Cərimə və sanksiyaların büdcədə payı şübhə doğurur

budceQubad İbadoğlu

Maliyyə Nazirliyi cari ilin yanar-sentyabr ayları üzrə dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb. Bildirilir ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 10 milyard 103,1 mln. manat, xərcləri 10 milyard 622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Gəlirlər hissəsində diqqət çəkən məqamlardan biri Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 2 milyard 370,5 mln. manat və ya 42,1 faiz az olması və Gömrük Komitəsinin proqnoza 25,6 faiz çox əməl etməsidir. Gömrük Komitəsinin gözlənildiyindən 25.6 faiz çox vəsait toplaması bu sistemdəki son dəyişikliklərdən sonra uçot-qeydiyyat intizamının artırılması, ödənişlərin əsasən rəsmiləşdirilməsi və manatın devalvasiya effekti ilə izah oluna bilər. Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 42,1 faiz az olması büdcədə neft gəlirlərinin xüsusi çəkisinin aşağı salınması ilə bağlı məqsədyönlü siyasətin nəticəsindir.
Bunynla yanaşı gəlirlər bölməsində sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olması bır sıra suallar doğurur. Büdcə gəlirlərinin təsnifatına görə, sair gəlirlərə inzibati xətalara görə daxilolmalar, o cümlədən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar, vergi qanunvericiliyinin, əmək qanunvericiliyinin və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar da aiddir. Bütün bu sadalanan və digər mənbələrdən 9 ay ərzində cəmisi 70,1 milyon manat, ayda 7,7 milyon manat vəsaitin büdcəyə köçürülməsi şübhə yaradır. Müqayisə üçün qeyd edim ki, bu ilin 8 ay ərzində yalnız yol hərəkəti qaydası əleyhinə olan inzibati xətalara görə 58,5 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Xərclərə gəlincə, cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinin proqnozla müqayisədə 46,4 faiz və 1,6 milyard manat az icra olunması diqqəti daha çox çəkir. Bu isə onu deməyə əsas verir ki, ilin 9 ayında pronozla müqayisədə büdcə xərclərinin bütövlükdə 12,5 faiz az icra edilməsi daha çox inkişaf yönlü vəsaitlərin ixtisarı hesabına baş verib. Büdcənin sosial təyinatlı xərclərininicra səviyyəsi isə qənaət bəxş olub.