“Bandotdel”də olan Nurəddin Məmmədli: “Sübut etməyə çalışırdılar ki…”

nureddin-memmedli«İdarənin rəis müavini və istintaq şöbəsinin rəisi ilə görüşüb, söhbət etdim. Söhbət əsasən mənim bəzi (Facebook) statuslarımla bağlı oldu. Onlar sübut etməyə çalışdılar ki, həmin statuslarda dini ekstremizmi müdafiə etmişəm».

Bunu oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Azadlıq Radiosuna deyib.

N.Məmmədli qeyd edib ki, o deyilənlərlə razılaşmayıb: «Mən də onlara sübut etməyə çalışdım ki, heç də o statuslarda dini ekstremizm müdafiə edilməyib. Mən Azərbaycanda zorakı metodlara, mübarizənin qeyri-hüquqi müstəvidə aparılmasına qarşı çıxan bir siyasətçiyəm. Dəfələrlə bu mövzuda yazıb bildirmişəm ki, dini ekstremizm Azərbaycan dövlətinə ən böyük təhlükədir».

N.Məmmədli Nardaran hadisələri ilə də bağlı fikirlərini çatdırıb: «Bütün səylər ona yönəlmişdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını ekstremist qruplarla bağlayıb, ondan qisas alsınlar. Ancaq Taleh Bağırov buna imkan vermədi. Əsl din xadimi kimi öz iradəsini ortaya qoydu».

Oktyabrın 14-də səhər saatlarında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Oqtay Gülalıyev və Eldəniz Quliyevlə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində söhbətlər aparılıb.