Büdcədə 519 milyon manatlıq kəsir yaranıb

budce

 

Nemət Əliyev: «Büdcənin istər gəlir, istərsə də xərc bölgəsində kəsirin olması gözlənilən idi»

Maliyyə Nazirliyi 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 milyard 103,1 milyon. manat, xərcləri 10 milyard 622,2 milyon manat olmuş, 519,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.

Gəlirlər

2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12 milyard 98,3 milyon manat proqnoza qarşı 10 milyard 103,1 milyon manat və ya 16,5 faiz az icra olmuşdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4 milyard 926,3 milyon manat vəsait təmin edilmişdir.

Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8 faiz çoxdur.

2016-cı ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1 milyard 653,8 milyon manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 mlrd. 260,0 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 2 mlrd. 370,5 mln. manat və ya 42,1 faiz azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil etmişdir.

Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olmuşdur.

2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3 mlrd. 969,3 mln. manat icra olunmuşdur.

Xərclər

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10 mlrd. 622,2 mln. manat icra olunmuşdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 mlrd. 514,0 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur.

Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 mlrd. 151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 mln. manat vəsait yönəldilmişdir.

2016-cı ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

Cari ilin iyul -sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3 mlrd. 800,7 mln. manat icra olunmuşdur.

İcmal büdcə

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14 mlrd. 951,0 mln. manat, icmal büdcənin xərcləri isə 12 mlrd. 623,4 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 2 mlrd. 327,6 mln. manat təşkil etmişdir.

nemet-eliyev1

İqtisadçı Nemət Əliyev bildirdi ki, büdcə son on ildə ən ağır dövrünü yaşayır. Çünki əhalinin gəlirləri kəskin şəkildə azalıb, ölkənin bank sistemi çöküb, iqtisadi sahədə tənənzül yaşanır, gəlirlər əhəmiyyətli dərəcədə azalıb: «Büdcənin istər gəlir, istərsə də xərc bölgəsində kəsirin olması gözlənilən idi. Büdcə gəlirlərində bu qədər kəsirin əmələ gəlməsinin əsas məsuliyyəti Neft Fondunun üzərinə düşür. Çünki Neft Fondu büdcə qarşısında üzərinə qoyulan öhdəliyi yerinə yetirməyib. Bundan əlavə Vergilər Nazirliyinin xəttiylə daxil olmalarda 9 ayın planının tam formada yerinə yetirilməsi uğur sayıla bilməz. Çünki Vergilər Nazirliyinin xəttiylə büdcəyə daxil olan manat keçən il ilə müqayisədə alıcılıq qabiliyyətini itirib. Bütün bunlara baxmayaraq dövlət büdcəsinin xərclərində də kəsir yaşanır. Büdcə hesabına maliyyələşən təşkilatlarda da problemlər yaşanır. Xərclərin aşağı düşməsi ölkə iqtisadiyyatında iqtisadi fəallığın azalmasına gətirib çıxarır. Eyni zamanda bu əhalinin sosial vəziyyətinin ağırlaşmasına təsir edir. Bütün bunlar ona gbörə baş verir ki, hakimiyyət kaprizlərindən əl çəkmir».

N.Əliyevin sözlərinə görə, hakimiyyət real islahatların önünü açmaq istəmir. Ölkənin bu cür vəziyyətə düşməsində rüşvət, korrupsiya, qanunsuzluğun böyük rolu olduğunu deyən N.Əliyev vurğuladı ki, bu istiqamətdə hakimiyyət üzərinə düşən vəzifələri yerinə yetirmir: «Bu cür münasibət qaldıqca, büdcənin icrasıyla bağlı problemlər daha da dərinləşəcək. Bunun isə Azərbaycan üçün heç bir faydası yoxdur».

Xəyal