Pərt olmuş YAP-çılar, qəzəbli sədr

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Bütöv bir xalqı heç sayaraq aparılan siyasətin sonu bu qədər ağır olmalı idi. Yalan və talan legitimləşib Azərbaycan həqiqətinə çevriləndə vəziyyət “yaz gələr, pambıq bitər” məqamına gəlib çıxmalı idi.

Doğrunu söyləyəndə bizə “erməni” deməkdən də çəkinmədilər. Bu ölkəyə sevgimizi bizə qüsur saydılar. Bu ölkə ilə bağlı ən gözəl arzularımıza tənə etdilər, yaltaqların ağzına söz edib,  bizə güldülər: “Bunlara baxın, bu qədər inkişafın qarşısında hələ də qaragüruh kimi qalıblar”. Savadsız, mütaliəsiz, bacarıqsız, ən başlıcası, vicdansız adamlar müdrik görkəm alıb bizə vətənsevərlik dərsi keçdilər. Harada düz söz deyən, gözəl istək söyləyən adam vardısa, hədəf seçildi.

Nəticə budur. Çox acı! Heyf gözəl yurdumuzdan, sevgili ölkəmizdən – neft səltənətindən səfillik məmləkəti olmağa qədəm qoyub. Həm də eyni yanlışla, eyni idarəçiliklə. Hər kəs də bilir ki, bu eyniliklərlə vəziyyət daha da pis olacaq. Cəmil bəy Həsənli demişkən, sərəncamla pambıq bitməyəcək. Ağalıqla inkişaf olmayacaq. Qanunsuzluqla yaxşı günlər görməyəcək bu ölkə. YAP-çıların indiki pərtliyinə, İlham Əliyevin son görüşlərdə səsləndirdiyi qəzəbli çıxışlarına səbəb olan amillər dəyişməyəcək.

İndi hər kəs Azərbaycanın sabahını bir cür təsəvvür edə bilər. Amma bəllidir ki, əksəriyyət bu hakimiyyətlə, bu idarəçiliklə Azərbaycanın sabahını görmür. Duman bürüyüb başları, pambıqla aydınlatmaq mümkünü deyil baxışları.

Hər kəs demokratiyanın sadəcə gözəl söz olmadığını gördü. Yazıq demokratiya! Ona mız qoymağa nə var… Məddah bir yazıçı çıxıb deyir ki, hərc-mərclik bizim nəyimizə lazımdır, ətrafdan da əl çalırlar. Demokratiyanın sözdən, dəyərdən başqa nəyi var ki?!

Ancaq, deyəsən, hamı unutmuşdu onun misilsiz gücünü. Axı onsuz inkişaf olmur. Alınmır. Bir gün qayıdırsan pambıq tarlasına. İmmunitetsiz adama hər yoldan keçən xəstəlik yoluxduğu kimi, demokratiyasız toplumu da iqtisadi böhran bürüyür, üstəlik, bütün sahələr fəsad və çatlar verməyə başlayır.

Demokratiyanın gücü inkişaf amili ola bilməyindədir. Resurs (məsələn, neft) ölkələrinin avtoritar rejimləri bunu bir müddət pərdələyə bilər, amma onun yoxluğundan yaranan problemlər gec-tez gəlir. Bu gün savadsız adam da anlayır ki, ac Gürcüstan niyə neft Azərbaycanından daha yaxşı yaşamağa başlayıb.

Şəxsi maraqlar üçün demokratiyanı hərc-mərclik kimi qələmə verənlər, pambıq çölləri bizi gözləyir!