşamaq eşqindən törəyən bir istək doğmuşdu içində… Sabah hər şeyi başqa edəcəkdi. Səhərdən evdən çıxacaqdı, istədiklərini edib həyata, insanlara qarışacaqdı. Hətta hədiyyə də düşünmüşdü özü üçün…

Amma heç nə alınmamışdı. O güzgünün qarşısıa keçmişdi, əllərini üzünə qoyub uzun-uzun özünə, üzgün və kədərdən  ağırlıq çökmüş gözlərinə baxıb özüdə itib batmışdı. O insanlara, həyata necə qarışacaqdı? Hara gedəcəkdi?

Rəfiqələrimi olacaqdı? Ərinin yatağına sürükləməsi üçünmü? Ya bir bir dostu, boğulduğu, beyni bulanıq olduğu halda zəiflik edib, özünü daşıya bilmədiyi bir anda paylaşdığı bir dostumu? Sonra o paylaşdıqları ucuz bir kafedə o dost dediyi ilə oturanların ucuz yeməyində laqqırtı kimi desert olmaq üçünmü?

Bəlkə başqa birini sevə bilərdi? Başını sinəsinə qoyub ürəyinin hər atışında onun qanına qarışııb damarlarında axan biri… Nəfəsini udub sanki sərxoş olubmuş kimi sevdiyi ilə sevginin ehtiras rəqsinin incə və atəşli rəqasına çevrilə bilmək üçün?!

Bunu düşünməyi belə özünə qadağan etmişdi. Sevmək onun üçün qadağa idi. Zorakı bir tabu…

İçində təkliyin uğultusu sanki beynini sovurub keçdi.

Və o nəfəsinə hopmuş kimsəsizlik ətrini çiyərlərinə çəkib inildədi.

Ağladı, səssiz və dərindən…

Ruhunu indilik yuya bilənə qədər…

Cünki bilirdi…

Sevsəydi…

Bütün sevgilər kimi sonu eyni olacaqdı.

***

Bu gecə ölə biləcəkdimi?

Qalxıb fikirdən şişmiş başına əllərinin arasında sıxdı. Əri rahat yatmışdı, Hər şeydən xəbərsiz… Bilirdi ki, o da bədbəxtdi, onunla xoşbəxt ola bilməmişdi. Sevmək, bir udum eşqdə itib batmaq, ona qarışıb ancaq onun ola bilməmişdi. Onların sevmək anlayışı fərqi idi.

Ərinin onun duyğularını daşımağa gücü yetməmişdi.

Əvvəllər onu qınamışdı, sonra bundan belə vaz keçdi.

Anlamışdı, dünya böyük sevgilərin yaşaya bilcəyi yer deyil. İnsan xisləti də onun yaşamaq istədiyi sevgini qarşılayacaq deyildi. Ətrafındakı hər şey onun sevgi anlayışından aşağı idi.

Onun üzünü əllərinin arasına alıb gözlərinə köçən,  qanına qarışan biri yoxdu.

Güldü,… “nə böyük sevgiymiş mənimki? Aman Allahım, kimsə onu daşıya bilməz, deyilmi? Mən belə daşıya bilmədim. Bax. Kimsəsizliyə düçar etdim. Amma bu adama yükləmək istəyirdim onu… Xaraktersiz birinə… Ona nifrət belə etmirəm indi. Amma özümə edirəm, özümü aldatdım mən, ona “məni daşıya bilməzsən” deyədə onun israrına aldatdım özümü… Hıh, sən axmaqsan, aciz, zəif və axmaq… Hər zaman da belə oldun. Tək sığındığın sevmək qabiliyyətin olub. Sən bunu bacara bilirsənsə, demək fərqlisən? Gülüncdür bu… Axmaq”!

Özünü söyüb dişlərini bir – birinə sıxdı.

***

Bir anda ərini oyadıb onun üzünə bağırmaq keçdi içindən… Hətta çağırdı belə… Əri oyanmadı, az çevrilib əlini çənəsinin altına qoyub sanki bununla daha dərin yuxuya getdiyini nümayiş etdirdi.

Qadın lap ruhdan düşüb əlini üzünə çəkdi, ağrıyan boğazını sığallayıb yenidən uzandı, başını çevirib gözlərini yumdu. Bir az keçməmiş ərinin oyanmamasına şükr elədi.  “Nə olub? ” sualı ilan kimi içini daha da buzlaşdacaqdı, qadın da eynən “heç nə” deyib susacaqdı. Əri onu yenə yanlış anlayıb ancaq  cinsi istəyinin olduğunu düşünüb onu nəyəsə məcbur edəcəkdi,  o dartınıb xilas olmaq istəyəndə də ərinin ona nifrətlə “xəstə” deyib üz çevirməsini izləyib daha da parçalanacaqdı.

Əri heç vaxt onun qəlbini görməmişdi…

Qadın iyrənib dikəldi, sanki nəsə qaytaracaqmış kimi udqunub sakitləşməyə çalışdı.

O ərini sevmirdi daha, onun  şəhvani oyunlarında sadəcə  cinsəl istəklərinin oyuncağı olmaq da istəmirdi. O  daha aşiq olmadığı birinin nəfəsinin nəfəsinə belə toxunmasından diksinib hər dəfə geri çəkiləndə, təcavüzə uğrayan  qadınlığını qoruya bilməyib acılara sarılanda,  hər səhər  yuyunduğu duş kabinəsində əzabla qovrulub ağlayanda burdan getmək istəyirdi. Qaçmaq və qaranlığa qarışmaq…

Onu udan qaranlığın qadınlığını sığallayan ölümcül nəvazişinə tabe olmaq istəyirdi.

***

Sarsıldı. Üzünü yastığa sürtüb səssizcə ağladı, hər şeyin elə indi qurtarmasını arzuladı, ölmək istədi, amma bütün arzu, istəkləri kimi bu arzusu da həyata keçmədi. Özüsə bu arzusunu gerçəkləşdirə bilmirdi, övladlarının taleyi üçün qorxurdu, onların özünün ölümündən sonrakı kimsəsizliyini düşünəndə ölmək arzusu qəlbinin dərinliklərində gizlənirdi. O çox şeydən məhrum olduğu kimi, dünyasını dəyişməyə də haqqı yox idi.

Ağlamağını kəsib gözlərini açmadan ərinin sakit nəfəsini dinlədi. İçi bomboş idi, ağlamaq əzabı da yuyub aparmışdı, sanki axıb harasa getmişdi, onun özündən əvvəl torpağa qarışmışdı. Hərdən ona elə gəlirdi ki, daha ölümü də əri üçün ağrılı olmaz. Əvvəllər övladları  kimi əri üçün də qorxurdu, onsuz ona çətin olacağını düşünürdü. Bir zamanlar belə düşünə bilməyin həsrəti indi içini yalayıb keçdi. Gözləri doldu,.

Beyni, düşüncələri bomboş halda taqətsiz uzanıb qaldı. Gecənin səssizliyində bütün əzaları süstəlib keyimişdi, qalxmaq, burdan həmişəlik getmək istəyi yenə ona hakim kəsildi, amma yenə də tərpənə bilmədi, getdikcə ağırlaşıb daşlaşan bədəni sanki qəlbini sıxıb onu boğmağa başladı. Çətinliklə qalxıb eyvana keçdi, hava o qədər boğucu , isti idi ki, əzabı daha da artdı. Kötüyə dönmüş ayaqlarını sürüyə-sürüyə uşaqlarının otağına keçdi, səssizcə böyük uşağın çarpayısına əyləşib onlara tamaşa etməyə başladı. Əslində onu bu duruma, aciz vəziyyətə salan əri yox, uşaqları idi, rahatlığını pozmaq, alışdıqları həyatdan ayırmaq qorxusu onu əzib bu hala gətirmişdi.

Əvvəllər ərinin sevirdi, çox,  indisə yox, əksinə onunla birgə yaşamaq, üz-üzə qalmamaq üçün çox şeyini verərdi. Amma uşaqlarının rahatlığını qurban verə bilmirdi.

Çünki onda qadın olmaq adına hər şey bir tabunun əsirliyində idi,  ancaq ana olaraq qalmışdı və indi tək dayaq yeri bəlkə də bu idi. Bilirdi ki, bu dayaq o qədər də etibarlı deyil, çünki övladları böyüdükdən sonra onun həyatını yaşamayacaqlardı.

Bəzən beyninə gələn düşüncədən, övladlarının kaş olmamasını düşünəndə qorxurdu, özünə lənət yağdıra-yağdıra bu düşüncələri beynindən qovmağa çalışırdı, sonra ağlaya-ağlaya  dua eləyib onların qorunmasını diləyirdi.

Son illər sanki onlara da zorən analıq edirdi və bunu özündən başqa kimsə bilmirdi. Övladlarını çox, lap çox sevirdi, amma bu sevgi onu “zorən analıq” düşüncəsindən, hissindən qurtara bilmirdi. Həyatsa onun üçün bir vəzifəyə, sevmədiyi, bəlkə bacarmadığı, zorla qəbul etdirilmiş borca çevrilmişdi. Nə getmək, nə imtina etmək haqqı vardı!

Bəlkə də  onun ruhu buralardan çoxdan köçüb getmişdi. Bədəni, fiziki əzablarısa onu dara çəkib nəyinsə, kiminsə qisasını alırdı. Bəzən ona elə gəlirdi ki, əri bütün  bunları qəsdən, onun bezib həyatdan getməsi üçün edir. Bəzən dözməyib “gec-tez gedəcəyəm” qışqıranda ərinin “heç yerə gedə bilməzsən, burda, mənimlə bərabər yaşayıb öləcəksən” deməsi onu əvvəllər o qədər incidirdi ki… Sonra alışdı, insanın hər şeyə alışdığı kimi tədricən, yavaş-yavaş bu düşüncə ilə yaşamağa başladı.

Buralardan getmək… ən böyük arzusu məhz bu idi.

Əvvəllər ərinə o qədər nifrət edirdi ki, bəzən onun ölməsini arzulayırdı. Bunu arzulayanda hər şey qarışırdı, birinin ölümünü arzulamaq qəbahəti ilə azad ola bilmək eşqi bir-birinə qarışırdı. Rahat, təhqirsiz, əzabsız, nifrətsiz həyat ona o qədər şirin görünürdü ki, başqa şeyləri həmin anda düşünüb bu şirinliyə heç nə qatmaq istəmirdi. Heç olmasa hərdən, lap qısa da olsa xoşbəxt, rahat olmaq onun haqqı idi.

Qalxıb yenidən yataq otağına keçdi. Əri yatırdı. O bədbəxtliyində qovrulub yanırdı. Əri yatırdı. O, ümidsiz, çarəsiz idi. Əri hər şeyə hakim kimi arxayın yatırdı.

O bu gecənin qaranlığında ömrünə düşmüş qaranlıqdan qorxa-qorxa çırpınırdı, əri xəbərsiz, sakit-sakit yatırdı… Çünki o, qaranlıqdan qorxurdu, əri yox.

Bütün qadınlar qaranlıqdan qorxur. Demək bu, qadın olmaq idi…

Gecə keçirdi. Milyon illərdi bu gecələr beləcə gəlib keçir, milyon illərdi ki, bu gecələrin qaranlığında qadınlar qorxub qıvrılır, əzab çəkir, bədbəxt olur!.. Çünki dünyanın, onda nə varsa hər şeyin xarakteri, xasiyyəti qaba, özünübəyənən, aldadıcı, yalançı, keçici… Və belə olmağı başaranlar bu dünya ilə dil tapıb burda rahat yaşaya bilirlər.

Qadınsa bilirdi, bu gecə də keçəcək, o yenə səhəri qarşılayıb növbəti gecəni, onu əzib qorxudan gecəni qarşılayacaq. O, bütün bunları kimsəylə paylaşmayacaqdı, zəif, iradəsiz, səbatsız  elan olunacağından qorxacaqdı.. Amma tək o, yalnız özü nə olduğunu bilirdi.

Onun yaşamağa həvəsi yox idi. Çünki o, səhv olaraq bu dünyaya gəlib çıxmışdı, sonra xoşbəxt olmaq üçün yola çıxıb azmışdı və bir kişinin yanına gəlib çıxmışdı.

Sadəcə, kişinin…

Və əgər bir daha səyahətə çıxsaydı, buna cısarətlənsəydi, yenə gəlib bir kişinin yanına çıxacadı…

Sevginin deyil…