Cəlilabadda su bəndi dağıldı: Ələt-Astara yolu bağlandı

sel cenubBaş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

Belə ki, hər iki istiqamətə gedən mink avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Virtualaz.org-un Şirvan bürosu bildirir ki, su basma ilə bağlı Alar kəndinə təbii qazın verilişi də dayandırılıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, təhlükəli vəziyyət hələ də qalmaqdadır. Belə ki, bəndi dağılmış Cəfərxanlı gölündən gələn suyun həcmi o qədər böyükdür ki, yönəldildiyi İncəçay çayı onu axıda bilmir.