Nemət Əliyev: “Əksinə valyuta satışı haqqında cəmiyyətin məlumatlandırılması psixoloji gərginliyi aradan qaldırırdı”
Azərbaycanda valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsi dayandırılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankı əvvəlki günlərdən fərqli olaraq oktyabrın 11-də keçirdiyi valyuta hərracında satılan vəsaitin həcmini açıqlamayıb. Bu barədə Dövlət Neft Fondu da məlumat yaymayıb.
Mərkəzi Bankdan bildirilib ki, bu yenilik, hərracların keçirilməsi qaydalarındakı dəyişikliklə bağlıdır. Belə ki, bundan sonra hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanacaq.
Xatırladaq ki, dünən Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərracda ABŞ dollarının son məzənnəsi 1,5986 manat müəyyən olunub. Hərracda dollara tələbatın nə qədər olduğu ə satılan dollar kütləsi barədə məlumatlar isə açıqlanmayıb. (fins.az)
Sentyabr ayında hərraclarda satılan dolların həcmi rekord həddə çatmışdı. Yalnız bu ayda 700 milyon dollar banklara satılmışdı. Bu dəyişiklik nəylə bağlıdır və hansı nəticələr doğura bilər?
İqtisadçı Nemət Əliyev vurğuladı ki, MB-nin bu məlumatı vermək borcudur. Amma qanunvericiliyə dəyişiklik edilib. N.Əliyevin sözlərinə görə, bu dəyişiklik ictimaiyyəti çaşdırır. Əksinə valyuta satışı haqqında cəmiyyətin məlumatlandırılması psixoloji gərginliyi aradan qaldırırdı: “Məlumat verilmirsə deməli bu istiqamətdə hansısa oyunlar gedir. Hazırda dolların dəyər itirməsi iqtisadi proseslərin ziddinədir. Çünki dolların dəyər itirməsi üçün manat dəyər qazanmalı və mövqelərini möhkəmlətməlidir. Ölkəyə xarici valyutanın daxil olmasında artım müşahidə olunmur. Hətta o da ola bilər ki, ümumiyyətlə valyuta satışı həyata keçirilməsin və bu məlumat da ictimaiyyətdən gizlədilsin.Əgər valyuta satışı həyata keçirilibsə, bu barədə məlumat verilməlidir. Bunda bir fayda var”.
N.Əliyev bildirdi ki, əgər valyuta satışı həyata keçirilməyəcəksə və bu barədə də məlumat verilməyəcəksə deməli bir neçə gün ərzində daxili bazarın valyutaya olan tələbatını ödəmək mümkün olmayıb: “Bu qayda dəyişikliyi və valyutaya olan tələbatın ödənilməməsi öz fəsadlarını göstərəcək. Hər bir halda baş verənlər bir daha onu təsdiqləyir ki, Mərkəzi Bankın bazardakı əməliyyatları hamısı sünidir və ölkədən valyuta çıxışının qarşısnı almağa xidmət edir. İnzibatı qayda da həyata keçirilən tədbirlərin heç bir nəticəsi ola bilməz”.
Xəyal