Gültəkin Hacıbəyli: «ATƏT-lə münasibətlərin düzəlməsi qarşıdan gələn prezident seçkilərində təşkilatın müşahidə aparmasına hesablanıb»
“ATƏT Azərbaycanla əməkdaşlığı gücləndirməyin yollarını axtarmaqda qərarlıdır. Bura ATƏT-in Bakıda ofisinin yenidən fəaliyyətə başlaması da daxildir”.
Bu barədə ATƏT-in mətbuat xidmətindən APA-ya ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpa olunmasının mümkünlüyü ilə bağlı verilən açıqlamada bildirilib. Mətbuat xidmətindən onu da qeyd ediblər ki, bununla belə, ofisin fəaliyyət göstərməsi ilə bağlı qərar Azərbaycan, həmçinin ATƏT-ə üzv olan bütün ölkələr tərəfindən dəstəklənməlidir.
Qeyd edək ki, ATƏT Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddəti isə 31 may 2015-ci il tarixində başa çatıb, bununla da, fəaliyyət dayanıb.
Maraqlıdır ki, bu bəyanat ATƏT DTİHB-nin rəhbəri Mixail Link Bakıya səfər etdikdən sonra məlumat yayılıb. Onu da qeyd edək ki, Link Azərbaycan hakimiyyətinin qatı tənqidçisidir və onun səfəri birmənalı qiymətləndirilmir. Yəni hakimiyyət referendumdan sonra seçkilərlə bağlı ciddi legetimlik problemi yaşayır. Belə olan halda istisna deyil ki, hakimiyyət növbəti prezident və parlament seçkilərinə gedəcəksə, ATƏT-in müşahidə missiyasının seçkidə iştirakını istəyir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Linkin səfəri təsadüfi xarakter daşımır. Səfər daha çox hakimiyyətin istəyi ilə reallaşıb. Tələsik refrendum keçirən hakimiyyətin yəqin ki, yaxın aylarda prezident seçkiləri keçirməyi planlaşdırdığını deyən G.Hacıbəyli bildirdi ki, refrenduma çıxarılan dəyişikliklər arasında ən çox diqqət çəkəni prezident seçkiləridir. Çünki hakimiyyət prezident seçkilərini ölkədəki iqtisadi böhran dibə dəyməmiş keçirmək niyətindədir: «Ölkənin iqtisadi durumu çox ağırdır. Hazırkı iqtidarın siyasəti ölkəni sosial partlayış astanasına gətirib çıxarıb. Hakimiyyət gözəl anlayır ki, gələn vəziyyət bundan daha pis olacaq. Ona görə referendumun əsas hədəfi prezident seçkilərini daha tez keçirmək və bununla da hakimiyyətin düşüncəsinə görə siyasi gərginliyi azaltmaqdır. Yəqin ki, siyasi hakimiyyət onu da anlayır ki, ATƏT-in müşahidə missiyası, DTİHB-nin rəyi olmadan prezident seçkilərinin legitimliyi tanına bilməz. Xüsusilə də nəzərə almalıyıq ki, ötən prezident seçkilərindən sonra da mənfi rəy var idi. Seçkilərdən sonra xatırlayırsınızsa, demokratik dünyanın liderləri öz təbriklərini çox soyuq şəkildə və nəticələr əldə olunandan uzun müddət sonra açıqladılar. Bu müraciətlər də daha çox Şərq Tərəfdaşğılı sammitinə dəvət xarakterli idi».
G.Hacıbəyli vurğuladı ki, bu baxımdan ATƏT-lə münasibətlərin düzəlməsi qarşıdan gələn prezident seçkilərində təşkilatın müşahidə aparmasına hesablanıb. «Hakimiyyət görünür ki, götür-qoy edib. Referendumun da gedişindən anlaşıldı ki, xalq seçkiləri boykot edir. Gözəl bilirik ki, referendumda seçicilərin 10 faizi də iştirak etmədi. Yəni çox aşağı iştirak faizi oldu. Amma Azərbaycanın möcüzələr yaratmağa qadir MSK-sı istər seçkilərin nəticələrini, istərsə də seçici sayını tam dəyişdi. Bu baxımdan yəqin hakimiyyət hesab edir ki, hələ ki, böhran özünün pik həddinə çatmayıb, ABŞ-da perzident seçkiləri bitməyib və ölkə yenidən xarici siyasət məsələlərini prioritetə çevirməyib. Bu fürsətdən yararlanıb, sakit bir şəraitdə vətəndaşların, seçicilərin iştirakı olmadan növbəti seçki keçirmək mümkündür. ATƏT-i dəvət etmək və münasibətləri normalaşdırmaq buna hesablanıb. Böyük ehtimal ilə ATƏT müşahidə missiyasının yenidən məhdudlaşdırılmasına çalışılacaq», deyə G.Hacıbəyli vurğuladı.
Amma G.Hacıbəylinin fikrincə, ATƏT-in də mövqeyi kifayət qədər prinsipial olacaq və təşkilat bu məsələdə digər ölkələrə tətbiq etdiyi demokratiya standartlarından geri çəkilməyəcək.
Xəyal