aslanismayilov-enyeni

O adamlar ölkəni İraqa, Suriyaya döndərəndə kim onların qabağında duracaq?

aslanismayilov-enyeniAslan İsmayılov

Bu yazımda yağışla bağlı epizodlardakı, fikirlərdə olan söyüşləri təkrarlamayacam, ancaq bilin ki, hamısı ilə razıyam və dönə-dönə yada salıram. Sadəcə ünvanlar bəzi hallarda fərqlidir. Baş verənlərlə bağlı gördüklərinizi və eşitdiklərinizi təkrarlamayacam, öz fikirlərimi paylaşacam. İllər əvvəl yazırdım ki, “Üstü bəzək, altı təzək Vətənim”. Bax bu gün gördükləriniz həmin altda olan təzəklərdir. Hələ çoxlarını da görmürük, yəqin ki, görəcəyik. İlk öncə gözə, dilə gələn günahkarlar Nəqliyyat Naziri Ziya Məmmədov, “Azəryolservis” ASC sədri Saleh Məmmədov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Bəs gözə gəlməyən kimlərdir? Onları çoxları fikirlərinə belə gətirmirlər. Az bir hissəsini sadalayım. Baş nazir Artur Rəsizadə, Birinci müavini Abid Şərifov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Baş Prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və s., yəni bütövlükdə ölkə rəhbərliyi. Soruşursunuz axı Maliyyə Nazirliyinin, Mərkəzi Bankın yola nə aidiyyatı? Cavab çox bəsit və hamının bildiyidir. Həmin yollara, tunellərə maliyyə ayrılanda bunların hər biri o pullardan faiz götürüblər, özü də bəri başdan.

Bir çoxları isə paylarını yolların inşa prosesində, başqaları isə təhvil veriləndə alıblar. Bunların hər biri gözəl bilirdilər ki, aldıqları rüşvətlər işin keyfiyyətində hökmən öz təsirini göstərəcək. Sizi əmin edirəm ki, həmin yollara ayrılan pulların heç 50% real olaraq işlərə sərf olunmayıb! Ola bilsin inanmayacaqsınız, ancaq iki gündür ətrafımda olanlar məni tam hövsələdən çıxarıb, hamı səbrli olmağı məsləhət bilir, özüm də başa düşürəm, ancaq alınmır. Mənim də yaşayış şəraitim adlarını çəkdiklərimdən çox da fərqlənmir, yolda da, yağışın altında da qalmamışam, evim də hər şəraitim var, soyuqdan da əziyyət çəkmirəm. Sadəcə, onlardan fərqli olaraq məndə vicdan var! Facebook səhifələrində gördüklərimə heç bir aidiyyatım olmasa da vicdan əzabı çəkirəm. Axı, o suyun içində qalanlar mənim vətəndaşlarımdır.

Vətəndaşlığı kənara qoyaq, sadəcə İnsandırlar! Yolda qalanların əksəriyyəti səhərdən balasına çörək pulu aparmaq üçün min bir əziyyət çəkiblər, indi isə soyuq suyun içində çabalayırlar, günahkarlar isə yəqin heç bu görüntülərə də baxmırlar ki, kefləri pozulmasın. Onların içində sıradan çıxmış maşını evinə aparmağa pulu olmayanlar da var. Siz onlardakı çarəsizliyi, nifrəti gördünüzmü?! Həmin şəxslər sabah bu oğruların evlərini yağmalayanda, ölkəni, hakimiyyətin tez-tez yada saldığı İraqa, Suriyaya döndərəndə kim onların qabağında dura biləcək?! Heç kim, bunu bilin! Dünənki yazımda xalq haqqında içimdə olanları tökmüşdüm. Hərçənd ki, mən çox gözəl bilirəm ki, xalqı necə yönləndirirsən, elə də formalaşır. Xalqı yönləndirən isə onun ən çox 2 faizini təşkil edən hakimiyyətdəkilər və onlara qulluq edən ziyalılarıdır. Baxın, dünən təsvir etdiyim xalqın günahı bu iki faizdədir. Onsuz da geridə qalan 98 faizin itirməyə artıq heç nəyi yoxdur. İtirən bu 2% olacaq. Eşidirsiniz məni, ay 2%?! Məndən demək, qalanını özünüz bildiyiniz kimi edin. Bir şeyi də dəqiq bilin, yığdıqlarınız sizə heç vaxt kömək olmayacaq.

P.S. İmkanım olsa bütün günahkarları həmin sularda üzdürərdim.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.