Polis əməkdaşları idarə rəisindən nazirə şikayət etdi Yenilənib

ramil_usubovİdarədə özbaşınalıq, korrupsiya var…DİN-dən reaksiya gəldi

DIN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələ ilə bağlı azadliq.info-ya açıqlama verib.

DİN rəsmisi bildirib ki, Nəsimi Rayom Mühafizə Polisi İdarəsinin rəhbərliyi barədə müraciətdə yer alan iddialar əsassızdır.

Onun sözlərinə görə, sözügedən idarənin əməkdaşları kimi təqdim edilən müraciət müəlliflərinin də həmin quruma heç bir aidiyyəti yoxdur.

***

Nəsimi rayon Mühafizə İdarəsinin polis əməkdaşları  Zaur Quliyev, Emin Həsənov və digər əməkdaşlar tərəfindən şikayət məktubu ilə müraciət edib.

Polis serjantı Zaur Quliyev idarə rəisinin qanunsuz hərəkətləri ilə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət edərək yardım etməyini xahiş edib. Müraciətin mətni:

“Daxili İşlər Nazirliyinin tabeliyində olan Baş Mühafizə İdarəsinin Nəsimi rayon Mühafizə İdarəsində baş verən son hadisələr biz sıravi polis əməkdaşlarının idarə rəhbərliyindən cənab nazirə şikayət etməyimizə səbəb oldu. Belə ki, idarə rəisi Bəşirov Elçin Tahir oğlunun idarəmizə rəis təyin edilməsindən sonra bölük komandirlərinin xidməti postlara polis əməkdaşlarını təyin etməsi, xidməti dərəcələrin alınması zamanı kadr tərəfindən pul istənilməsi, artıq mütəmadi hala çevrilib. Həmçinin, günbəgün idarəmizdə yerlipərəstlik artır. Misal üçün, idarə rəisi ən yaxşı postlara polis əməkdaşlarını təyin edərkən, onların xidməti nizamlılıq və nümunəlilik prinsiplərinə qətiyyən əhəmiyyət verməyərək, öz yerlilərini (ağdamlıları) təyin edir .Bunu idarəmizin samballı postlarını müşahidə edərək, özünüz də görə bilərsiniz. Bütün bunlara gözümüzü yumduğumuz, səbr etdiyimiz vaxtda daha bir qanunsuzluğa imza atmağa başlayıblar . Cənab prezident İlham Əliyevin bu ilin 18 yanvarında polis əməkdaşlarının aylıq əməkhaqqlarının 10 % artırılması barədə sərəncam imzalamışdı.

Təəssüf ki, həmin sərəncam kağız üzərində qalmışdı və fevral ayının 1-dən hər ay bizə verilməli olan artım, idarənin balansında pulun olmadığını əsas gətirərək vermirdilər. Sentyabr ayının 28-si isə fevral ayından verilməli olan 7-ayın artımı birdən maaş kartlarımıza vuruldu . Təəssüf ki, bu sevincimiz uzun çəkmədi və bölük komandirləri idarə rəhbərliyinin adından kartlara vurulan bu pulları yığmağa başlayıblar .Təsəvvür edin ki, Nəsimi rayon Mühafizə İdarəsində 300-dən artıq polis əməkdaşı işləyir və onların heç birinə əsas gətirilmədən həmin pulu alırlar. Pulu verməyə etiraz edən polis əməkdaşları isə xidməti postlarının dəyişdiriləcəyi və ya digər şəhər ətrafı mühafizə hissələrinə “perevod” olacaqları ilə hədələndilər. Görünən odur ki, idarə rəhbərliyinin cəzasızlığı mühitində işləməyi, onlara öz çirkin əməllərini daha açıq şəkildə etməyə imkan yaradır. Cənab nazir, müraciətimiz sizədir. Nəsimi rayon Mühafizə İdarəsində baş verənlərə diqqət ayırmağınızı xahiş edirik. Biz NRMİ-nin əməkdaşları olaraq illərdir xidməti borcumuzu layiqli şəkildə yerinə yetirmişik.

Elə son vaxtlar baş tutan Avropa Olimpiya oyunlarında və Formula 1 yarışlarının təhlükəsiz şəraitdə keçməsi, ölkəmizin müsbət tanıtımı üçün gecə-gündüzümüzə qataraq xidmət aparmışıq . Buna görə, bizə verilməli olan pulun verilməməsini dərd etməmişik. Nə vaxtsa mövcud durumun düzələcəyinə, zəhmətimizin qarşılığının veriləcəyinə dair ümidimizi itirməmişik. Lakin son günlər baş verən hadisələr bizim idarə rəhbərliyinə olan inancımızın itirilməsinə səbəb olduğundan, vəziyyətimizi ictimailəşdirmək qərarına gəldik. Xaiş edirik, vəziyyətimizin ciddiliyini nəzərə alaraq bizə kömək edəsiniz. (Qaynarinfo.Az)