Milli Şuranın Koordinasiya Mərkəzi oktyabrın 12-də növbəti iclasını keçirib. İclasda bir neçə cari ictimai-siyasi məsələ müzakirə olunub.
Koordinasiya Mərkəzi “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin əsassız şəkildə həbsdə saxlanmasına diqqət yetirib. Oktyabrın 12-də Nəsimi məhkəməsi Faiq Əmirlinin barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirməklə bağlı şikayətini təmin etməyib və o, həbsdə saxlanıb. MŞ Koordinasiya Mərkəzi bunu F.Əmirli ilə bağlı verilmiş siyasi sifarişin qüvvədə qalması kimi dəyərləndirib. Koordinasiya Mərkəzinin üzvləri hakimiyyətin F.Əmirliyə qarşı absurd ittihamdan imtina etməməsini pisləyiblər.
Koordinasiya Mərkəzi keçmiş səhiyyə naziri Əli İnsanovun11 illik cəza müddətini günə-gün çəkdikdən sonra barəsində yenidən qurama ittihamla həbs qərarının verilməsinə etiraz bildirib, bunu siyasi hakimiyyətin qisasçılığı kimi qiymətləndirib.
İclasda Nardaran hadisəsi və Beynəlxalq Bank işi üzrə davam edən məhkəmə proseslərindəki ifşa faktlarından da danışılıb. Koordinasiya Mərkəzinin üzvləri Nardaran hadisəsilə bğalı məhkəmədə təqsirləndirilən şəxslərin bəhs etdikləri dəhşətli işgəncə hallarını insanlığa zidd əməllər kimi kəskin şəkildə pisləyiblər. Bildirilib ki, prokurorluq məhkəmədə ifşa edilən o işgəncə və zorakılıq faktlarına görə dərhal cinayət işi başlatmalıdır. Lakin təəssüf ki, prokurorluq bunu etmir, çünki siyasi hakimiyyətin əlavəsinə çevrilib və qanunla yox, Prezident Administrasiyasından aldığı göstərişlərlə hərəkət edir.
İclas iştirakçıları qeyd edib ki, eyni sözləri Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin məhkəmədə ifşa elədiyi yeyinti faktlarına münasibət barədə də demək olar. Bu məhkəmədə də olduqca böyük korrupsiya əməlləri detallı şəkildə açıqlanır, lakin müvafiq dövlət qurumları buna heç bir reaksiya vermir.
Koordinasiya Mərkəzi Baş Prokurorluqdan hər iki məhkəmədə detallı şəkildə ifşa olunan qanunsuz əməllərə görə cinayət işi açmağı tələb edib.
Koordinasiya Mərkəzinin üzvləri təəssüflə vurğulayıblar ki, hazırda dövlətin bütün gücündən müxalif fikirli günahsız insanları şərləyib həbs etmək üçün istifadə olunur, həqiqi cinayət törədənlər – büdcəni dağıdanlar, günahsız insanlara işgəncə verənlər isə himayə edilir. Koordinasiya Mərkəzi bu gedişatın durdurulması üçün xalqın hamılıqla dinc və davamlı mübarizəyə qalxmalı olduğunu bir daha vurğulayıb, bu xüsusda Milli Şuranın vəzifələri ətrafında fikir mübadiləsi aparıb.