Sabiq MTN generalının evindən tapılan 1 dolarlıqların açması nədir?
İlham İsmayıl: «Əgər istintaq Çovdarovu Gülənə bağlamağa çalışırsa, bu mənasız cəhddir və yalnız Türkiyəyə xoş gəlmək üçün edilə bilər»
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” və “kassiri” sayılan general Akif Çovdarovun evində axtarış zamanı üzə çıxan bəzi əşyaların qabardılması maraq doğurur.
Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb.
Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb.
Mətbuatda xüsusilə 3 ədəd 1 dollarlığın tapılması qabardılır. Bu təsadüfdirmi? Maraqlıdır ki, «FETÖ» işi ilə bağlı Türkiyəldə həbs olunan bəzi məmurların da evlərindən 1 dollarlıqlar tapılıb və yerli mətbuat bunu bir simvolik mənası olduğunu düşünür.
İstanbul Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosunun həyata keçirdiyi istintaqda “FETÖ terror təşkilatının” İstanbulun Anadolu tərəfində Jandarma təşkilatına cavabdeh olan və təşkilatda müdir köməkçisi olan Ö və M saxlanılıb. Adları gizli saxlanılan Ö və M peşmanlıq hökmlərindən yararlanmaq istədi. Ö və M 6 sentyabr 2016-cı ildə prokurora verdikləri ifadələrində təşkilat üzvlərində olan 1 dollarların sirrini də danışıblar. Dediklərinə görə tez-tez Fətullah Gülən yanına gedən müdir və bölgə təmsilçilərinə alt qurumda təmsil olunanlara paylanılması üçün 100, 50 və 20 dollarlıq əskinaslar verirdi. Bu pullar 1 dollarlıqlar şəklində xırdalanaraq müəllim və tələbələrə paylanılırdı. Yuxarı vəzifədə olan şəxslərin dediyinə görə bərəkət və xatirə olduğuna inanılan bu pullar təşkilat mənsublarının təşkilata və Gülənə bağlılıq, minnət duymasını təşkil edir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Çovdarovun evindən bütün dollar əskinaslarını tapmaq mümkün idi, o cümlədən də bir dollarlıq əskinaslar. Ona görə məhz bu yol ilə Çovdarovu Gülən simvolikasıyla bağlamaq mənasız cəhddir: «Covdarovun o bacarığı yox idi ki, o, Gülənin ideyalarını qəbul etsin. Ona görə əgər istintaq o cəhdə bulunursa ki, Çovdarovu Gülənə bağlasın. Bu yalnız Türkiyəyə xoş gəlmək üçün edilə bilər. Azərbaycan MTN-nində bu hadisələr keçən il oktyabrın 15-də olub. Türkiyə hadisələri isə bu ilin iyulunda baş verib. Ona görə Çovdarovu Gülənlə bağlamaq ən azı savadsızlıq olardı».
Hikmət