Sentyabrın 26-sı Azərbaycanda referendum keçirildi, hakimiyyət konstitusiyaya dəyişiklik etdi, çoxu da elə bildi ki, İlham Əliyev oğlunu prezident etmək üçün maya qoyur. Və yaltaqlar keçdilər tribunaya, qəşş edənə kimi yaltaqlandılar, yeni bazar açan İlham Əliyev də onlara baxıb gülürdü. Bəs necə, insanları vəzifə, titul, diplom xəstəliyinə yoluxan bir ölkədə şıdırğı alver gedəcəkdi: prezidentlik üçün yaş limitinin ləğvi, vitse-prezident postları, torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması… və başqa “mallar” qəşəng qiymətə pullu müştərilərə satılacaqdı.
Bəli, onlar xalqdan oğurladıqları pullar hesabına oliqarx nazir, milyonçu deputat oldular, indi isə övladlarını “vitse-prezident”, “sütül deputat” etmək üçün İlham Əliyevin yeni auksionunda növbəyə düzüləcəklər. Bazar olsun!
Azərbaycanı Bazarbaycan edənlər iyul ayında bir bazar da “Qabiliyyət imtahanı” adı ilə ADBTİA-nın qarşısında açmışdılar. O bazarın qapısından içəri keçmək üçün cibində ən azı 3500 manat pul olmalı idi. Bunu mənə ADBTİA-da işləyən müəllimlər, övladları akademiyada oxuyan valideynlər him-cimlə, mesajla, şeirlə, tapmaca ilə desələr də mən inanmadım və bir yaşından qaçmağa başlayan, on yeddi il yüngül atletika ilə məşğul olan oğlumu qabiliyyət imtahanına apardım. Bizi qarşılayan müəllimin “pulu gətirmisiniz” sualına cavabım “mənim oğlum pulsuz keçəcək” oldu.
Akademiyanın qarşısında valideynlərdən yeni qiymətlər öyrəndim: Bakı 6000 manat, Sumqayıt, Gəncə, Naxçıvan 3500, qiyabiçilər 5000 manat… Akademiyada işləyən bir müəllim isə yeni rektorun “uğurları” haqqında danışırdı: “İnanın, sonuncu dəfə universitetin tualeti 93-cü ildə təmir edilmişdi. İndi hər dəfə təmirli tualetə girəndə deyirəm ki, ilahi, sənə min şükür, sanki cənnətdəyəm”.
O gün ADBTİA-nın qarşısında gördüklərim, eşitdiklərim haqqında üç-dörd qovluq məlumat, fakt toplamışam. Məndən 3500 manat rüşvət istəyən müəllimin mesajlarını telefonumun yaddaşında hələ də saxlamışam. Amma mənə ən ağır gələn odur ki, ölkədə minlərlə özünə jurnalist deyənlərdən niyə heç olmasa biri o “BAZAR” haqqında indiyə kimi heç nə yazmayıb? Axı necə olur ki, illərlə, yağışda-qarda məşqlərə gedənlər, öz hesablarına yarışlarda iştirak edənlər, qalib gəlib medal, diplom alanlar kənarda qalır, amma bir dəfə səhər idmanı etməyən, gününü barlarda, restoranlarda keçirənlər akademiyanın tələbəsi olur? Maraqlıdır, oğlumu hansı avtoşluq edənin, kostyumla, makasinlə, siqaret çəkə-çəkə qabiliyyət imtahanı verənin yerinə qaçırtdılar? Üç aydır bu təhqiri həzm edə bilmirəm, şikayət etməyə güvənə biləcəyim bir rəsmi ünvan da yoxdur.
Təsəllim odur ki, nə yaxşı oğlum ADBTİA-nın tələbəsi olmadı, çünki ona idmanda uğur qazanmağı yox, dinc insanların qapı-pəncərəsini daşlamağı, cəsur insanları təhqir etməyi, döyüb-öldürməyi öyrədəcəkdilər.
Və çox maraqlıdır, ixtisası ingilis dili müəllimi olan, vaxtilə komsomol katibi, direktor işləyən Azad Rəhimoun idmanla nə əlaqəsi ola bilər ki, birdən-birə Gənclər və İdman naziri vəzifəsinə təyin olunub? Yəqin qarnının yekəliyinə, boynunun yoğunluğuna görə. Milli Olimpiya Komitəsinin sədri olan İlham Əliyev heç olmasa bayramdan-bayrama arada velosiped sürür, turnikdə dartınır, məşəllə qaçır. Bəs Azad Rəhimov, Fuad Hacıyev nəyi bacarır?! Kim bilir, bəlkə, qarpızı kəllələri ilə bir saniyədə partladırlar, axı ölkəmizdə ən uğur qazanan idman yarışmasından biri də qarpızı kəllə ilə partlatmaqdır. Azad Rəhimovun imzası ilə evimdə “bir ton” diplom var. Əgər bir idmançıdan təhsil alması üçün rüşvət tələb edəcəkdinizsə, niyə verirdiniz o diplomları, fərmanları, medalları?! 3500 manata görə ölkənin istedadlı övladlarının üzünə qapı çırpırsınız, amma əcnəbi idmançıları almaq üçün milyonları havaya sovurursunuz. Ay şərəfsizlər, axı nəyə görə millətin qeyrətli, ağıllı, istedadlı, dəyərli övladlarının düşmənisiniz?! Sizi görüm, məzarınız başında cib xərcliyi kəsilən əcnəbilər ağlasın!
Köşəyə fransız fotoqraf Mestelanın oğlumun ölkədən qaçan yerdə çəkdiyi şəklini də əlavə edirəm. Açığı, onun hara qaçdığını mən də bilmirəm, amma arxasıyca qışqırıb deyirəm: bacardıqca bu ölkədən çox uzağa, lap çox uzağa qaç, oğlum!