Hakimiyyət niyə yenidən ABŞ-a hücuma keçdi?

 

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «MSŞK-nın son qərarında ABŞ-ın nümayəndə heyətinin xüsusilə böyük fəaliyyəti olub»

Hakimiyyətin nəzarətində olan media yenidən ABŞ-ı hədəf götürüb. İş o yerə çatıb ki, ABŞ-da seçkilərin qeyri-demokratik keçiriləcəyi və cəmiyyətin iradəsini əks etdirmiyəcəyi ifadələrinə belə yer verilir. Bir müddət səngiyən ittihamların yenidən vüsət alması nəylə bağlı ola bilər? Ekspertlər hazırda baş verənlərin təsadüfi olmadığını düşünür. Belə ki, buna səbəb hakimiyyətin beynəlxalq maliyyə almaq şansını bir qədər də azaldıb, heçə endirən qərarın qəbulunda ABŞ-ın müstəsna rolu var. Mədən Sənayeində Şəffaflıq Koalisiyasının Azərbaycanla bağlı çıxardığı qərar reallığı əks etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq maliyyə reytinqinə ciddi zərbə vurub.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Mədən Sənayeində Şəffaflıq Koalisiyasının son toplantısında Azərbaycanla bağlı məsələ müzakirə olundu və ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti qeyri-qənaətbəxş qiymətləndirilərək, marta qədər ölkəyə növbəti bir şans tanındı. Yəni bu toplantıda Azərbaycanla bağlı daha pozetiv qərar qəbul edilə bilərdi. G.Hacıbəylinin sözlərinə görə, hakimiyyətin gözləntisi məhz belə idi. Amma eyni zamanda Azərbaycanın üzvlük məsələsinə baxılaraq, ona xitam da verilməsi mümkün idi: «Qəbul edilən qərar, ən praqmatik və düzgün idi. Çünki müxalifət düşərgəsi də hesab edir ki, Azərbaycanın koalisiyadan uzaqlaşması vətəndaş cəmiyyətinin problemlərinin həllinə yox, vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Amma bu müddət ərzində sərt bir şəkildə qərarların icrasını tələb etmək durumun yaxşılaşması istiqamətində müəyyən addımların atılmasına gətirib çıxara bilər. Əgər Azərbaycan mart ayına qədər də bu addımları atmayacaqsa, həbsdə olan vicdan və siyasi məhbusları azadlığa buraxılmayacaqsa, QHT-lərin fəaliyyətində yaradılmış böyük əngəllər qanunvericilik səviyyəsində aradan qalxmayacaqsa, QHT-lərin maliyyə resurslarına çıxışı təmin edilməyəcəksə, yəqin ki, martda qurum Azərbaycanla bağlı daha sərt qərar verməli olacaq. Bu zaman artıq vəziyyəti düzəltmək mümkün olmayacaq. Bu baxımdan bu daha düzgün qərar idi. Bu qərarın qəbul edilməsində ABŞ-ın nümayəndə heyətinin xüsusilə böyük fəaliyyəti olub. Bundan başqa Astanadakı mühüm görüşdən öncə insan hüquqlarının qorunması sahəsində on səkkiz mötəbər beynəlxalq təşkilatın Mədən Sənayeində Şəffaflıq Koalisiyasına müraciəti açığı çox sərt və birmənalı idi».

G.Hacıbəylinin sözlərinə görə, Mədən Sənayeində Şəffaflıq Koalisiyasının müsbət rəyi olmadan hakimiyyətin ümid bəslədiyi milyardlarla kreditin iqtisadiyyata ayrılması mümkünsüzdür. Bu baxımdan aqressiya başa düşüləndir. G.Hacıbəyli bildirdi ki, teleməkan və Azərbaycan mətbuatı ölkəmizdə geniş şəbəkəyə malik olan «5-ci kalonun» nəzarətindədir. Onların da ABŞ-da seçkilərlə fovarit olan Hillari Klintona qəzəbi göz önündədir. «Hətta Trampın «ABŞ-da seçkilərin saxtalaşdırılacağı» ilə bağlı gülünc fikirlərinə Azərbaycanın bəzi media təmsilçiləri tərəfindən dəstək gəldi. Bütün bunlar Rusiyanın ABŞ-da gedən seçki prosesinə qarşı aqressiyasından, Klintonun seçiləcəyi təqdirdə sərt antiRusiya ritorikasının bölgədə bütün avtoritar rejimlərə zərbə vura biləcəyindən irəli gəlir», deyə G.Hacıbəyli vurğuladı.

Xəyal