Ölümə sevda günü…

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

İnsan düşüncələrinin toplusudur. Və hər şeyi bizim yanaşmalarımız həll edir. Biz qızılgülü tikan kimi dərk ediriksə, onun  çiçəklərinin gözəlliyini hiss edə bilmərik.

Eynilə hər hansı bir hadisəyə də yanaşma budur…

Bizim 1400 il bundan əvvəl ərəb qırğını dediyimiz Kərbala hadisəsi də yanaşmalarımızla mənalandırılıb. Gah haqq verib, gah inkar etdiyimiz bu hadisənin mahiyyətini biz ölüm və yasdan ötədə görə bilmirik. İnsanlığın  savaş tarixinin bir parçası halına gətirdiyimiz bu hadisə əslində, nə bir savaşdı, nə də yas tutmamız üçün səbəb…

Bu bir sevda gününün ildönümüdür.

***

Bəlkə də hər şey bir reklamın, ya da təbliğatın  parçası?!

Biz  yüz illər öncə baş vermiş hadisələri də məhz elə bu təbliğatın nəticəsi olaraq  qəbul edirik. Məsələn, hər il fevral  ayının 14-də biz hansısa rahibin bir qadına sevdalanmasını sevgi günü kimi qeyd edirik. Ya da bəlkə o günü bəhanə edib sevgini öyrənə bilmək üçün özümüzə səbəblər uydururuq!?

Yoxsa sevdalanmağa həsrətdir bu günü hələ də yaşadan…

Bəlkə də insan sevgini anlamağa çalışdığı, analiz etməyə başladığı andan onu yaşamaqdan məhrum etdi özünü?

Ya da bəlkə ölümə sevdalanmağı gözə ala bilmədi? Biz “Cəsur ürək” filmində əvvəl heç nəyə qarışmayıb ancaq sevdiyinin ölümündən sonra onu eşqindən məhrum edənin məhz əsarət olduğunu anlayıb azadlığa sevdalanan və  onun üçün ölümə gedən Villisi görəndə də duyğulanırıq.

Amma 1400 il öncə Kərbalada 6 aylıq körpəsini belə özü ilə ölümə götürən Hüseynin savaşını azadlıq aşiqliyi, zülmə qarşı durmaq dirənci və ya Haqqa sevdalanmaq  kimi dəyərləndirə bilmirik.

Bir insana sevdalanmaq azadlığa, ölümə sevdalanmaqdan niyə bu qədər üstün, həyacanverici olsun ki?

Bəlkə də deyil, biz sadəcə təbliğatın qurbanlarıyıq?!

Rahibin bir qadına sevgisi Hüseynin Haqqa sevgisindən yüksək deyildi, bəlkə aşağı da deyildi. O rahib də Haqq deyib təkliyi seçmişdi, amma Haqqın da ona bəxş etdiyi sevdadan Haqq üçün də vaş keçmədi.

Sona qədər sevmək haqqından istifadə etmək istədi.

Və o rahibin günahı  Tanrıya olan sevdasını bir qadına olan eşqə dəyişməsi deyildi.  Eşq adlı yüksək hissi günahdan qoruya bilməməsi idi əsl suçu…

Hüseyninsə sevdası Haqqa idi… Və bu sevdada tək “günah” o idi ki, o insanlığın üstündə idi və sevdası ilə onu da yüksəyə qaldıracağını güman edirdi.

İnsanlıqsa öz yerini çoxdan seçmiş…

Nahaqqın belə ayaqlarının altı…

Bu üzdən də biz Hüseyni anlaya bilmirik, çünki bizim eşq analayışımız da çox insanidir, iki nəfər arasında olandır. Yerlə göyün arasında deyil…

Yer eşqidir bizmkisi…

Hüseyininkisə yerdəkinin göy eşqi idi…

Biz Hüseyinin əməlinə ona görə savaş deyirik ki, sevgimiz sevdalıqdan çıxıb, çox  Yerləşib, Göyün ucalığından çox aşağı enib.

Biz Hüseyinin ölümünə  İsa peyğəmbərin çarmıxa çəkilməsi kimi baxa bilmirik. İsa çarmıxa gedərkən necə getdiysə, Hüseyin də ölümə elə getdi. Xristianlar İsanın xilasına inandı, ona ağlamadı, bizsə Hüseynin ölümünə inanıb ona yas tutduq.

Hüseyninki savaş  deyildi, mesajdı. Biz bu mesajı, zülmə qarşı dayanmağın nə olursa-olsun vacibliyini anlamadıq. Istəmədik bəlkə, çünki anlasaydıq, onun yolunu getməliydik.

Çünki qəlbimiz o sevdanın yükünü qaldırcaq qədər böyük deyil.

Biz sevdanı deyil, yaşamağı seçdik.

***

İnsan qəbul edə bilmədiyini hər zaman inkar edir.

Bizim Hüseyini inkar etməmiz də  qəbul edə bilməməkdən doğur. Bu bir sevdadır ki, bəşər o sevdaya çata bilmədiyindən ağlamağı seçib. Bəlkə biz Hüseyinin ölümünə deyil, sevdamızın ölümünə yas tuturuq?

Bu ölkədə həbsdən, dəyənəkdən qorxub Taleh Bağırzadə və onun tərəfdarlarını həbsxananın  alatoran və soyuq  otaqlarında tək buraxıblar.

Hüseyinin davamçısını tək buraxanların ona ağlamağı necə səmimi ola bilər axı?

Bu gün Aşura deyib ağlayan belə Hüseyini qəbul edən deyil, ehsan verən belə dindar deyil. Olmuş olsaydı, o dindarları Ağır Cinayətlər məhkəməsinin qapısının ağzında görərdik. Orda onların ancaq ailələri var, o ailələri ki, sizlər üçün onlardan belə vaz keçiblər. Sizlər üçün onları təkliyin acısına tərk ediblər. Onlar ailələrini sizə qurban verdi, Taleh Bağırzadə yeni doğulmuş övladına belə dəmir barmaqlıqlar arasından toxundu ilk dəfə… O anda nələr hiss etdi, nələr keçdi ürəyindən, bilmirəm. Tək bildiyim o ki, bəlkə onsuz böyüyəcək oğlunu belə sizə görə atasızlığa məhkum etdi.

Bəs siz nə etdiniz?

Hüseyin sevdalısını tək buraxıb Hüseyin üçün ağladınız?!

Bu gün əllər yuyuldu, dəstamaz almaq üçün… Amma ruhlar yuyulmadı yenə… Allah sizin bu günkü matəm kədərinizi qəbul etdimi əcaba?

Kürdəxanıda soyuq otaqların daş divarlarına belə sizin üçün dua pıçıldayan Hüseyin davamçılarını tək buraxanlar, siz kimsiniz?!

***

Musa Fironun sarayında Allahın varlığını elan edəndə Firon uca bir yerə çıxıb onun harda olduğunu soruşdu.

Bu gün Azərbaycanda Fironun da davamçıları var, amma onlar Allahın harda olduğunu belə soruşmur daha… Çünki onların özlərinin Büt-Tanrısı var. Amma onlar  İblis Tanrı kəlamında qorxduğu kimi,  bu gün Allaha və azadlığa sevdalananlardan qorxurlar.

Bu Fironların  qorxusu Mopassanın “Qorxu” su deyil, heç bir hissin, yeniliyin, təzə vərdişin qarşısında yaşaya biləcəyimiz qorxu da deyil. Miskin, aciz və  nadan qorxudur. O qədər  miskin ki, Nardaran adlı bir kənddə qətliam edib günahsız insanları öldürə,  həbs edə biləcək qədər…

Qorxağın qorxusu da  miskin olur.

Qorxurlar, çünki bu gün azadlığa və haqqa sevdalanmışların dilindən oxunan hər duanın onlara qarşı bir qarğış olduğunun fərqindədirlər.