Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azadliq-info-ya daxil olan məlumata görə, “Oksigen” klinikası keçmiş deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevə məxsudur. Rektorun oğlu Munir Vəliyev klinikanın təsisçisidir. Minur Vəliyev həm də “Muğanbank”ın rəhbəridir. Bir neçə il əvvəl də “Oksigen” klinikası mətbuatın gündəminə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, sözügedən klinikada əməliyyat olunan 23 yaşlı qız komaya düşüb. Məlumatlarda həmçinin bildirilirdi ki, “Oksigen”də 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpə həkim səhlənkarlığının qurbanı olub.