İNSANsızlığın əsirliyi…

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Ölümün nə öldüğünü,  hiss etmək deyil, izləyəndə  tələbəydim. On iki yaşlı bir oğlan uşağı və onun ölümlə savaşı,  Ağdam qospitalının soyuq və baxımsız  otaqlarından birində Bakıdan getmiş tələbə könüllülərinin ümidin qalmış, mahiyyətdəsə, ölümlə tanışa bilmək üçün beş gün acı çəkmiş o balacanın sındırılmış çənəsi, taqətsiz belə olsa hər dəfə həyata tutunmağa can atırmış kimi titrəşən əllərinin aciz hərəkətləri və bir də kəsik-kəsik, xırıltılı nəfəsi yəqin ki, mən də ölümlə tanış olana qədər yaddaşımda qalacaq.

Ya da bəlkə ruhların da yaddaşı olur. Olursa, onda o adını bilmədiyim kiçik oğlan ruhumun yaddaşına köçürdüyü acı xatirələrdən biri olacaq. Axı insan yaddaşı sevinclə izlənilən xatirələri deyil, nə hikmətdirsə, acıları daha çox özünə çəkir və bəlkə də bu gerçək acı  yaddaşımın acgözlüklə  özünə hopdurduğu ilk xatirədir, onu da bilmirəm.

O balacanı ölümlə üzbəüz buraxan ermənilərdi, işgəncə edilmişdi, və o  cəlimsiz vücudunda bu işgəncənin işlərini daşıyaraq yaddaşına köcürdüyü  acılarla buranı tərk edəndə tək özü  ölümlə tanış olmadı.  Xocalı faciəsindən sonra könüllü çəbhəyə getmiş, Ağdam qospitalında işləyən bir çox tələbəni də ölümün ayrılığı, ayrılığınsa onsuzluğu ilə tanış edib getdi.

Keçən gün Ağır cinayətlər məhkəməsinin ədalətsizlik və haqsızlıq, zülmün ağırlığı hopmuş divarları yenə də sanki dağılacaq kimi idi. Və yəqin ki, həmin anda bu baş versəydi, hər kəs bunun adını bir cür adlandırmağa çalışacaqdı. Zəlzələ, sürüşmə… Gerçəkdəsə bəlkə torpağın və ya o daş divarların bağrı yarılacaqdı, bizsə, öz elmi biliklərimizdən faydalanmağa çalışıb hər şeyə bir ad taxmağa öyrəşdiyimiz kimi, bu  bağrı çatlamaya da sürüşmə, zəlzələ deyib keçəcəkdik.

Amma o daş divarların bağrının çatlaması üçün bütün səbəblər vardı. Dəmir barmaqlıqlar arasında  olanlar və şahid kimi ifadə verən “Bandotdel”in əməkdaşı İbrahim Kazımov üz-üzə dayanmışdı çünki…

Haqq və haqqsızlıq o anda onların timsalında canlanıb qarşı-qarşıyaydı.

“Nardaran İşi” yəqin ki, son illərin ən ağır məhkəməsidir.

Ya da bəlkə gözlənilən hökmün məzhəkəsi?

İşgənəcələr, ağır və qondarma ittihamlar, təhdidlər və ən nəhayət, onları gözləyən ağır və ədalətsiz hökmün qarşısında dik dayanmış şəxslərə  baxanda hər dəfə düşünürəm ki, nə yaxşı ki, onların inandığı  Allahı var. Və bir də ona şükür edirəm, nə yaxşı ki, illərdir Azərbaycanın iqtidarını işğal etmişlərin Allahı yoxdur. Olanlar qarşısındakı qəzəb hissimi sakitləşdirmək üçün bəlkə mən də özümü ona inandırıram ki, məhz Allahsız olduqlarından etdiklərinin çəzasını alacaqlar?!

Nardaran hadisələrində həbs edilmiş insanların hər şeyə rəğmən, ağır işgəncələrə və onların gözləyən ədalətsiz hökmə baxmayaraq,  inamla ayaqda durmasını görəndə insan Allahsızlığın bir cəza olduğunu fikirləşib bu ölkədə  zülm edənlərin bir gün cəzalarını alacaqları düşüncəsinə sarılıb davam edə bilir.

***

“Nardaran işi”ndə tez-tez bu ifadəni eşidirəm. “Bizə Bandotdel” də elə işgəncə verirdilər ki, sanki  erməni əsirliyində idik”. Azərbaycanda bu ifadənin zülm görmüş, haqsızlığa uğramış biri ona qarşı ədalətsizlik etmişi ittiham edəndə işlədildiyinin dəfələrlə şahid olmuşuq. Hər dəfə də içimdən bir etiraz  harayı  qopur, səssiz və dilsiz… Ki, yox, ey mənim Nardaran kəndində  inancına sadiq qaldığı üçün terrorçu adlandırlan,  zülm görən vətəndaşım, qandaşım, yox, sən erməni əsirliyində deyilsən. Nə sən, nə mən…

Biz hamımız insanlığın və İNSANsızlığın əsirliyindəyik….

İnsan xislətindəki amansızlığın, acgözlüyün, zalımlığın və ədalətsizliyin girovlarıyıq. Biz bu ölkədə iqtidar olanların acgözlük və görməmişliyinin, zalımlıq və zülmü güclə birləşdirənlərin əsirliyindəyik.

Amma bizi əsir edənlər də əsirdir. Əldə etdikləri gücün, bu gücü saxlamaq  və sahiblənmək üçün ən müqəddəs şeyləri yox sayaraq yüksəyə qalxdıqlarını zənn edərək dünyanı ayaqlarının altında hiss etmələrinin əsirliyindədirlər onlar da…

Bizsə öz qorxumuz və cəsarətsizliyimizin…

Hərdən düşünürəm ki, edilən zülm də qarşılıqlıdır? Onlar bizə etdikləri zülmlə sahibləndikləri gücün əsiridirlərsə, bununla bizə ədalətsizlik edirlərsə, biz də öz Allah kəsmiş səbrimizlə onların əsirliyini bəsləyib daha da dərinləşdirmiş oluruq. Bizim biganəliyimiz onları görməmişlik və zülmkarlıq əsirliyinin bataqlığında daha çox batırır.

Bəlkə də mahiyyətdə biz onların günaha daha çox batması üçün bir vəsiləyik? Axı bəzən qarşımıza biri çıxır və o bizim günahımıza, xəcalətimizə səbəb, içimizdəki pisliyi üzə çıxarmağa vəsilə olur.

***

Keçən gün  “Nardaran işi” ndə  ittiham edilənlər işgəncə etmiş  şəxslə  üz-üzə duranda ondan zülm görmüş Nardaran məhbusları sanki erməni əsirliyində işgəncəyə məruz qaldıqlarını dedilər. Amma inanın işgəncənin, zülmün və ya əzabın, əxlaqsızlığın, yalanın  milliyəti olmur, onun heç nadanı, cahili və ya savadlısı, səviyyəlisi də olmur.

Bütün bunların bir “milliyəti” var. İNSANsızlıq…  İNSAN  olmağı özünə məqsəd edə bilməyən varlıqlar işgəncə, zülm edir, yalan danışır, əxlaqsızlıqla məşğul olur.

Və nə yazıq ki, dünyada 7 milyard insan dediyimiz varlığın  çox cüzi hissəsi, lap az sayda olanı İNSAN olmağı özünə məqsəd etmişlərdi.

“Nardaran işi” məhkəməsində də bəzən bizə elə gəlir ki, orda təkçə Haqqın haqsızlıqla, zülmün mərhəmətlə savaşı gedir. Yox, ora həm də insan olmağı məqsəd etməmişlərlə,  İNSAN olmağı məqsəd etmişlərin  mübarizə meydanıdır.

Bizim insanlıq dediyimiz nədirsə, indi yaşadıqlarımız ondan qat-qat əskikdir. İnsanlıqdan böyük gözləntilərimizin də hamısı nədirsə, gözəl şeylərdir, nə işgəncə, nə də zülm… Ancaq gözəl olanlar. Sevgi, sədaqət, fədakarlıq, mərhəmət… Biz o insanlıq dediyimiz nədirsə, onun  həsrətindəyik, ən yaramazımız belə qarşısındakından İNSANlıq gözləyir.

Lakin onu görə bilmirik, ona görə yox ki,  erməniyik, ona gərə ki, İNSAN deyilik.

Yer planeti üzərində   İNSAN olmağı məqdəs etməmiş xeyli varlığı  daşıyır. Azərbaycan və onun kimi diktatura və zülmün caynağında hər gün ölüb dirilən, sanki yeni-yeni işgəncələrin sınaq meydanına çevrilmiş məkanlardasa, tək günahkar heç də zalımlığı özünə həyat tərzi seçmişlər deyil, eyni şəkildə zülmü özünə rəva görmüşlər də günahkardırlar.

P.S

Keçən gün  Ağır  Cinayətlər məhkəməsində gedən “Nardaran işi” məhkəməsində İbrahim Kazımov adlı biri ifadə verirdi. İşgəncə verdiyi insanların üzünə dayanıb sakitliklə “yalan deyirlər, mən bunlara işgəncə verməmişəm” deyib dik durmağa çalışırdı. Gülümsəyirdi, əllərinin etinasız hərəkətləri ilə də soyuqqanlı olduğunu nümayiş etdirib bununla üstünlük qazanmağa çalışırdı.

Amma düşündüm də, bəzən insan gülümsəyir və biz elə bilirik ki, o bu an yaşadıqlarından məmnundur, hər şey yaxşıdır.  Amma bütün təbəssümlər məmnunluqdanmı doğar? Axı  təbəssümün üzü sürtülümş irişmə forması da var. Və bəlkə də bəzən insan öz içinə yüklədiyi yükün, vicdansızlığın, zalımlığın ruhuna hopdurduğu ölümün üzünə irişir?!

O gülümsəmə də bəlkə təbəssüm deyilidi!?

Hər şeyi yaltaqlıqla əldə edənin ölümə də yaltaqlanıb ondan ömür, əfv  pay alacağını zənn edən birinin irişməsi idi!?