Payız yağışları başlayan andan Bakının yaşadığı fəlakəti görürsünüz. İki gündür paytaxt göl içində üzür. Yollarda, küçələrdə, sosial şəbəkələrdə özünüz şahidsiniz o acınacaqlı mənzərələrin. Hələ gördüklərinizin üzərinə günlərdir yaşanan işıq və qaz problemlərini də gəlin, baxın, millət nə çəkir. Əlbət ki, bütün bunlar 3 -5 günün yaratdığı dərdlər deyil. Biçarə Bakının başına on illərdir olmazın müsibətlər gətirilir. Qanunsuz dağıntılar, tikintilər, göydələnlər, yerdələnlər ürəyini söküb şəhərin. Bu, modernləşmə, yeniləşmə, bərpa, filan deyil, ağalar. Paytaxtı yöndəmsiz, zövqsüz, qaba binaların altında dəfn etmisiniz. Bəli, bunun adına məhz dəfn deyərlər. Hələ mən darmadağın edilən arxitektura abidələrini, qədim binaları, obyektləri kənara qoyuram. Bu qanunsuz və ağılsız tikililərlə şəhəri hansı təhlükəyə atdığınızın fərqindəsiniz? Heç nəyin fərqində deyilsiniz, görürəm. Olsaydınız, illərdir infrastrukturun yenilənməsi adına ayrılan milyardların nəticəsini binəva paytaxt sakinləri də öz həyatlarında hiss edərdi. Rəsmi açıqlamaya görə təkcə 2015-ci ildə ölkədə infrastruktur layihələrinə 16 milyard manata yaxın vəsait xərclənib. Allah xatirinə, hara gedib o pullar? Məgər bu qədər vəsaitin müəyyən hissəsi ayılsaydı, paytaxtın kanalizasiya sistemini əsaslı şəkildə yenidən qurmaq olmazdı? Nədir bizim yaşadıqlarımız, nə vaxta kimi havaya bulud gələn kimi su altında qalacağıq? Yeyintinin, dağıntının, mənimsəmənin bir hüdudu, sərhədi olmazmı heç? Bəli, bizdə o sərhəd çoxdan itib və nə yazıq ki, ölkə əhalisinin böyük əksəriyyətini də o harama, soyğuna, oğurluğa vasitə etmək üçün əlinizdən gələni edirsiniz uzun illərdir…
Müəllifini unutduğum belə bir hekayə oxumuşdum. Şəhərin mərkəzində kafe işlədən bir adamın diqqəti hər gün qarşıdakı meydançada çalışan işçiyə dikilib qalırdı. İşçi hər gün əlindəki bel və kürəklə gəlib, ətrafda çalışır, ağaclara qulluq edir, nahar vaxtı olanda çantasını açıb azacıq yeməyini yeyir, sonra da yerə sərdiyi kartonun üstündə oturub dua edirdi. Kafe işlədən adam onun bu gündəlik nizamına köks ötürərək: “Bu adama bax, kasıb olduğu hər halından bəlli. Amma işini necə dürüst görür, vaxtında da az-azacıq yeməyini yeyib duasını edir. Bəs biz! İşimiz ortada, qazancımız da bol. Yeyib içdiklərimiz bir çox insanın əli çatmayan şeylər. Amma içimizdə bir rahatlıq yox, halımıza şükür də etmirik. Bu düşüncələrdə kafe sahibi bir gün işçini yeməyə dəvət edir, işçi imtina edir. Amma adam inadla yemək göndərir işçiyə nahar vaxtı. İşçi kafeyə girməyi qəbul etməsə də, göndərilən yeməklərin gözəl qoxusuna dayana bilməyib yeməyə başlayır. Bu hal günlərcə davam edir, kafe sahibi də işçiyə göz qoyur. Bir az sonra baxır ki, işçinin əli işdən tamam soyumuş, ağaclara könülsüz qulluq edir, ayağını sürüyür, hər nahar vaxtı gözünü kafeyə dikib durur, duanı da unudub getmiş. “Bəli, işin sirri halal yeməkdə imiş, adamın ağzı harama dəyincə bu hala gəlirmiş demək…” deyir kafe sahibi öz-özünə…
Azərbaycanı şəxsi kafesi kimi işlədən adamlar da ölkə insanını bu hala salıblar. Qəsdən, bilərəkdən, məqsədli olaraq ediblər bunu. İnsanlar bir tikə çörəyin əsirinə çevrilib. Ölkə yalan, saxtakarlıq, haram içində üzür. Bax, bu günlər Bakının üzdüyü palçıqlı gölməçələr də o haramdan yaranıb. Başdakıların yeyib şişdiyi, milyonlarla insanın da xırda-xuruşuna vasitəçi olduğu haramdan. İndi biz ölkənin selə-suya qərq olmasını dərd edirik. Hələ harasıdır, bu haramın insanı girdabına çəkib boğmağı da var. Siz əsl o gündən qorxun…