«Əsasən mediada «Nardaran hadisələri» ilə bağlı açıqladığım məsələlər ətrafında müzakirələr oldu».
Bunu AzadlıqRadiosuna oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev bildirib.
Onun deməsinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.
O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib: «Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər».
O.Gülalıyev oktyabrın 13-də «Siyasi Məhbuslarsız Azərbaycan» təşkilatının «Nardaran işi» ilə bağlı həbs edilən şəxslərin siyahısını paylaşıb.
Həmin sənəddə bildirilir ki, ötən il noyabrın 26-sı Nardaranda baş verən hadisələrlə bağlı ümumilikdə 200-dən çox şəxs saxlanıb. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfər barəsində cinayət işi açılıb və onlar həbs olunublar. Sənəddə həbs edilənlərə ifadə almaqdan ötrü ağır işgəncələr verildiyi də bildirilirdi.
Üstəlik, həbs olunanların hamısı siyasi məhbus hesab edilirdi.
O.Gülalıyevdən başqa AXCP-nin sədr müavini Gözəl Bayramlı, Ali Məclisin sədri Nurəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Müsavat Partiyasının başqanı Arif Hacılı da bu idarəyə çağrılıb.