Xalqımız gələn il daha ağır sosial sarsıntılarla qarşılaşacaq

cemil-hesenli-vashingtonDostlar! 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə tanış oldum. Gələn ilin acınacaqlı mənzərəsini əks etdirir büdcə rəqəmləri. İstər gəlirlər və istərsə də xərclər sahəsində əsas göstəricilər kəskin şəkildə azalır. Belə şəraitdə hökumət gələn il 1 faiz iqtisadi artım proqnozlaşdırır. Neftin qiyməti büdcədə 40 dollardan götürülür (cari ilin büdcəsində 25 dollarddır). Gəlin əsas rəqəmlərə diqqət yetirək. 2017-ci ildə büdcə gəlirlərin 15,955 milyard manat (9,7 milyard dollar) olması nəzərdə tutulur. Bu əvvəlki illə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azalma deməkdir. Dövlət büdcəsinin xərclər hissəsində bu azalma əvvəlki illə müqayisədə 10,2 faiz həddindədir. Xərclərin ümumi həcmi 16,600 milyard manat, yəni 10 milyard dollardır.

Ötən illə müqayisədə azalmanın ümumi həcmi 1 milyard 895 milyon manatdır. 2017-ci il büdcəsinin tam mənzərəsi əvvəlki üç illə müqayisədə daha aydın şəkildə görünür. 2017-ci ilin 9,7 milyard dolları ilə müqayisədə başa çatmaqda olan 2016-cı ilin göstəricilərinin 11-12 milyard dollar olacağı gözlənilir. 2015-ci ildə bu göstərici 17 milyard, 2014-cü ildə isə 24 milyard dollara bərabər olub. Bir anlığı təsəvvür edin son üç ildə ölkə haradan hara gəlib. 2014-cü ildəki 24 milyard dollar həcmində olan Azərbaycan büdcəsi 2017-ci ildə 9,7 milyard dollara enib. Rəqəmlər arasındakı fərq (14,3 milyard dollar) növbəti ilin büdcəsindən 1,5 dəfə artıqdır. İndi gəlin inkişafın əsas göstəricisi olan investisiya xərclərinə diqqət yetirək: 2015-də bu xərclər 7 milyard manat, içində olduğumuz 2016-cı ildə 3 milyard manat olduğu halda, gələn 2017-ci ildə 1,860 milyard manat olacaq.

Bu ötən illə müqayisədə 38 faiz azalma deməkdir. Lakin hələ bu da son deyil. Bu 1,860 milyard manatın 560 milyon manatı və ya 30 faizi Cənub Qaz Dəhlizi layihəsində ARDNŞ-in iştirak payını maliyyələşdirmək üçün şirkətin nizamnamə kapitalının artırılmasına ayrılacaq. Diqqət yetirin: nəzərdə tutulur ki, gələn il ARDNŞ dövlət büdcəsinə 210 milyon manat mənfəət vergisi ödəyəcək. Belə çıxır ki, şirkətin ödədiyi mənfəət vergisinin üzərinə 350 milyon da əlavə edilib geri qaytaracaqlar.

Ayrı-ayrı istiqamətlər üzrə diqqət yetirilsə kəskin azalmaların 2017-ci ilin sosial-iqtisadi həyatdakı mənzərəsi daha aydın görsənər. Mədəniyyət, incəsənət, bədən tərbiyəsi xərcləri = 513 milyon manat. 2016-cı illə müqayisədə 226 milyon manat və ya 30,5 faiz azaldılır; Sosial müdafiə və sosial təminat xərcləri = 2,1 milyard manat. Ötən illə müqayisədə 581 milyon manat və ya 21,5 faiz azaldılır; Səhiyyə xərcləri = 776 milyon manat. Ötən illə müqayisədə 55 milyon manat və ya 6,6 faiz azaldılır; Müdafiə xərcləri 1,6 milyard manat. Ötən illə müqayisədə 613 milyon manat və ya 27,5 faiz azaldılır; Elm xərcləri = 125 milyon manat. Ötən illə müqayisədə 9,9 milyon manat və ya 7,3 faiz azaldılır. Yerli gəlirlər cəmi = 642,4 milyon manat. Ötən illə müqayisədə 120 milyon manat və ya 16 faiz azalacaq; Yerli xərclər cəmi = 718,5 milyon manat. Ötən illə müqayisədə 820 milyon manat və ya 53,3 faiz azaldılır; Yerli xərcləri tənzimləmək məqsədi ilə mərkəzi büdcədən yerlərə ayrılan dotasiyanın məbləği 743,5 milyon manat və ya 42,7 faiz azaldılır.

Büdcə gəlirləri üzrə bir məsələ də xüsusi narahatlıq yaradır. Büdcənin əsas hissəsinin Dövlət Neft Fondu və digər qurumlardan ayırmalar hesabına formalaşdığı heç kəsə sirr deyil. Qeyd edilən ayırmalar xaric yerli gəlirlər hesabına formalaşan 7,2 milyard manat büdcə vəsaitinin vur-tut 600 milyon manatı regionların, 6,6 milyard manatı isə Bakının payına düşür. Bu, əslində regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramının iflasa uğramasının, regionlardakı acınacaqlı vəziyyətin aydın bir ifadəsidir. Bax gələn ilin büdcə rəqəmlərində əks olunmuş real mənzərəsi bundan ibarətdir. Müxtəlif istiqamətlər üzrə rəqəm və faiz göstəriciləri ilə azalmalar, əslində adekvat olaraq böhranın, yoxsulluğun, sosial sarsıntıların artım dinamikasını özündə əks etdirir. Bax biz zaman-zaman qeyri-neft sektorunun yaradılmasını, orta və kiçik biznesin formalaşmasını, iqtisadi islahatların keçirilməsini ölkəmizin bu acınacaqlı mənzərə ilə qarşılaşmaması, xalqımızın gələn il daha ağır sosial sarsıntılarla qarşılaşmaması üçün tələb edirdik. Təəssüf ki, hökumət bizim çağırışlarımızı eşitmək istəmədi, əvəzində isə indi ağır böhran girdabına saldığı xalqın etiraz səsini eşitməklə üz-üzə dayanıb.