Sultan Mehmetin saxladığı ədalət olsaydı…

saadet-cahangir-koseSəadət Cahangir

Bir ölkədə ədaləti saxlamağın əsas şərti əsla hansı millətə, xalqa və ya  dinə bağlı olmağa deyil, adam kimi adamların varlığına bağlıdır. Xüsusən də, dövlətin  başında oturanlar adam olanda nə məmləkətin dayağı sarsılar, nə də insanların hüzuru qaçar. Hər kəs başını aşağı salıb arın-arxayın işinin-gücünün arxasınca gedər və içi də rahat olar ki, haqsızlığa uğrayanda onun haqqını mütləq mənada qoruyan bir ədalət divanı var. İndi mübahisə düşsə, hər birimiz etiraf etməli olacağıq ki, qərb  dünyasında insanlar daha hüzurlu və daha qayğısız həyat sürür. Bunun əsas səbəbi nədir bilirmisiniz? O cəmiyyətlərin öz vətəndaşı üçün saxladığı ədalət. Amma insanlar bu qayda-qanunu analarının bətnində öyrənməyiblər ki. Dövlət, ailə, məktəb yetişdirib onları. Ölkənin başında duran adamların şəxsi nümunələri formalaşdırıb o cəmiyyətləri. Bizim ədalət tərəzimiz də o nümunələrin yoxa çıxmasından  əyilib elə. Türk toplumu əsrlər öncə bir yenilməz fatehin qoyduğu ədalətin izincə getsəydi, bəlkə indi dünyaya onlar hökm edirdi, qərbdəkilər deyil. Bəli, zamanında İstanbulun fatehi Sultan Mehmetin əllərinin kəsilməsinə qərar verməkdən çəkinməyən Xızır qazı ədaləti vardı…

Fatih Sultan Mehmet İstanbulun fəthindən təxminən on il sonra məşhur memar Sinana iki mərmər sütun göndərir və qübbəsi Ayasofiyadan böyük bir məscid tikməsini əmr edir. Zaman keçir,  məscid hazır olur, sultan  qübbələri görüncə, niyə əmrinə əməl olunmadığını soruşur. Memar zəlzələdə məscidin yıxılacağından qorxduğu üçün qübbəsini Ayasofiyadan kiçik etmək məcburiyyətində qaldığını və buna görə sütunları kəsdirdiyini söyləyir. Fatih icazə alınmadan belə bir iş görüldüyü üçün Sinanın “mərmər sütunları kəsən əllərinin kəsilməsi” əmrini verir. Sinan donub qalır, amma ətrafındakıların cəsarətləndirməsi ilə ürəklənib Fatih Sultan Mehmeti məhkəməyə verir. Haqqını aramaq üçün Qazı Xızır bəyə şikayət edir. Şəxsən Fatih Sultan Mehmet tərəfindən təyin edilmiş, Osmanlı ədalətinin simvollarından olan  Qazı memarı dinləyib məhkəmə qurur.  Son nəticədə  Fatih Sultan Mehmet günahkar çıxır və qazı  sultanın əllərinin kəsilməsi qərarını verir. Bunu eşidən Sinan qulaqlarına inanmır və qazıya yalvararaq şikayətini geri çəkir. Qazı da bunu nəzərə alaraq cəzanı maddi təzminata çevirir və memara böyük bir miqdarda pul ayrılması qərarını çıxarır…

İndi nə oldu ki, elə əcdadların soyundan törəyən bir toplum nəsil ağacları qırıla-qırıla bu yerlərə gəldi? Türk dünyasının bugünkü mənzərəsi ürəklər acısı, bunu danacaq halımız yox. Bu ağrını hazırda biz də yaşayırıq, qardaş Türkiyə də, o biri türk dövlətləri də. Səbəbi də dağda-daşda axtarmağa dəyməz. Səbəb əlinə hakimiyyət keçən təsadüfi şəxslərin məmləkətə ədalət möhürü vuran dövlət adamlarının izindən ayrılıb, sükanı başqa istiqamətlərə sürüb aparmasıdır. O istiqamət o qədər qarmaqarışıq hala gəlib ki, gəminin qayaya çırpılıb parçalanma təhlükəsi artıq gözlə qaş arasındadır. Sükanı ələ keçirən  adamlar isə bu təhlükəni ya görmür,  ya da özünü o yerə qoymur. Necə olsa, özləri üçün xilas yolu düşünüblər hər halda, gəmidə batan sərnişinlər arasında olmayacaqlarına əmindirlər. Onlar öz xilas yollarını düşünüblər, bəs bu sərnişinlər nədən öz taleləri haqqında heç düşünmür, əsl  faciəvi tərəfi budur…