Eldar Mahmudovu dindirmirlərsə, deməli qorxurlar…

eldart

“Mahmudovla bağlı addım atmaqda, tədbir görməkdə sadəcə olaraq ehtiyat edilir”

İlham İsmayıl: «Çovdarov həyatına təhlükəni hiss edə bilər»

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov bildirib. Bu haqda Çovdarovun vəkili Kamandar Nəsibov məlumat yayıb. Çovdarov vurğulayıb ki, İlqar Əliyev döyülüb, daha sonra isə asıb öldürülüb: «Akif Çovdarov bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu  döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.

Vəkil eyni zamanda deyib ki, Çovdarov məktub yazaraq, onu həbsdə öldürmək istədikləri barədə həyəcan təbili çalıb. Keçmiş MTN-çi yazıb ki, həbsxanada onun müalicəsinə imkan verilmir, əksinə yanlış dərman atdırmaqla ürəyinin dayanmasına çalışırlar. Onun yazdığına görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ona müalicə təyinatı yazmağa imkan vermir.

Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Çovdarovla bağlı bütün epizodlarda E.Mahmudovun adı keçir. Amma məlum olub ki, bu epizodlarla bağlı E.Mahmudovun ifadəsi alınmayıb. Çovdarovun dediklərini necə qiymətləndirmək olar? Bu həbsdə olanın blefidir, yoxsa reallığı əks etdirir?

ilham-ismayil

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Çovdarovun həyatına təhlükə ola bilər. Çünki həbsdə ölən MTN-çilər intihar adıyla rəsmiləşdirildi: «Ona görə Çovdarov həyatına təhlükəni hiss edə bilər. Görünür, Çovdarovun başqa əməlləri də var ki, onlarla bağlı ehtiyat edir».

Amma agentlərin adının Çovdarovdan istənilməsiylə bağlı açıqlamaya gəlincə isə İ.İsmayıl bildirdi ki, bu məlumatı hazırkı DTX-dan əldə etmək mümkündür. Bütün agentlərin qeydiyyatı aparılıb və onların adı rəsmi şəkildə saxlanılır. Əgər istintaqa agenturanın adı lazımdırsa onu rəsmi şəkildə əldə edə bilər. İ.İsmayılın fikrincə, bəlkə burada söhbət Çovdarovun qeyri-rəsmi agentlərindən gedir: «Elə şəxslər var ki, sadəcə xəbər aparıb-gətirməklə məşğul olur. İcra hakimiyyətində də bu cür şəxslər işləyir. Amma onları rəsmiyyətə alınmır. Rəsmi agentlərin adı isə dövlətə çox gözəl bəllidir».

İ.Əliyevin döyülüb, öldürüldükdən daha sonra  aısldığına dair Çovdarovun dediklərinə gəlincə isə, İ.İsmayıl bildirdi ki, bu ölüm hadisəsiylə bağlı şübhəli məqamlar kifayət qədərdir.

E.Mahmudovun ifadəsinin hələ də alınmamasına gəlincə isə İ.İsmayıl vurğuladı ki, baş verənlər sübut olunur ki, E.Mahmudovla bağlı addım atmaqda, tədbir görməkdə sadəcə olaraq ehtiyat edilir: «Gizlinlər o qədərdir ki, biz onları təsəvvür etmirik. Ona görə də Eldar Mahmudov istintaqa cəlb olunmur. Olunmalıdır. Amma biz bunu görmürük».

Hikmət