Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Sabiq nazir APA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.
O, hazırda evində olduğunu da əlavə edib.
***
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlanıb. Bu barədə Trend agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sabiq nazirin barəsində olan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib.
Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.
Əli Abbasovun vəkili Kamandar Nəsibov isə məlumatı təkzib edib. O, Unikal.org saytına bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu yalan və əsassız xəbərdir. Arxasında hansısa maraqlar dayanır. Əli Abbasov barəsində cinayət işi yoxdur”.