İran hərbi gəmiləri Bakıya gəlir

iran gemiOktyabrın 18-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmilərinin Bakıya dostluq səfəri planlaşdırılıb, Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.

Müdafiə Nazirliyinin sözçüsü, Vaqif Dərgahlı səfərlə bağlı əlavə məlumat üçün hərbi gəmilər Bakı limanına çatdıqdan sonra jurnalistlərin görüşə dəvət ediləcəyini deyir.

Oktyabrın 21-nə qədər davam edəcək səfərdə hərbi gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Müdafiə nazirliyinin yadığı məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Fars xəbər agentliyi bu səfər haqqında yazanda vurğulamışdı ki, oktyabrın 16-da yola çəxan İranın hərbi gəmiləri “sülh mesajı ilə” Bakı limanına gəlir.

Hərbi dəniz donanmasının dördüncü dəniz qüvvələrinin kontr-admiralı Əfşin Reza bildirib ki, hərbi donanmanın gəmiləri ildə bir dəfə Xəzər dənizinin limanlarına bu cür səyahətlər edir.

 

(bbc azəri)